Azərbaycan ictimai-fəlsəfi fikir tarixinə töhfə vermiş qadınlar: Xurşudbanu Natəvan


I yazı

Faiq Ələkbərli

Qarabağ xanlarının nəslindən olan Xurşidbanu Natəvan (1832-1897) 1832-ci il avqustun 15-də Şuşada, Qarabağın son xanı Mehdiqulu xan Cavanşirin ailəsində dünyaya gəlmişdir. Xalq arasında "Xan qızı" ləqəbi ilə tanınan Natəvan saray tərbiyəsi gormüş, dövrün tanınmış alim və sənətkarlarından dərs almışdır. Güney Azərbaycanımızdan olan alim-tədqiqatçı Məhəmməd Rza Kərimi yazır ki, Natəvan ibtidai təhsilini ev müəllimlərinin yanında almış, ana dili ilə bərabər fars və ərəb dillərini öyrənmiş, Şərq klassiklərinin əsərləri ilə yaxından tanış olmuşdur. 20-ci əsrin əvvəllərində yaşamış tanınmış Azərbaycan Türk mütəfəkkiri Firudin bəy Köçərli özünün məşhur "Azərbaycan türklərinin ədəbiyyatı" əsərində Natəvanın tərcümeyi-halından və əsərlərindən geniş şəkildə bəhs etmişdir. O, yazırdı: "Mərhumeyi-məğfurə validi-əmcədinin vəfatından sonra atasının yerində əyləşib, bir müddət artıq təntənə ilə atası kimi cəmi Qarabağa xanlıq elədi. Əvvəlcə Dağıstan nücəbalarından knyaz Xasay cənablarına ərə gedib və ondan iki nəfər övladı olubdur". Xurşidbanu Natəvanın gənc yaşlarında çarlığın etibar etdiyi dağıstanlı knyaz Xasay xan Usmiyevlə evlənmək məcburiyyətində qalmasına əsas səbəb çarizmin onun Qarabağ bəylərindən biriylə ailə qurmasını özü üçün təhlükəli hesab etməsi idi. Hər halda Mehdiqulu xan Cavanşirin ölümündən sonra (1845) Qarabağ xanlığının başına keçən Natəvanın Quzey Azərbaycan xanlarının varislərindən biri ilə evlənməsi çar Rusiyasının rəhbərliyi tərəfindən üçün doğru sayılmamışdır. Bu baxımdan Qarabağ xanlığının yenidən dirçəlməməsi üçün çar Rusiyası Xurşidbanu Natəvanın dağıstanlı bir knyazla ailə qurmasını daha məqbul hesab etmişdir.

Xasay xanın qulluğu ilə əlaqədar olaraq dörd-beş ilə yaxın Tiflisdə yaşaması, Xurşidbanunun burada şair və rəssam kimi formalaşmasına böyük təsir göstərmişdir. Tiflis mühiti Xan qızına Qafqazın çoxmillətli mədəniyyəti ilə tanış olmaq və ondan bəhrələnmək imkanı yaratmışdır. Natəvan bu şəhərdə rus, gürcü mədəni cəmiyyətlərinə qoşulmuş, özü də milli ənənəsi, kübarlara məxsus davranışı və üç dildə sərbəst danışması ilə bu cəmiyyətlərdə maraq oyatmışdır. Ümumiyyətlə, bir sıra vilayət və şəhərlərə səyahətə çıxması Xurşidbanunun təfəkkür dairəsinin genişlənməsinə, dünyagörüşünün artmasına təkan vermişdir. Vladiqafqaza, Dağıstana, Şirvana, Bakıya, Gəncəyə və Naxçıvana səfər zamanı o, çarizmin ucqarlarda yeritdiyi müstəmləkə siyasətinin şahidi olmuş, yüksək rütbəli dövlət qulluqçuları, yazıçı, alim və səyyahlarla görüşmüşdür.

