Tədqiqatçılar insan duyğularını dərhal hiss edə bilən heyvanı aşkara çıxarıblar


Pişiklərin və ya itlərin insan duyğularını hiss etmə qabiliyyəti illərdir ki, elmi araşdırmaların, tədqiqatçılarının əsas mövzusu olub. Emosional həssaslıqla yanaşı, sədaqətləri ilə də tanınan itlər " insanın ən yaxşı dostu" hesab edilir. Bununla yanaşı, son araşdırmalar insan duyğularını dərhal hiss edə bilən daha bir növ heyvanı aşkar ediblər.Türküstan.az xəbər verir ki, Fransadan əldə olunan bir araşdırma göstərib ki, atlar qoxu vasitəsilə insan qorxusunu aşkar edə bilirlər. Fransanın Tur Universitetinin tədqiqatçıları tərəfindən aparılan araşdırma nəticəsində məlum olub ki, atlar insan təri ilə emosional siqnallara cavab verir. Belə ki, araşdırma zamanı qorxu və ya xoşbəxtliyi əks etdirən videolara baxan insanların qoltuqlarının altına pambıq yastıqcıqları qoyulub. Sonra yastıqcıqlar 43 dişi atın burnuna aparılıb və nəticədə davranış dəyişiklikləri müşahidə edilib. Qorxu ilə əlaqəli qoxu nümunələrinə məruz qalan atlar artan ürək dərəcəsini göstərib. Onlar həmçinin gözlənilməz stimullardan daha asan çaşmaq, uzun müddət tanımadığı obyektlərə baxmaq və insanlara yaxınlaşmaq istəməmək kimi digər reaksiyalar da nümayiş etdiriblər. Əksinə, xoşbəxtlik və ya neytrallıqla əlaqəli qoxu nümunələrinə məruz qalan atlar daha sakit davranış nümayiş etdirib.

İnsan tərindəki kimyəvi dəyişikliklər heyvanlar tərəfindən aşkar edilə bilərmi?

Araşdırmalara görə insan orqanizmi qorxu zamanı adrenalin və kortizol kimi stress hormonları ifraz edir. Hormonlardakı bu artım tərin kimyəvi tərkibini dəyişdirir, uçucu üzvi birləşmələrdən ibarət fərqli qoxu profili yaranır.

Aldehidlər, ketonlar, yağ turşuları və steroid tərkibli birləşmələr qorxu ilə əlaqəli tər nümunələrində daha yüksək konsentrasiyalarda tapılıb. Nəticədə insan burnunun təsbit etməsi üçün çətin olan bu kimyəvi dəyişiklikləri həssas qoxu hissləri olan heyvanlar qəbul edə bilir. Tədqiqatçılar onu da qeyd ediblər ki, atlar itlər kimi fiziki təmas və ya üz ifadələri olmadan yalnız qoxu vasitəsilə insan duyğularını dərhal ayırd edə bilir.

İtlərdən fərqli olaraq, atlarda bu hissiyat sağ qalmaqla bağlıdır!

Tədqiqatçılar itlərin insan duyğularını qavramaq qabiliyyətini əhliləşdirmə prosesi ilə əlaqələndirirlər. Atlar üçün bu qabiliyyətin onların sağ qalmaq refleksi ilə birbaşa əlaqəli olduğu deyilir. Təhlükəni təbii mühitdə erkən aşkar etmək zərurəti atları ətrafındakı stress siqnallarına qarşı daha həssas etmiş ola bilər. Lakin elm adamları vurğulayıblar ki, insanlar şüursuz şəkildə öz duyğularını heyvanlara ötürə bilirlər və bunun müqabilində heyvanlar öz emosional reaksiyalarını dəyişirlər.

Tahirə Nur


MANŞET XƏBƏRLƏRİ