Faşizm üzərində qələbənin belə qalmaqallı və ziddiyyətli yubiley ildönümü hələ olmamışdı. Səbəbi məlum: özünü faşizmin qurbanı hesab edən Rusiya 4-cü ildir qonşu Ukraynaya qarşı işğalçı müharibə aparır. “Güclü həmişə haqlıdır” iddiasını isbatlamağa çalışır.
O üzdən Moskva dünyanın əksər hissəsini özünə düşmən edib. O ayrı məsələ ki, kimi bunu açıq şəkildə büruzə verir, kimi ürəyində etiraz bildirir, kimi də vaxtaşırı öz davranışı ilə Rusiyanın haqsız olduğuna diqqət yönəltməyə çalışır...
80 illiklə bağlı Moskvada keçirilən parad bu xüsusda əlbəttə ki, Rusiya üçün ən əvvəl siyasi anlam daşıyırdı, özünütəbliğ üçün, haqlı olduğunu göstərmək üçün bir növ unikal fürsət qismində idi. Eyni zamanda, Vladimir Putinin bol olmayan dost-tərəfdaşlarının səfini nümayiş etdirmək baxımından çox vacib idi.
Bu hansı ölkələr idi, hamı gördü. Hərgah klassik anlamda Rusiyanın dost-müttəfiqi olmur. Özündən savayı...
Qonaqlar arasında yeri ən narahat olan isə sözsüz ki, Ermənistan baş naziri Nikol Paşinyan idi - Pitinin mehriban düşməni. Ona görə ki, Rusiya paytaxtına öz xoşu yox, konyuktur maraqların, “iki stul” siyasətinin diktəsi ilə getmişdi. Nikol güman ki, həm də Azərbaycan lideri İlham Əliyevin 9 mayda Moskvada olacağından yana bu qərarı vermişdi...
Ancaq maraqlıdır ki, Paşinyan mayın 9-da Moskvada olsa da, Ermənistan hərbi kontingenti parada qatılmamışdı. Bu barədə danışan hökumət sözçüsü Nazeli Baqdasaryan qısaca belə deyib ki, Rusiyaya hərbçi göndərmək məqsədəuyğun hesab olunmayıb.
Azərbaycan isə əksinə, prezident İlham Əliyev Moskvaya getməsə də, komandolardan ibarət kontingentimiz paradda iştirak etdi və meydandan ən birinci keçdi. Niyə məhz komandos qüvvələri?
İstisna deyil ki, rəsmi Bakı bununla hər şeydən əvvəl ordu quruculuğumuzun modern və yüksək səviyyədə olması, o sırada yeni komando qüvvələrimiz barədə düşmən və qeyri-dost paytaxtlara, özəlliklə Ermənistana, onu silahlandıranlara aydın mesaj vermək istəyib. MDB məkanındakı yeganə qalib ordunun, qalib dövlətin ismarışını çatdırıb.
İkincisi, bəlli ki, komando birləşmələri Türkiyə ilə sıx əməkdaşlıq nəticəsində reallaşan unikal layihədir. Başqa sözlə, bu, həmçinin regional supergüc kimi qardaş dövlətin yanımızda olduğu barədə, Şuşa Bəyannaməsi haqda məlum ünvanlara göndərilən çəkindirici ismarışdır. O Türkiyə ki, Azərbaycan onunla hər il çoxsaylı hərbi təlimlər keçirir, ümumiyyətlə, silahlı qüvvələrimizin Türkiyə tipli orduya keçidi faktiki tamamlanmaq üzədir.
Yəni hansısa bəd niyyətli qüvvə, mərkəz Azərbaycanı yalqız saymasın. Bizi tənha bilib üstümüzə gəlmək istəsə, iki dəfə düşünsün. Odur ki, Paşinyanın Moskvaya gedib Azərbaycan Prezidentinin isə getməməsini ermənilər avantaj saymağa tələsməsinlər. Nikol Paşinyan və Putin paradda İlham Əliyevi görməsələr də, önlərindən qürurla keçib gedən komandolarmızı çox yaxşı gördülər. Görməyə bilməzdilər. Hələlik bu da kifayətdir.../Musavat.com