Azərbaycanda meymunçiçəyi infeksiyasına yoluxma qeydə alınmasa da, aidiyyəti qurumlar tərəfindən ilkin profilaktik tədbirlər görülür. Artıq ölkəmizə meymunçiçəyi virusunun laborator müayinəsi üçün testlər və xəstəliyə qarşı lazımi dərman preparatları gətirilib.
Bəs meymunçiçəyi virusundan qorunmaq üçün nə etməliyik? Onun koronavirusdan fərqi nədir?
Məsələ ilə bağlı infeksionist-hepatoloq Mərdan Əliyev Bakupost.az –a açıqlama verib.
Onun sözlərinə görə, bu virusdan qorunmaq çox asandır:
“Meymunçiçəyi koronavirusdan tamam fərqlənir. Meymunçiçəyinə yoluxan adam kənardan bilinir. Əllərində, üzündə səpgilər olur. Bu səpgilər isə yoluxdurucudur. Meymunçiçəyi xəstəliyi təmas yolu ilə keçir. Koronavirusda olduğu kimi asimptomatik şəkildə yoluxucu olmur. Yəni koronavirusda simptomsuz xəstələrlə qarşılaşa bilirdik. Belə xəstələr heç bir əlamət olmadan virusu asanlıqla yayır, başqalarını yoluxdururdu. Amma meymunçiçəyində belə hal yoxdur. Simptomsuz xəstələr olmur. Simptom isə əsasən, dəri səpgiləridir. Səpgilər kənardan açıq-aydın görünür”.
Həkim bildirib ki, şübhəli şəxslərlə təmasdan qaçmaq lazımdır:
"Əl-ələ görüşmək, cinsi əlaqə, öpmək və qucaqlaşmaq kimi hallarda yoluxmaq mümkündür. Koronavirusda 1 metr məsafəni qorumalı idiksə, bu xəstəlikdə belə bir hal yoxdur”.
Qeyd edək ki, meymunçiçəyinin insana ilk yoluxma halı 1970-ci ildə qeydə alınsa da, dünya bu virusdan daha çox 2022-ci il epidemiyası zamanı xəbər tutub.
Mpox virusu yeni xəstəlik deyil. Meymunlarda 1958-ci ildə aşkarlandıqdan sonra insanlarda ilk yoluxma halı Konqo Demokratik Respublikasında baş verib. Bundan sonra Nigeriya və Konqo başda olmaqla Mərkəzi və Qərbi Afrikadakı 11 ölkədə bu xəstəlik yayılmağa davam edib.
Virus ilin əvvəlindən bəri Konqo Demokratik Respublikasında həm böyüklərdə, həm də uşaqlarda (Clade Ia və Ib) 14 000-dən çox yoluxma halı aşkarlanıb və 500-dən çox ölümə səbəb olub.