Narkoman taksi sürücüləri: Bakıda onların sayı sürətlə artır... - Açıqlama


Son günlər narkotik istifadə edən sürücülərin sayının artdığı müşahidə olunur.

Belə ki, dekabrın 16-da Yol hərəkəti qaydalarını pozduğuna görə saxlanılan taksi sürücüsünün narkotik vasitənin təsiri altında sükan arxasına keçdiyi məlum olub. Bu barədə Baş DYP İdarəsi məlumat yayıb. Cəmiyyəti narahat edən əsas məqam təhlükəsizlik məsələsidir.

Bəs bu necə tənzimlənməlidir?

Məsələ ilə bağlı Yol Hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov bildirib ki, əgər taksi xidmətlərinin yüksək keyfiyyətli, təhlükəsiz, səriştəli olmasını, eyni zamanda belə xoşagəlməz hallarla qarşılaşmaq istəmirksə, öncə qüvvədə olan qanunvericiliyi təkmilləşdirmək lazımdır:

"Taksi fəaliyyətinin qanun çərçivəsinə salınması istiqamətində konkret addımlar atılmalıdır. Qanunvericilikdə isə əsas diqqət taksi sürücüsü statusu qazanmağa yönəlməlidir. Bu gün sürücünün fərqlənmə nişanı vergi ödənilməsini təsdiq edən sənəddir. Vətəndaş vergisini ödədikdən sonra sərnişin daşımalarla məşğul ola bilir. Lakin onun verilməsi qaydası dəyişilməlidir ki, fərqlənmə nişanı almağa gələn sürücü həmin tələblərə cavab versin. Sürücü və avtomobili Nazirlər Kabinetinin qərarına, dövlət standartına, avtomobil nəqliyyatı haqqında qanunlara uyğun olmalıdır. Bunları təsdiq edən sənədlər yoxdursa, fərqlənmə nişanı verilməməlidir. İndi ən ciddi məsələ sürücünün xüsusi hazırlıq keçməsi ilə bağlıdır. Həmçinin sürücüdən sağlamlıq haqqında arayış və həmin arayışı alarkən narkoloji yoxlanmadan keçməsilə bağlı sənəd olmalıdır. Bəlkə doğurdan da həmin sürücü xroniki narkomandır?

Təbii ki, bu aşkarlanarsa onun nəyinki sükan arxasında oturmağa, heç motosiklet sürməyə belə icazəsi yoxdur. Bu qaydalar təkmilləşəndən sonra praktikada tətbiq olunmalıdır.

Həmçinin taksi şirkətlərinin üzərinə öhdəlik qoyulmalıdır ki, fərqlənmə nişanı və qanunda göstərilən tələblərə uyğun olmayan heç bir sürücünü işə qəbul etməsinlər. Əgər cəlb etsələr həmin şirkət barəsində böyük məbləğdə cərimələr tətbiq olunsun. Bu gün fəaliyyət göstərən taksi şirkətlərinin hər birinin öz portalları, xidmət proqramları var. Müvafiq qurumların həmin proqramlara nəzarət funksiyası tətbiq etməlidir. Dünyada bu təcrübə var, yəni kəşf etməyə ehtiyac yoxdur. Sadəcə nəzarət gücləndirildiyi zaman taksi sürücüləri biləcək ki, onun sərxoşluğu, narkotik maddədən istifadəsi ilə bağlı şikayət olarsa, o bir daha sürücü ola bilməyəcək və çörəyini itirəcək. Yəni, belə bir mexanizmlər tətbiq olunmalıdır. Çünki belə olan halda sürücülər heç vaxt sərxoş halda sükan arxasına keçməyəcək. Əgər yuxarıda qeyd etdiklərim icra olunsa, taksi qiymətləri də stabilləşər. Yəni, qiymətlər də qanedici olar".

Məsələ ilə bağlı *9111 taksi şirkətinin direktor müavini Ceyhun Məmmədli isə qeyd edib ki, sürücünün sərxoş və narkotik istifadəsi ilə bağlı şirkətə heç bir şikayət daxil olmayıb:

"Ölkənin əksər taksi şirkətlərində onlayn qəbul var. Nə sürücünün üzünü görürlər, nə onunla danışırlar, sürücünün kim olduğu, necə insan olduğuna fikir vermirlər. Təəssüf ki, onlayın qəbul halı çoxdur. Tək-tük şirkətlərdə sürücünü ofisə dəvət edib, sonra işə qəbul edirlər. Bizim 9111 taksi şirkətində sürücü ofisə yaxınlaşır və sürücünün vəziyyəti ilə bağlı onunla danışıq aparırıq. Təcrübəsi, öncəki işlədiyi yer, təcrübəsi, vöen, fərqlənmə nişanın olub-olmaması ilə bağlı maraqlanırıq. Eyni zamanda maşına da baxılır. Bizdə maşının təmiz olması və sürücünün müştəri ilə davranış qaydaları əsas kriterialarımızdır. Əgər yuxarıda qeyd etdiyim məqamlar sürücüdə qaydasındadırsa, o işə qəbul olunur. Növbəti gün işə yeni qoşulan sürücülərə ofisdə təlim keçirilir. Təlimdə proqramla işləmək, müştərilərlə davranış və digər məsələlər üzrə təlim keçirilir. Əgər sürücünün təlim müddətində danışıq tərzi, hərəkətləri dediyimiz qaydalara adekvat deyilsə, onu işə qəbul etmirik. Hətta hiss etsək ki, bu problemli sürücüdür, o zaman narkoloji dispanserdən və həkimdən yoxlanış kağızı gətirilməsini tələb edirik. Hazırda maşınların yaxşı olması və sürücülərin gec hərəkət etməsilə bağlı şikayətlər olub. Lakin sürücünün sərxoş və narkotik istifadəsi ilə bağlı heç bir şikayət daxil olmayıb"./bakupost.az/


MANŞET XƏBƏRLƏRİ