Qusman getdi, TASS erməniləşdi: Rusiya dövlət agentliyi Xankəndiyə “Stepanakert” dedi


Rusiya dövlət informasiya agentliyi TASS-ın redaksiya siyasətində diqqətçəkən dəyişiklik baş verib.

Turkustan.az Musavat.com-a istinadən xəbər verir ki, uzun illər agentliyin rəhbərliyində yer alan və Azərbaycan mənşəli tanınmış media fiquru Mixail Qusmanın vəzifədən uzaqlaşdırılmasından dərhal sonra “Xankəndi” toponimi agentliyin xəbərlərindən çıxarılıb və əvəzində erməni separatçılarının istifadə etdiyi “Stepanakert” adı yenidən dövriyyəyə buraxılıb.

Bu, təkcə texniki dəyişiklik deyil, Rusiya mediasının Azərbaycana qarşı ideoloji mövqe sərgiləməsinin bariz nümunəsidir. TASS – sıradan media qurumu deyil, Kremlin rəsmi informasiya ruporudur. Onun bu cür simvolik addımları Moskvanın Azərbaycanla informasiya savaşı taktikasını dərinləşdirdiyini göstərir.

Musavat.com bir daha bildirir ki, Azərbaycan torpaqlarında “Stepanakert” adlı şəhər yoxdur. Bu ad erməni silahlı dəstələrinin lideri, türk qatili Stepan Şaumyanın adını daşıyır və Azərbaycan xalqına qarşı həyata keçirilmiş tarixi zorakılıq və işğalçılığın simvoludur. İndi, Azərbaycan Xankəndini işğaldan azad etmişkən və şəhər üzərində tam suverenlik bərpa olunmuşkən, Rusiya dövlət agentliyinin bu adı yenidən dövriyyəyə salması Kremldən gələn açıq təxribatdır.

7b5c7d18-b283-401c-b0de-26065cd6a576.jpeg (67 KB)

Bu dəyişiklik təsadüfi deyil – Ermənistanda rəsmi dairələr belə artıq “Xankəndi” adından istifadəyə başlayıblar, yeni regional reallığı qəbul edirlər. Lakin Rusiya – xüsusilə də TASS kimi dövlətə bağlı strukturlar – bu reallığı qəbul etməməkdə israrlıdır. Bu, yalnız redaksiya seçimi deyil, Kreml ideoloqlarının Azərbaycana qarşı qərəzli mövqeyinin bariz göstəricisidir.

Bu addım eyni zamanda Moskvanın Azərbaycanla normallaşma prosesində maraqlı olmadığını, əksinə, narazılığı tətikləməyə, gərginliyi diri saxlamağa çalışdığını göstərir. Azərbaycan ictimaiyyətində Rusiya ilə bağlı formalaşmış etimadsızlıq mühitini daha da dərinləşdirən bu cür informasiya sabotajları Moskvanın ikili standart siyasətinin davamıdır.

Musavat.com-a görə:

– TASS-ın “Stepanakert” israrı bir mətbuat səhvi deyil, ideoloji mövqedir.

– Bu, Rusiya-Azərbaycan münasibətlərinə zərbə vurur və informasiya müharibəsinin açıq təzahürüdür.

– Azərbaycan dövləti və ictimaiyyəti bu cür provokasiyalara biganə qalmamalı, rəsmi və qeyri -rəsmi şəkildə etiraz bildirməlidir.

Rusiya Azərbaycanla strateji tərəfdaş olduğunu iddia edirsə, ilk növbədə onun suverenliyinə, rəsmi toponimlərinə və ərazi bütövlüyünə hörmət etməlidir. Əks halda, bu cür informativ təxribatlar regionda yeni etimad böhranlarına yol açacaq.


MANŞET XƏBƏRLƏRİ