3 aprel 1979-cu ildə Qəbələ rayonunun Tüntül kəndində anadan olur...
Orta təhsilini kənd məktəbində alır...
1994 / 1997-ci illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsil alır...
1997 / 2001-ci illərdə Heydər Əliyev adına Ali Hərbi Məktəbdə ali hərbi təhsil alaraq "Tankçı" ixtisasına yiyələnir...
Hərbi xidməti müddətində bir sıra vəzifələrdə xidmət edir və "Polkovnik" hərbi rütbəsinə qədər yüksəlir...
Vətən müharibəsinin ilk günündən döyüşlərə qatılan, qarşıya qoyulmuş döyüş tapşırığını ləyaqətlə yerinə yetirən, torpaqlarımızın azadlığı uğrunda mərdlik və şücaətlə döyüşən Azərbaycan Silahlı Qüvvələrinin polkovniki, Vətən Müharibəsi Qəhrəmanı Səxavət Baxışov!
Qəhrəmanımız vətən qarşısındakı xidmətlərinə görə "Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)", "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008) ", Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)", "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)", "Heydər Əliyevin 100 illiyi" yubiley medalları, "Hərbi xidmətdə fərqlənməyə görə" lll dərəcəli, "Hərbi xidmətdə fərqlənməyə görə" ll dərəcəli, "Hərbi xidmətlərə görə" medalları, həmçinin, "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli, "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli, "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medallarla, o cümlədən, "Suqovuşanın azad olunmasına görə", "Laçının azad olunmasına görə" medalları və "Vətən Müharibəsi Qəhrəmanı" medalı ilə təltif edilir.
Səxavət Baxışov Vətən müharibəsi ilə bağlı xatirələrində deyir: "Yuxarı rəhbərliyin komandası ilə biz tank taburu olaraq alınmış siqnalla hərəkətə keçdik və İncə çay həddinə çatdıqdan sonra çayın üzərində yerləşən düşmən mövqelərinə əks hücuma keçdik. Hücum nəticəsində düşmənin Ohanyan xəttini aşaraq düşmən mövqelərində olan şəxsi heyətini, canlı qüvvəsini məhv edib, mövqelərini darmadağın edərək hakim yüksəklikləri ələ keçirdik. Tap-Qaraqoyunlu kəndi əvvəllər düşmənin atəşi altında idi. Məsafə yaxın olduğu üçün kənd daim atəşə tutulurdu. Kəndin mühafizəsini təşkil etmək üçün istinad divarları çəkildi, bununla da kəndin düşmən atəşindən qorunması təmin olundu".
Biz tarixdən qəhrəman tankçılar deyəndə, gözümüz önündə Həzi Aslanov canlanırdı. Neçə-neçə igidlərimiz onun yolunu davam etmək üçün hərbi peşəyə yiyələnir, tankçı ixtisasına maraq göstərirdilər. Kim bilir, bəlkə də, elə Səxavət Baxışov da gənc Aslanovçu olmaq arzusu ilə bu peşəyə yiyələnmiş, işğal altında olan torpaqlarımıza ilk girən tankçılarımızdan olmuşdu... Bəlkə də... Axı atalar boş yerə deməyib: "Niyyətin hara, mənzilin ora"...
Əsgərlərinin və döyüş yoldaşlarının sadə, qayğıkeş, mehriban insan kimi tanıdıqları qəhrəmanımız bu gün də xidməti fəaliyyətini uğurla davam etdirir, gələcəyin qəhrəman tankçılarını yetişdirir. Təsadüfi deyil ki, onun cəsarəti və vətən müharibəsində göstərdiyi şücaət gənc nəsil üçün vətənpərrlik nümunəsidir.
Qəhrəmanımıza xidməti fəaliyyətində uğurlar diləyir, hər zaman zirvələrdə görməyi arzulayırıq!
Həzi Aslanovla eyni zamanı paylaşmasaq da, sizin kimi qəhrəman tankçını tanımaq və eyni zamanda yaşamağın özü belə qürurdur cənab polkovnik! İnanıram ki, yetirmələriniz də sizin kimi qəhrəman, qorxmaz, igid tankçılar kimi hərb tariximizdə iz qoyacaqlar!
Sevinc Bəhmənli