1858-ci ildə Bakıda məşhur fransiz yazıçısı Aleksandr Düma ilə X. Natəvanın görüşdüyü də məlumdur. Xasay xanın fransız dilində "əsil parisli kimi" danışması, Natəvanın isə özünü təhsilli, dünyagörüşlü Azərbaycan Türk xanımı kimi aparması Düma və digər qonaqların diqqətinə səbəb olmuşdur. Natəvanın Bakıdan Şıx kəndinə daş yol çəkdirməsi haqqında ilk məlumatı da Aleksandr Düma özünün "Qafqaza səyahət" kitabında vermişdir.

1864-cü ildə Xasay xanın ailəsini atıb getməsi və Knyaz Loris-Melikovla münaqişə nəticəsində sürgünə göndərilərək, 1866-cı ildə orada özünü öldürməsi, Xurşidbanuya boşanmaq üçün qanuni əsas vermişdir. Şairin camaat arasına uzüaçıq çıxması, şeirə, rəsmə və musiqiyə həvəs göstərməsi din xadimlərinin xoşuna gəlməmişdir. Xurşidbanu tənə və məzəmmətlərə son qoymaq üçün 1869-cu ildə Seyid Hüseyn Ağamirov adlı bir şuşalı ilə ailə qurmuşdur. Düşmənləri Natəvanın ailə üzvləri arasında təfriqə salıb, böyük oğlu Mehdiqulu xanın evdən başgötürərək, uzaq vilayətlərə getməsinə müvəffəq olmuşdular. Bunun ardınca 16-17 yaşlı oğlu Mir Abbasın ölümü Xurşidbanunu çəkilməz dərdlərə, məşəqqətlərə düçar etmişdir. Oğul dağına tablaşmadığından Natəvanın səhhəti pozulmuş, bir müddət xəstə yatmış, nisbətən sağalıb ayağa qalxdıqdan sonra da ruhi iztirablar, üzüntülər Xurşidbanunu rahat buraxmamışdır.

Artıq 1870-1880-ci illərdə onun hayatında və yaradıcı¬lığında yeni mərhələ başlamışdır. Şair maarifləndirmənin, mədəniyyətin yayılmasına öz töhfəsini vermiş, ictimai-mədəni tədbirlərdə fəal iştirak etmışdir. Bu illərdə o, əsas diqqəti 18 kənddən, bir neçə yaylaq və zavoddan ibarət təsərrüfatı nizama salmaq və onu yeni qaydada idarə etmək işinə yönəltmiş, yollar çəkilməsinə, körpülər salınmasına, məktəb binası tikilməsinə illik gəlirdən xüsusi fond ayırmışdır. Natəvanı Qarabağın abadlaşdırılması, Şuşanın mədəni görkəm alması, maarifləndirmə və digər məsələləri ciddi düşündürmüşdür. Azərbaycan Türk mütəfəkkiri Mir Möhsün Nəvvab "Təzkireyi-Nəvvab" əsərində X.Natəvanın yaradıcılığına yer verməklə yanaşı, onun xeyriyyəçiliyini də qeyd etmişdir. Nəvvab yazırdı: "O, həmişə səxavət və xeyriyyə mənbəyi olan, hörmətli nəsli və əcdadı kimi ehsanlar vermişdir. Xüsusilə 1291-ci ildə (miladi 1872-1873) Şuşa şəhəri əhalisi üçün verdiyi ehsan ondan ibarətdir ki, şəhərin qərb hissəsindən (Şuşaya) daxil edib. Suyu saxlamaq üçün böyük və möhkəm bir anbar tikdiribdir. Şəhər əhalisinin istirahət və gəzintisi üçün cənnət kimi bir bağ saldırdı". Doğrudan da o,1873-cü ildə yüz min manat sərf edərək, yeddi kilometrlik məsafədən sıldırım qayaların döşü ilə Şuşaya içməli su çəkdirmiş, Şuşada bağ saldırmış, uşaqların təhsil almasına çalışmış və digər xeyriyyəçilik işləri ilə məşğul olmuşdur. Bu baxımdan 1875-ci ilin payızında Şuşa şəhərində "Şuşa" xeyriyyə cəmiyyəti tərəfindən əsası qoyulmuş qız məktəbinin yaranmasında da, Natəvanın müəyyən rol oynamasını istisna etmirik. Tanınmış Azərbaycan Türk mütəfəkkiri Hüseyn Baykara yazırdı ki, həmin dövrdə Şuşada qızlar üçün məktəbin açılmasında "Şuşa" xeyriyyə cəmiyyəti böyük rol oynamışdı.

