Bir neçə gün əvvəl Bakıda saxlanılan SOCAR-ın investisiya departamentinin sabiq rəis müavini Adnan Əhmədzadə SOCAR daxilində Alkagesta şirkətinin “gizli əli” olub. Həmin şirkətin İdarə Heyətinin sədri Kamran Ağayev Adnan Əhmədzadənin əmisi oğludur.
Adnan Əhmədzadə rus neftini Azərbaycana məxsus kəmərlərlə necə satıb?
Azərbaycan Adnan Əhmədzadəni Bakı-Ceyhan kəməri ilə İtaliya və Rumıniyaya daşınan “Azeri Light” neftinə rus nefti qatmaqda məsuliyyətli sayır. İddialara görə, Əhmədzadə illər ərzində SOCAR daxilində rus neftinin saxta sertifikatlarla Avropaya daşınmasına açıq və ya gizli kömək edən şirkətlər şəbəkəsi yaradıb.
Bütün bunlar Alkagesta-nın SOCAR-ın ticarət bölməsi olması ilə bağlı şübhələr fonunda baş verib.
Adnan Əhmədzadənin rus neftinə xidmət edən daha bir şirkəti
Həmçinin 2018-ci ildə Adnan Əhmədzadə tərəfindən SOCAR Trading Geneva-dan ayrıldıqdan sonra yaradılmış “Caspian Logistics Solutions” (CLS) adlı şirkət də var. Şirkət saxta sertifikatlardan istifadə etməklə rus neftinin tədarükü ilə məşğuldur. Onun ofisi Dubayda yerləşir.
Şirkətin tərəfdaşları həm gizli, həm də açıq rus nefti daşıyıcılarıdır. Bu tərəfdaşlar arasında dörd il ərzində 1 milyard ABŞ dolları xalis mənfəət əldə etmiş “Oil Mar DMCC” də var. Bu şirkətin adı Alkagesta ilə birlikdə 22500 ton rus neftinin Albaniyaya daşınması ətrafında yaranmış mübahisədə hallanır. Bu ilin mayında Dubayda yaradılan “OilMar Shipping DMCC” şirkəti səhmlərinin 100 faizini baş direktor Yusif Məmmədova verildiyini elan edib. Qeyd olunur ki, bu da şirkətin “işgüzar nüfuzunu qorumaq” üçün edilib.
Dərc olunmuş araşdırmalara görə, Alkagesta rus neftini türkmən mənşəli kimi göstərmək üçün saxta sənədlərdən istifadə etməkdə ittiham olunur. Bu əməliyyatlara Liviya sənədləri ilə Türkiyəyə göndərilən tədarüklər də daxildir. İddiaları dəstəkləmək üçün Alkagesta ilə bağlı maliyyə və gömrük sənədləri dərc olunub. Sənədlərə əsasən, bu strukturların arxasında “Socar Trading” və “Maddox” dayanır. Onlar Dubayda yerləşən “OilMar Shipping DMCC”, Maltadan Alkagesta və Türkiyədən “Almedia” kimi törəmə şirkətlər vasitəsilə fəaliyyət göstərirlər.
Albaniya Alkagestanın daşıdığı rus neftini müsadirə edib
Adnan Əhmədzadənin tutulduğu gün də, Alkagesta qrupu rus neftini İspaniyaya, Tarraqona limanı vasitəsilə göndərməyə cəhd edib. Bu cəhd İspaniya hakimiyyəti tərəfindən bloklanıb. Albaniyada prokurorluq və polis Rusiyadan gətirilən 22500 ton yanacağı müsadirə edib və rəsmi məlumatlarda saxta sənədlərin göstərildiyi bildirilib. Albaniya KİV-i açıq şəkildə bu yükləmənin arxasında Alkagesta-nın dayandığını və onun Azərbaycan vətəndaşları ilə əlaqəli olduğunu yazıb.
İttihamların ciddiliyini nəzərə alaraq, Adnan Əhmədzadənin təkcə Azərbaycanda deyil, həm də Avropada və o cümlədən Böyük Britaniyada da istintaqa cəlb olunaraq məhkəmə qarşısına çıxarılması, eləcə də mümkün hüquqi məsuliyyət daşıması ilə bağlı çağırışlar səslənib. Güman olunur ki, onun əmisi oğlu, Alkagesta-nın baş direktoru Kamran Ağayev, həmçinin şirkətin digər top-meneceri Orxan Rüstəmov da bu sxemlərdə əsas rol oynayıblar. Hər üçü izah etməlidirlər ki, Alkagesta şirkəti necə yaradılıb, hansı maliyyə əsasları üzərində qurulub və hansı dərəcədə rus şirkətləri ilə ticarət əlaqələri var?
