Tramp "Sumud" basqınına niyə susur? - Pərdəarxası məqamlar açıqlandı - ŞƏRH


İsrail qüvvələri ötən gün beynəlxalq sularda fəaliyyət göstərən “Global Sumud” donanmasına zərbə endirib. Donanma Fələstin zolağına humanitar yardımı çatdırmaq və İsrailin dəniz blokadasını pozmaq məqsədi ilə yola çıxmışdı.

Müdaxilə zamanı bir neçə gəmi ələ keçirilib, aktivistlər saxlanılıb və İsrail limanına yönəldilib. Hadisə beynəlxalq hüquq normalarının və insan hüquqlarının pozulması iddialarını gündəmə gətirib və dünyanın bir sıra ölkələrində qəzəb və etirazlarla qarşılanıb.

Maraqlıdır görəsən, dünyada bu qədər qəzəb doğuran bu hücuma qarşı ABŞ prezidenti Donald Trampın səssiz qalmasının səbəbi nədir? Turkustan.az olaraq bu sualı politoloq Samir Hümbətova ünvanladıq.

Samir Humbatov (@HumbatovSamir) / X

Samir Hümbətov

Donald Tramp İsraillə münasibətləri ən yüksək səviyyədə saxlayan Amerika prezidentlərindən biridir. Yəni, həm Co Bayden, həm də ondan əvvəlki prezidentlərdən fərqli olaraq, Tramp İsrailə daha yaxın olub. Bununla yanaşı, ABŞ-dakı yəhudi lobbiləri və beynəlxalq güc mərkəzləri ilə münasibətlərin tənzimlənməsində də müəyyən rol oynayıb.

Mən düşünürəm ki, elə bu səbəbdən də Tramp İsrailin həyata keçirdiyi hücumlara və ya basqınlara qarşı açıq şəkildə mövqe bildirmir. Ola bilsin ki, pərdəarxasında müəyyən danışıqlar gedir və Tramp bunların ictimaiyyətə çıxmasını istəmir. Hər halda, dünya siyasətində baş verənlərin pərdəarxası həmişə daha maraqlı və təsirli olur.

Dünya birliyinin reaksiyası daha da güclənərsə, bundan sonra prosesə yavaş-yavaş qoşulmaq mümkündür. Amma hazırda Trampın səssiz qalması diqqət çəkir. Avropa ölkələri bu məsələyə açıq şəkildə reaksiya versələr də, Trampın səssizliyinin arxasında müəyyən amillər dayanır. Burada həm ABŞ-dakı yəhudi lobbilərinin təsiri, həm də onun kürəkəninin yəhudi olması məsələsi rol oynaya bilər.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