Son vaxtlar Moskvadan Bakıya və əksinə açıq informasiya müharibəsi səngimiş kimi görünür. Amma pərdəarxasında Kremlin Azərbaycana qarşı xoşagəlməz prosesə “dirijorluq” etdiyi iddiası səslənir.
Xaricdəki azərbaycanlı blogerlər vasitəsilə dövlət əleyhinə başladılan informasiya savaşının arxasında Rusiya hakimiyyətinin dayandığı bildirilir.
Hazırkı qaralama kampaniyasının məqsədir nədir? Doğurdanmı, bunun arxasında Rusiya var?
Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, son vaxtlar Bakıya yönələn informasiya dalğalarının təsadüfi olmadığı aydındır:
“Rusiya pərdəarxasında müxtəlif platformalar və xaricdəki azərbaycanlı blogerlər vasitəsilə Azərbaycanda ictimai rəyə təsir göstərməyə çalışır. Burada əsas məqamı anlamaq lazımdır: Rusiya hakimiyyəti üçün informasiya müharibəsi artıq klassik hərbi əməliyyatlarla eyni əhəmiyyət kəsb edir. Hər bir dezinformasiya kampaniyası, sosial media vasitəsilə yayılan yanlış məlumatlar və manipulyativ məqalələr Kremlin strateji planının bir hissəsidir. Məqsəd yalnız Azərbaycan cəmiyyətində narazılıq yaratmaq deyil, həmçinin siyasi rəhbərliyi belə nüfuzdan salmaqdır.

Qabil Hüseynli
Blogerlər tez-tez müəyyən problemləri qabardır, mövzuları şişirdir və müəyyən hadisələri qərəzli təqdim edirlər. Son zamanlar xaricdə yaşayan azərbaycanlıların platformaları vasitəsilə yayılan çirkin məlumatlar həqiqətən ikrah hissi yaradır.
Ən təhlükəli cəhət odur ki, çox hallarda bu kampaniyanın Kremlin dəstəyi ilə həyata keçirildiyi açıq görünmür. İnsanlar sadəcə sosial media paylaşımlarına, bloq yazılarına və “obyektiv xəbər” kimi təqdim olunan məlumatlara inanır. Bu da kütlənin psixoloji reaksiyasını manipulyasiya etmək üçün ideal şərait yaradır”.