Xaricdə oxuyanların Azərbaycanda işləməsinə icazə yoxdur: Bu hallarda... - RƏSMİ


Avqust ayında xaricdə təhsil alan 67 nəfərin diplomu tanınmayıb.

Diplomların tanınması ilə bağlı 783 müraciətçinin xaricdə təhsil haqqında sənədinin tanınması ilə bağlı müraciətindən 716-sı barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib.

Təhsildə Keyfiyyət Təminatı Agentliyindən bildirilib ki, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 60, dövlət nümunəli olmayan diplom səbəbilə 6, akkreditasiyasız ali təhsil müəssisəsi səbəbi ilə 1 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.

Həmçinin, Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən avqust ayında təşkil olunmuş peşə tanınması imtahanında iştirak edən 261 müraciətçinin 42%-i imtahanda uğurlu nəticə göstərərək akademik və peşə tanınması ilə bağlı şəhadətnamə əldə edib, müraciətçilərin 58%-i isə imtahanda keçid balı toplamamış və yalnız akademik tanınma ilə bağlı şəhadətnamə əldə ediblər.

Maraqlıdır, akademik və peşə tanınması nədir, onlar arasındakı fərq nədən ibarətdir? Bunlar hansı ölkələrdə və hansı ixtisas üzrə təhsil alanlardır?

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İnformasiya və İnsan Resursları şöbəsinin müdiri Aytən Quliyeva Cebhe.info-nun sorğusuna cavab olaraq bildirib ki, peşə və akademik tanınma həmin şəxslərin ölkədə təhsil və əmək fəaliyyəti ilə məşğul olmalarına görə biri-birindən ayrılır:

“Kvalifikasiyanın akademik tanınması dedikdə xarici dövlətin səlahiyyətli orqanları tərəfindən verilmiş ali təhsilə aid kvalifikasiyanın sahibinə Azərbaycan Respublikasında təhsilin növbəti pilləsində (səviyyəsində) təhsilini davam etdirmək hüququnun verilməsi başa düşülür. Kvalifikasiyanın peşə tanınması dedikdə isə xarici dövlətin səlahiyyətli orqanları tərəfindən verilmiş ali təhsilə aid kvalifikasiyanın sahibinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən əmək müqaviləsi bağlanılarkən onun əmək funksiyasının xüsusiyyətlərinə uyğun olan peşə hazırlığının və ya təhsilin olması zəruri sayılan hallarda işəgötürənə təqdim edilən təhsil sənədində qeyd edilən müvafiq peşə fəaliyyəti göstərmək hüququnun verilməsi başa düşülür”.

Qurum rəsmisi müraciətlərin çoxunun hüquqşünaslıq ixtisası ilə bağlı olduğunu qeyd edib:

“Avqust ayı üzrə Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunan peşə tanınması imtahanında iştirak edən müraciətçilər Rusiya Federasiyası, Ukrayna, Belarus Respublikası, Türkiyə Respublikası, Gürcüstan, Moldova, Litva, Almaniya, Çin Xalq Respublikasında təhsil alıblar. Ən çox müraciət olunan ixtisaslara gəlincə isə hüquqşünaslıq, yanğın təhlükəsizliyi mühəndisliyi, həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi, dəniz naviqasiyası mühəndisliyi qeydə alınıb”.


MANŞET XƏBƏRLƏRİ