Eldar İsmayılovun “mükafatlandırdığı” məşhurlar: Siyahıda kimlər var?


Azərbaycanda istintaqa cəlb olunan “Dədə Qorqud” Milli Xeyriyyə Fondunun rəhbəri Eldar İsmayılovun daha öncə müxtəlif vaxtlarda bir neçə tanınmış şəxsə "mükafat" verdiyi üzə çıxıb.

Bu medala "layiq görülənlər" arasında Türkmənistanın o zamankı prezidenti Qurbanqulu Berdiməhəmmədov da var. Qonşu ölkə lideri bu mükafata 2022-ci “layiq görülüb”.

2013-cü ildə Xaçmaz Rayon İcra Hakimiyyətinin o vaxtki başçısı Şəmsəddin Xanbabayev "Rusiya və Azərbaycan xalqları arasında dostluğun möhkəmləndirilməsindəki mühüm xidmətlərinə, xeyriyyəçilik və quruculuq fəaliyyətinə görə" “Dədə Qorqud” Milli Fondunun “Qızıl ürək” ordeni ilə təltif edilib.

2019-cu ildə isə Misra TV-nin rəhbəri Fuad Abbasov “Dədə Qorqud” Milli Xeyriyyə Fondunun "Vətən Övladı" "ordeni" ilə təltif edilib. "Orden"i "Dədə Qorqud" Milli Xeyriyyə Fondunun və "Azərbaycan Dünyası" Beynəlxalq Jurnalının Ağsaqqallar Şurası təqdim edib.

2022-ci ildə "Dədə Qorqud" Milli Fondu Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri Eldar Sabiroğlunu mükafatlandırıb. Fondun “Azərbaycan dünyası” Beynəlxalq Jurnalı onu “Ədalətin qılıncı” beynəlxalq "orden"i ilə təltif edib.

E.Sabiroğlu hətta bununla bağlı post paylaşıb: “Bu ordeni döşümə çox hörmət etdiyim və əsl insan kimi tanıdığım keçmiş müdafiə naziri Səfər Əbiyev və jurnalın baş redaktoru Eldar İsmayılov taxdı”.

Eldar İsmayılovun məşhur mükafatına layiq görülənlər arasında Milli Azərbaycan Tarixi Muzeyi də var. “Dədə Qorqud” Milli Xeyriyyə Fondu “Hacı Zeynalabdin Tağıyev” "orden"ini Azərbaycan muzeyin direktoru akademik Nailə Vəlixanlı qəbul edib.

Xatırladaq ki, DİN məlumatına görə, saxta orden və medallar,habelə müxtəlif təyinatlı vəsiqələr hazırlayıb satan şəxslər müəyyən olunublar.

“Azərbaycan Vətən Müharibəsi Veteranları” İctimai Birliyinin sədri Füzuli Rzaquliyev, “Dədə Qorqud” Xeyriyyə Fondunun rəhbəri Eldar İsmayılov və “Sabitlik və İnkişaf Mərkəzi” İctimai Birliyinin sədri Rasim Məmmədov saxlanılıblar.

Bu təşkilatların ofislərindən dövlət əhəmiyyətli xüsusi gün və əlamətdar hadisələri özündə əks etdirən 1500-dən çox medal və ordenlər, 421 ədəd vəsiqə, 60-dan artıq müxtəlif möhürlər və digər saxta predmetlər aşkar olunaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, əlavə hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə maddəsi ilə cinayət işi başlanılıb, F.Rzaquliyev, E.İsmayılov və R.Məmmədov istintaqa cəlb olunublar./yenisabah.az


MANŞET XƏBƏRLƏRİ