Avqustun 15-dən etibarən Azərbaycanda genişzolaqlı internet tarifləri üzrə sürət və ödəniş məbləğinə dəyişiklik edilib.
Belə ki, GPON (Gigabit Passive Optical Network – Gigabit tutumlu Passiv Optik Şəbəkə) tarifləri üzrə təqdim olunan sürətlər 2.5 dəfə (40 Mbit/s internet sürətini 100 Mbit/s-yə, 60 Mbit/s internet sürətini 150 Mbit/s-yə və 100 Mbit/s sürətini isə 250 Mbit/s-yə qədər) artırılıb.
Yeni sürət tariflərində abunəçilər üçün minimal sürət 100 Mbit/s-dən başlayır. Abunəçilərə 100 Mbit/s internet üçün 25 AZN, 150 Mbit/s internet üçün 30 AZN, 250 Mbit/s internet üçün 36 AZN qiymət təklif edilir.
Lakin istifadəçilər sürətin aşağı, qiymətin baha olduğunu bildirir.
İstifadəçilər daha aşağı sürətdə, daha aşağı qiymətə internet almaq istəsə də, provayderlər bu şansı yaratmayıb. Yəni, bir şərt qoyulub və istifadəçi üçün əlavə şans verilməyib.
Bəs istifadəçilər bu halda məhkəmə qarşısında iddia qaldıra və internetin sürətinin aşağı salınması şərtilə daha ucuz qiymətə ala bilərmi?
Vəkil Ruslan Mustafayev "Cebheinfo.az"-a açıqlamasında deyib ki, iddia qaldırmaq istəyən şəxs istənilən formada, istənilən mövzuda məhkəməyə müraciət edə bilər:
"Amma müəyyən kateqoriya işlər var ki, o işlərdə xüsusi tələblərə riayət olunmalıdır ki, məhkəmə o işi icraata götürə bilsin. Bu, xidmət sahəsidir. Təəssüf ki, bizdə internet provayderlərin sayı azdır və rəqabət yoxdur. Rəqabət olmadığı üçün istədikləri şərtlər əsasında xidmətləri sata bilirlər.
Amma burada texniki məsələlər də var, onlar araşdırılmalıdır. O provayder şirkətinin vətəndaşın istəyinə uyğun xidməti göstərmək imkanları varmı? 100 Mbit/s sürətlə daha aşağı qiymətə satmaq imkanları varmı? İnternet provayderləri o interneti alır, sadəcə ötürücü rol oynayır, ona görə də aldıqları qiymətə uyğun məbləğ qoyurlar".
Vəkil qeyd edib ki, burada vətəndaşın xeyrinə qərarın çıxarılması qeyri-mümkündür:
"Xidmət sahəsi müqavilə əsasında fəaliyyət göstərir. Biz istədiyimiz xidmət sahəsi ilə onun şərtləri əsasında müqavilə imzalaya və ya bağlamaya bilərik. Provayderi heç kim vətəndaşla müqavilə bağlamağa məcbur edə bilməz. Mən 30 manata razılaşmaya bilərəm.
Təəssüf ki, qanunvericilikdə bu şərtləri dəyişmək imkanları yoxdur.
Bildirim ki, bu xidmət sahəsidir. Belə olduğu halda, vətəndaşın xeyrinə qərarın çıxarılması qeyri-mümkündür".