O, 1897-ci il oktyabr ayının 2-də Şuşada vəfat etmişdir. Dəfn mərasimində iştirak edən camaat hörmət əlaməti olaraq, şairənin cənazəsini Şuşadan Ağdama qədər piyada aparmış, Xan qızı Ağdamda "Imarət" deyilən ailə qəbiristanlığında dəfn olunmuşdur. Şairin ölümü təkcə Azərbaycanın yox, bütün Qafqazın qabaqcıl, maarifpərvər adamlarını kədərləndirmişdir. Bu münasibətlə "Qafqaz", "Tərcüman" və başqa qəzetlərdə nekroloqlar və Natəvanın həyat fəaliyyəti haqqında yazılar dərc edilmişdir. Xurşidbanunun vəfatı şairlər tərəfindən "ədəbiyyat aləminə üz vermiş fəlakət", şeir məclisində "günəşin batması" kimi obrazlı ifadələrlə qələmə alınmışdır.

Natəvan yaşadığı dönəmin içində öncəliklə, bir qadın lider olaraq yaşadığı problemlərlə mübarizə etmiş, eyni zamanda xanlığın idarə edilməsində bir sıra isalahatlar aparmağa çalışmışdır. Natəvan Qarabağ Xanlığının son varisi kimi həm Şuşa şəhəri və ətraf ərazilərin idarəçiliyi ilə məşğul olmuş, həm də Şuşada "Məclisi üns" (1864-1897) ədəbi məclisinin inkişafında mühüm rol oynayaraq burada ictimai-fəlsəfi məzmunlu şeirlərin müzakirəsini təşkil etmişdir. "Azərbaycan tarixi" çoxcildliyinin 4-cü cildində yazılır ki, "Məclisi-üns" 1864-cü ildə Şuşada Mirzə Rəhim Fəna tərəfindən təşkil edilmişdi: "1872-ci ildə görkəmli şairə Xurşidbanu Natəvan (1832-1897) məclisə qoşulduqdan sonra onun üzvlərinin sayı daha da artmış, fəaliyyəti geniş və müntəzəm şəkil almış və bütün ölkədə şöhrət tapmışdır. "Məclisi-üns"ün Natəvan, Mirzə Rəhim Fəna, Mirzə Ələsgər Növrəs, Mirzə Həsən Yüzbaşov, Mömobey Məmai və baqşa üzvləri var idi". Ancaq bəzi tədqiqatçılar yazırlar ki, 1872-ci ildə Xurşidbanunun təşəbbüsü və maddi yardımı ilə əsası qoyulan "Məclisi-üns" ədəbi məclisi öz ətrafına otuza yaxın şair toplamışdır. Məhəmməd Rza Kərimi də yazır ki, Natəvan Şuşada "Məclisi-üns" adlı ədəbi məclis yaratmış və ona rəhbərlik etmişdir: "Bu ədəbi məclis Azərbaycan ədəbiyyatı və mədəniyyətinin inkişafında özünəməxsus rol oynamışdır. Çünki o, bir nümunə rolu oynadı və çox keçmədi ki, Azərbaycanın başqa yerlərində də ona oxşar məclislər yarandı və fəaliyyət göstərdi". Bizcə, Natəvan "Məclisi-üns"ün inkişafında və fəallığında mühüm rol oynamış, anca ona qədər həmin məclis bir qədər zəif şəkildə də olsa, mövcud olmuşdur.

MEDİA Agentliyi

Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

QEYD: Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur


MANŞET XƏBƏRLƏRİ