Alkagesta haqqında məlumatlar
Lent.az-ın əldə etdiyi məlumata görə, Adnan Əhmədzadənin əmisi oğlu Kamran Ağayevə məxsus olan Alkagesta Maltanın ən böyük neft-bunker şirkətidir və Maltanın Birzebbuğa neft terminalından istifadə edərək rus neftini Rusiyanın “kölgə donanması” vasitəsilə daşıyır. Həmçinin BMT-nin embarqo qoyduğu Liviyadan neft ticarəti ilə məşğul olur.
Alkagestanın Liviya mexanizmi
“Lloyd’s List” araşdırması müəyyən edib ki, son iki ildə 42 tanker ən azı 195 dəfə Benqazinin köhnə limanına səfər edib. Bu səfərlər nəticəsində 1,4 milyon ton neft daşınıb. Araşdırma zamanı “Lloyd’s List” tərəfindən təhlil olunan peyk görüntüləri limanda müntəzəm gəmilərin, o cümlədən daha iri tankerlərin dövriyyəsini göstərir. Bu isə, əslində, səfərlərin sayının daha çox ola biləcəyini və şəbəkənin təxmin ediləndən daha geniş fəaliyyət göstərdiyini göstərir.
Məlumata əsasən, Benqazi limanı və Liviyadan neft daşınan bütün ərazilər Xəlifə Haftar, eləcə də Rusiyanın “Vaqner” qrupunun nəzarətində olub. Bu ərazilərdə hər hansı iş görmək yalnız Xəlifə Haftarın, dolayısı ilə “Vaqner”in icazəsi ilə mümkün olub.
BMT paneli Liviyadan qanunsuz neft daşınmasında üç əsas sxemi müəyyən edib:
1. Tankerlər Benqazidə yüklənir, sonra beynəlxalq sularda, xüsusilə Maltanın şərqində yükü digər gəmilərə ötürür.
2. Tankerlər Benqazidə yüklənir, sonra birbaşa digər limana gedir və saxta ixrac sertifikatları ilə boşaldılır.
3. Tankerlər başqa ölkədən az həcmdə yüklənir, Benqazidə isə tam və ya həddindən artıq dolana qədər əlavə yüklənir, sonra növbəti limana yollanır.
Araşdırmalara görə, Alkagesta Maltada qeydiyyatdan keçib, təsisçiləri Kamran Ağayev və Orxan Rüstəmovdur. Şirkətin Böyük Britaniya, İsveçrə, Türkiyə, BƏƏ və Sinqapurda filialları mövcuddur. Direktorlar arasında Mark Seccombe və Pierre Marie Kristian Qay da olub. Mənbələr bildirir ki, Alkagesta Maltanın ən aktiv neft treyderlərindən birinə çevrilib. Hazırda Evos bunkerləşdirmə terminalını və Maltadakı digər obyektləri, o cümlədən Delimaranı icarəyə götürüb.
Alkagesta və Qara Dəniz terminalı
Məlumatlara görə, Alkagesta Qazaxıstandan idxal olunan məhsulları da daşıyıb. Əsas tədarükçülər arasında Kızılorda Neft Emalı Zavodu və Amangeldinskiy GPZ kimi şirkətlər var. Alkagesta, eləcə də onun tərəfdaşları – “Falzon & Falzon” və Hamsi tankeri vasitəsilə Maltada saxta neft sertifikatları dövriyyəyə buraxılıb. Bu isə BMT qətnamələrinin və beynəlxalq sanksiyaların açıq şəkildə pozulması deməkdir.
Sentyabrda “Blue Rose” tankeri Qara dənizdə Rusiya neftini yüklədikdən və Maltada Alkagesta üçün boşaltdıqdan sonra Yalova limanına daxil olmadan əvvəl transponderi söndürüb. Bununla da Maltaya marşrutunu və real təchizatçısını gizlədib.
Qeyd olunur ki, hazırda Avropa İttifaqı və Böyük Britaniya Alkagestanın neft qaçaqmalçılığını araşdırır.