AMEA Coğrafiya İnstitutunun şöbə müdiri, ekoloq Ənvər Əliyevlə müsahibə
- Su təhlükəsizliyi anlayışı nəyi ifadə edir və onun əsas komponentləri hansılardır?
- Su təhlükəsizliyi insanların, kənd təsərrüfatının, sənayenin və ekosistemlərin davamlı, etibarlı və keyfiyyətli suya çıxışının təmin olunması deməkdir. Bu anlayış təkcə içməli suyun mövcudluğunu deyil, həm də su ehtiyatlarının qorunmasını, səmərəli idarə edilməsini və gələcək nəsillər üçün saxlanmasını əhatə edir. Su təhlükəsizliyi həm ekoloji, həm sosial, həm də iqtisadi sabitlik üçün əsas amillərdən biridir.
- Dünyada su qıtlığı problem var. Bəs, Azərbaycanda?
- Dünyada su qıtlığı artıq qlobal problemə çevrilib. Əhali artımı, sənayeləşmə və iqlim dəyişikliyi nəticəsində bir çox ölkələrdə su ehtiyatları azalır. Azərbaycanda rəsmi olaraq kəskin su qıtlığı olmasa da, su resurslarından səmərəsiz istifadə, köhnəlmiş infrastruktur və açıq suvarma kanallarında sızma nəticəsində su itkisi bu problemin yaranmasına səbəb olur. Əgər su ehtiyatlarından düzgün və qənaətli istifadə olunsa, Azərbaycan mövcud su ilə iki dəfə artıq əhalini təmin edə bilər. Bunun üçün damcı suvarma texnologiyalarının tətbiqi, yağış sularının toplanması və su itkilərinin qarşısının alınması əsas həll yollarıdır.
- İqlim dəyişikliyi su ehtiyatlarının təhlükəsizliyinə hansı təsirləri göstərir?
- İqlim dəyişikliyi su ehtiyatlarının təhlükəsizliyinə birbaşa təsir göstərir. Temperaturun artması və yağıntı rejiminin dəyişməsi nəticəsində buxarlanma çoxalır, çay və göllərin su səviyyəsi azalır, bu da su balansının pozulmasına səbəb olur. Nəticədə kənd təsərrüfatı və ekosistemlər zərər görür, içməli su təminatında çətinliklər yaranır. Azərbaycanda bu təsirlər xüsusilə quraqlıq illərində daha çox hiss olunur. Bu səbəbdən su itkilərinin azaldılması, müasir suvarma sistemlərinin tətbiqi və iqlim risklərinə uyğunlaşma tədbirləri su təhlükəsizliyinin qorunması üçün vacibdir.
- Transsərhəd su ehtiyatlarının istifadəsində beynəlxalq hüququn əsas prinsipləri hansılardır?
- Transsərhəd sularının istifadəsi mürəkkəb məsələdir. Burada beynəlxalq hüququn əsas prinsipləri tətbiq olunur və ölkələr arasında suyun istifadəsi üçün müqavilələr bağlanmalıdır. Bu müqavilələrin məqsədi sudan təbii mühitə ziyan dəymədən, istifadənin balanslı şəkildə aparılmasını təmin etməkdir. Qabaqcadan müəyyənləşdirilmiş paylar əsasında, hər ölkə müqaviləyə riayət etməlidir. Məsələn, Samur çayı əvvəllər 75-25 faiz bölgüsündə istifadə olunurdusa (75 faiz Azərbaycana, 25 faiz Rusiyanın Dağıstan bölgəsinə), son illərdə bu nisbət 50-50 səviyyəsinə yaxınlaşıb. Transsərhəd çaylar, həm suvarma, həm də hidroenergetika məqsədləri üçün istifadəyə verildikdə, qarşılıqlı tədqiqatlar aparılmalı və yaranmış problemlər birgə həll olunmalıdır. Məsələn, Araz çayında su elektrik stansiyaları və suvarma üçün istifadə olunan su ehtiyatları müqavilələr əsasında müəyyənləşdirilir. Eyni zamanda çayın kimyəvi çirklənməsi qonşu ərazilərdən gəlirsə (məsələn, Ermənistan ərazisindən), bunun həm qonşu ölkəyə, həm də bioloji mühitə təsiri ciddi şəkildə öyrənilməlidir. Beynəlxalq hüquq və qarşılıqlı anlaşmalar çərçivəsində, sudan istifadə zamanı təbii mühitə ziyan dəyməməsi təmin edilməlidir. Həm suvarmada, həm enerji istehsalında, həm də digər məqsədlər üçün su ehtiyatlarından rasional istifadə vacibdir.
