I Nikolayın himayəsində olan şuşalı general


Rusiya imperiyası ordusunda xidmət edən xeyli sayda azərbaycanlılar olub. Sovetlər dönəmində onlar haqqında məlumat demək olar ki, mətbuatda getməyib. Belə şəxsiyyətlərdən biri də Həsən bəy Zərdabi ilə yaxından qohum olan və onu Tiflisdə təhsil aldığı dövrdə himayəsinə götürən, şuşalı general- leytenant Fərəc bəy Ağayevdir.

Turkustan.az "Azərbaycan Ordusu" qəzetinə istinadən xəbər verir ki, general-leytenant Fərəc bəy Ağayev 4 dekabr 1811-ci ildə Qarabağın Şuşa şəhərində bəy ailəsində dünyaya gəlib.

İlk hərbi təhsilini Tiflis kadet korpusunda aldıqdan sonra 1837-ci ildə Qafqaz Əlahiddə Ordusunda müsəlman süvari polkunda xidmətə başlayıb. Xidmətinin 7-ci ilində ən yaxşı qvardiya rotmistri Fərəc bəy eskadron komandiri kimi Peterburqa göndərilib. O, Peterburqda birinci Nikolayın xüsusi qvardiya kazak polkunda leybqvardiya (Rusiya imperatorlarını mühafizə edən xüsusi birlik) komandiri vəzifəsinə təyin olunub.

Fərəc bəyin qeyri-adi hərbi qabiliyyəti və nizam-intizamı I Nikolayın və onun xanımı Mariya Aleksandrovnanın diqqətini cəlb edib və onu şəxsi himayəyə götürüblər (bəzi mənbələrə görə bundan sonra o, "Nikolay Nikolayeviç Ağayev" kimi təqdim olunub).
Uzun müddət Peterburqda Rusiya imperatorunun şəxsi mühafizəçisi olub.
Fərəc bəy Ağayev özünün qeyri-adi hərbi qabiliyyəti və igidliyi sayəsində xidmətinin on ili ərzində "polkovnik" hərbi rütbəsinə yüksəlib. 1850-ci ilə qədər Peterburqda qüsursuz xidmət edən polkovnik F.Ağayev həmin ili Əlahiddə Qafqaz Ordusunun sərəncamına göndərilib.

1853-cü ildə Krım müharibəsi başlananda Fərəc bəy azərbaycanlılardan ibarət süvari alay yaradaraq onlara komandirlik edib. Müxtəlif arxiv sənədləri, komandanlığa göndərilən raport və məktublar göstərir ki, Fərəc bəyin şuşalılardan ibarət süvari polku Kürəkdərə uğrunda gedən döyüşlərdə 60 minlik korpusa qarşı dönməz bir iradə ilə vuruşub. 1854-cü ildə osetinlərdən təşkil olunmuş milis alayı da Fərəc bəyin alayına daxil edilib.

Süvari qoşun dəstəsinin komandiri kimi yüksək vəzifə daşıyan F.Ağayev hərbi xidmətinə və qoşun başçısı kimi göstərdiyi qəhrəmanlığa görə üzərində "Cəsurluğa görə" yazılmış qızıl xəncərlə, çoxlu hərbi ordenlərlə, həmçinin imperator tacı ilə bəzədilmiş birinci dərəcəli "Müqəddəs Anna" ordeni və ikinci dəfə birinci dərəcəli "Müqəddəs Anna" (qılıncla birgə) ordenləri ilə təltif olunub.

1853-56-cı illərdəki sərkərdəlik fəaliyyətinə görə Fərəc bəy Ağayev general-mayor hərbi rütbəsinə layiq görülüb. Müharibə yenicə başlayanda Fərəc bəy Ağayevin başçılığı ilə Qarabağ Azərbaycan süvari dəstəsinin təşkili haqqında Peterburqa məlumat göndərən qraf Vorontsov qeyd edib ki, general-mayor Fərəc bəyin sayəsində könüllü dəstələr tezliklə yığılıb.

40 ilə yaxın orduda qüsursuz xidmət edən Fərəc bəy Ağayev 1882-ci ildə general-leytenant rütbəsində istefaya çıxıb. Ömrünün sonuna kimi Tiflis Xeyriyyə cəmiyyətində çalışan Fərəc bəy 1891-ci ildə 26 noyabrda 80 yaşında Tiflisdə vəfat edib.

Fərəc bəy Ağayev Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin atası Səlim bəyin dayısı olub. H.Zərdabi Tiflisdə təhsil alarkən F.Ağayevin himayəsində yaşayıb. Şamaxı ali ibtidai məktəbini əla qiymətlərlə bitirən H.Zərdabinin təhsilini davam etdirməsində onun əvəzedilməz rolu olub.


MANŞET XƏBƏRLƏRİ