Bir müddət əvvəl jurnalist həmkarlarımızdan əldə etdiyimiz məlumata görə, yaxın günlərdə fransalı müstəqil jurnalist Teofil Simonun (Theophile Simon) Azərbaycana səfəri olmalıydı.
Həmkarlarımız demişdi ki, T.Simon əsasən bu ilin noyabrında Bakıda keçiriləcək COP29, Azərbaycanda ekoloji problemlər və digər məsələlərlə maraqlanacaq və məlumat toplamaq üçün əsasən müxalifyönlü jurnalistlərlə, QHT təmsilçiləri ilə görüşəcək. Onun artıq bir sıra şəxslərlə əlaqə saxladığı və görüşlər barədə vədələşdiyi, səfər zamanı həmin jurnalistlərin məlumat toplamaqda T.Simona yardım göstərəcəyi həmkarımızın verdiyi məlumatlar sırasında idi.
Bu gün (03.08.2024) səhər isə həmkarımız bizə bildirdi ki, Teofil Simon artıq səhər saatlarında Bakıya gəlib və görüşəcəyi şəxslərlə əlaqə saxlayıb.
Hazırda Fransa ilə Azərbaycan arasında münasibətlərin heç də ürəkaçan olmadığını, Parisin Azərbaycana qarşı təxribat ssenarilərində jurnalistlərin, vətəndaş cəmiyyəti təmsilçilərinin də yer ala biləcəyi ehtimalını nəzərə alaraq, məsələni araşdırmağa çalışdıq.
Əldə etdiyimiz məlumat belə oldu ki, T.Simon müxtəlif media orqanları ilə (yalnız media orqanlarımı? – red.) əməkdaşlıq çərçivəsində ayrı-ayrı ölkələrə səfərlər edir, orada diqqəti cəlb edən problemlər barədə məlumatlar toplayır, sonra isə material hazırlayıb yayır.
Teofil Simon
İnternet vasitəsilə araşdırmamız nəticəsində T.Simon haqqında çox da geniş olmayan məlumatlar əldə etdik. Belə ki, o, Fransa vətəndaşıdır, Paris-Dauphine Universitetini maliyyə və iqtisadiyyat ixtisası üzrə bitirib. Əvvəllər müxtəlif qaynar nöqtələrdə, xüsusən də Ukraynada müharibə zamanı bir neçə fransızdilli media üçün materiallar hazırlayıb. T.Simonun İsrail-Fələstin qarşıdurması, Keniyada yoxsul insanların durumu və digər araşdırmalarına da rast gəldik. Onun “Amnesty İnternational” təşkilatı ilə sıx bağlı olduğu da əldə etdiyimiz məlumatlar sırasındadır. T.Simon “Amnesty İnternational”la əməkdaşlığa 2022-ci ildə başlayıb.
Məlumatlar onu deməyə əsas verir ki, T.Simonun Azərbaycana səfəri heç də adi jurnalist marağından irəli gəlmir. Çox böyük ehtimal ki, o, Azərbaycanda COP29-a hazırlıq adı altında Bakıda keçiriləcək bu mühüm tədbirin gözdən salınması üçün, ekoloji problemlər barədə məlumatlar toplayacaq. Müxalifyönlü şəxslərlə təması isə onu deməyə əsas verir ki, Simonun maraq dairəsi təkcə bununla məhdudlaşmayacaq və problemli məsələlərin zənciri daha da uzanacaq. Bundan başqa, Fransanın ənənəvi ermənipərəstliyini nəzərə alaraq, T.Simonun həm də hazırda Azərbaycanda həbsdə olan separatçı ermənilərlə maraqlanacağı və məlumat əldə etməyə çalışacağı, Azərbaycanda ermənilərə neqativ münasibəti və işğaldan azad olunmuş ərazilərdə guya ermənilərin mədəniyyət abidələrinin dağıdıldığı kimi məsələləri qabartmaq üçün “faktlar” toplayacağı da istisna olunmur.
Digər mühüm bir məsələ isə, hazırda Azərbaycanın Fransa neokolonializminə qarşı mübarizədə fəallığı məsələsi ola bilər. T.Simonun Azərbaycanda bu barədə gələcək planlar, Bakı Təşəbbüs Qrupunun fəaliyyəti və s. məsələlər barədə məlumat toplamağa çalışacağı da nəzərdən qaçmamalıdır.
Görünən odur ki, T.Simonun Azərbaycana səfəri məqsədlidir, çox böyük ehtimal ki, Fransa xüsusi xidmət orqanları tərəfindən istiqamətləndirilir və daha çox kəşfiyyat xarakteri daşıyır. Bu məsələ Azərbaycanın aidiyyəti orqanlarının diqqətini cəlb etməyə bilməz. /globalinfo.az/