- Azərbaycanın işğaldan azad edilmiş Şərqi Zəngəzur regionunda aktual su təhlükəsizliyi riskləri hansılardır?
- Azərbaycanda işğaldan azad edilmiş Şərqi Zəngəzur regionunda su təhlükəsizliyi riskləri əsasən quraq iqlim şəraiti ilə bağlıdır. Bölgədə böyük su anbarları tikilib və onların sularından həm enerji, həm də kənd təsərrüfatı üçün istifadə qarşılıqlı müqavilələr əsasında həyata keçirilir. Yenidən məskunlaşma və sənayeləşmə prosesləri zamanı su ehtiyatlarının idarə olunması mühüm rol oynayır. Kənd təsərrüfatında torpaq mühiti, bitkilərin suya tələbatı və vegetasiya dövrü nəzərə alınmalı, lazım gəldikdə yeni su anbarları tikilməlidir.
- Şərqi Zəngəzurun Laçın rayonunda yenidən məskunlaşma aparılır, keçmiş məcburi köçkünlər öz yurdlarına dönür. Yenidən məskunlaşma və sənayeləşmə Laçında su resurslarının idarə olunmasına necə təsir edir?
- Şəhər ərazilərində isə içməli suyun istifadəsi və tullantı sularının təmizlənməsi xüsusi əhəmiyyət daşıyır. Sənaye sahələrindən gələn tullantılar su təmizləyici qurğular vasitəsilə tamamilə təmizlənməli və dövriyyəyə qaytarılmalıdır. Suyun istifadəsində israfçılığa yol verilməməli, hər damcı sudan maksimum səmərəli istifadə olunmalıdır. Bəzi ərazilərdə, xüsusilə Kiçik Qafqazda yerləşən bulaq və minerallarla zəngin sular qiymətli hesab olunur. Bu suların insan sağlamlığına müsbət təsiri nəzərə alınaraq, şəhərlərə çatdırılması mümkündür və enerji xərcləri minimaldır, çünki su yüksək ərazidən axaraq təbii qravitasiya ilə şəhərə gətirilə bilər.
- Laçında su ehtiyatlarının səmərəli istifadəsi üçün hansı texnologiyalar və innovativ yanaşmalar tətbiq edilə bilər?
- Dağlıq və aran ərazilərində su ehtiyatlarından istifadə relyefə və süxurların tərkibinə görə fərqli texnologiyalarla aparılmalıdır. Kiçik Qafqazda, xüsusilə Laçın, Kəlbəcər və Qubadlıda sular yüksək keyfiyyətli və dəyərli hesab olunur. Bu sular həm içməli, həm də suvarma məqsədilə istifadə oluna bilər. Gələcəkdə su ehtiyatları strateji əhəmiyyət kəsb edəcək, buna görə də onlardan istifadədə qənaət və səmərəlilik əsas prinsip olmalıdır. Dağ çəmənlərində yağdırma üsulu ilə suvarma bitki və heyvandarlığın inkişafına müsbət təsir göstərir. Tarixən bu ərazilərdə Aran rayonlarından minlərlə heyvan yay aylarında bəslənilirdi və suvarma təbii bərpanı təmin edirdi. Şəhər və kənd yaşayış məntəqələrində suyun istifadəsi ciddi nəzarət altında olmalı, tullantı sularının təmizlənməsi və dövriyyəyə qaytarılması təmin edilməlidir. Sutəmizləyici qurğular saz vəziyyətdə saxlanmalı, tullantıların çay və dərələrə axıdılmasına qəti yol verilməməlidir. Ümumilikdə, dağlıq və aran ərazilərində su ehtiyatlarının qorunması, səmərəli istifadəsi və israfçılığın qarşısının alınması regionun ekoloji təhlükəsizliyi üçün əsas şərtdir.

Müsahibə "Pragma" Sosial İnkişafa və Ekologiyanın Qorunmasına Dəstək İctimai Birliyinin Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən "Laçın rayonunda su təhlükəsizliyi" layihəsi çərçivəsində hazırlanıb.
Tural Turan