Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Kazanda Azərbaycan Prezidenti ilə Ermənistan baş naziri arasındakı görüşün nəticələri haqqında müsbət proqnozlar verilir...
- Görünən odur ki, Ermənistan növbəti dəfə öz oyunlarına davam edəcək. Ona görə də, erməni tərəfinin prosesə heç də ciddi yanaşdığını düşünmək olmaz. Rəsmi İrəvan yenə öz ampulasındadır. Kazan görüşünün də nəticəsinin digər təmaslar kimi olacağı gözlənilir.
- Görüşün nəticəsi olaraq hər iki ölkənin xarici işlər nazirlərinə müəyyən təlimatlar verildi. Sülh və dövlətlərarası münasibətləri sahmana salmaqla bağlı verilən tapşırıqların nəticəsi olacaqmı?
- Bu, artıq səhv etmirəmsə, xarici işlər nazirlərinə verilən üçüncü təlimatdır. Amma hələ də nəticə yoxdur.
- Rusiyanın ev sahibliyi ilə baş tutmuş bu görüşə fərqli rakursdan yanaşmalar da var...
- Burada hansısa nəticəyə ciddi təsir elementi yoxdur. Proses iki ölkə arasında getməlidir. Sülh sazişinin imzalanması da məhz iki ölkə tərəfindən əldə olacaq razılaşmalara söykənməlidir. Həttə Azərbaycan-Ermənistan sərhədində də belə bir görüşün olması mümkündür. Ona görə də, burada üçüncü tərəfə ehtiyac yoxdur.
- Sərhədlərin delimitasiyası ilə bağlı reqlamentin Azərbaycan və Ermənistan tərəfindən təsdiqlənməsi sülh prosesinə necə təsir edə bilər?
- Bu, irəliyə müsbət mənada atılmış addımdır. Ona görə də Ermənistan burada öz məsuliyyətindən qaçmamalıdır. Rəsmi İrəvan Azərbaycana hüquqi qarantiya verməlidir. Söhbət Ermənistan Konstitusiyasında Azərbaycana qarşı olan ərazi iddialarının aradan qaldırılmasından gedir. Burada Azərbaycana qarşı hansısa bir revanşa yer qoyulmamalıdır.
- ABŞ-ın sülhlə bağlı fəallığı nə dərəcədə təsirlidir?
- Burada üçüncü bir faktora ehtiyac yoxdur. Ona görə də, prosesdə ağırlıq Azərbaycanın tərəfindədir. Bu proses ancaq iki ölkə arasında səmimi danışıqların nəticəsində öz həllini tapacaq.
- Bakı və İrəvan üçüncü tərəf olmadan yekun razılığa gələ biləcəkmi?
- Bu mümkündür. Üçüncü tərəfə ehtiyac yoxdur.
- Amma danışıqlar da uzanır...
- Hansısa üçüncü tərəfin iştirakı bu prosesi sürətləndirməyəcək. Əslində onlar yeni maneələr yarada bilər.
- Ən sonda İrəvanın rəsmi şəkildə ərazi iddialarından imtinası gözlənilirmi?
- Sülhə olan səmimi yanaşma erməni tərəfini real addımlar atmağa sövq edə bilər.