Şəhid Yunis Kazımov – Ömrünü Vətənə yazan qəhrəman


Bəzən bir kəndin səsi bütün bir millətin yaddaşına çevrilir. Qazaxın Kəmərli kəndində uşaq gülüşlərinin, bulaq şırıltısının, torpaq qoxusunun içində böyüyən bir oğul vardı – Yunis Kazımov. O, səs anlayandan kəndin gülüşünü dinlədi, həyatın musiqisini duydu. Ən əsası kənd cəbhə bölgəsiolduğundan güllə səsi ilə oyanıb, güllə səsi ilə yatdı. Amma heç kim bilməzdi ki, elə zaman gələcəkdi Yunisin öz səsi Vətən uğrunda savaş meydanlarında ucalacaq, igidlik dastanına çevriləcəkdi.

Uşaqlıqdan həm utancaq, həm də qərarlı idi. Dostları ilə oyunda daima qalib gəlməyə, başladığını sona çatdırmağa çalışırdı. Onu tanıyanlar deyirdi ki, Yunisin baxışlarında qəribə bir ciddiyyət var idi – sanki gələcək taleyindən xəbər verən bir işıq. Hərdən kəndin dağlarına boylanar, bulaqların səsini dinləyər, atasına suallar verərdi: “Ata, bu torpaqların qoruyucuları kimdir?” Atası gülümsəyərdi: “Oğlum, qoruyucusu xalqın oğullarıdır. Bir gün sən də onlardan biri olacaqsan.”

Açıklama yok.

1993-cü il sentyabrın 24-də doğulan Yunis, əgər yaşasaydı, bu gün 32 yaşını qeyd edəcəkdi. Amma onun ömrü yarım qalmadı – əksinə, ömrü şəhidlik zirvəsində tamamlandı. Çünki şəhidlik ən böyük kamillik, ən uca amalın adı oldu.

Yunis Kazımov Azərbaycan Dövlət Aqrar Universitetini bitirdikdən sonra hərbi xidmət yolunu seçdi. Quba rayonunda xidmət etdiyi müddətdə Xüsusi Təyinatlı Qüvvələrin sıralarına qəbul edilməsi onun taleyinə yazılmış qəhrəmanlıq dastanının başlanğıcı idi. Zəhməti, intizamı, Vətənə sədaqəti ilə seçilən bu gənc hərbçi həm silahdaşlarının, həm də komandirlərinin güvənini qazanmışdı.

44 Günün dastanı

Açıklama yok.

Onun həyatının ən şanlı səhifələri 2020-ci ilin sentyabr-noyabr aylarında yazıldı. 44 günlük Vətən müharibəsində Yunis Kazımov Cəbrayıl, Qubadlı, Hadrut, Xocavənd və Şuşa uğrunda gedən döyüşlərdə mərdliklə savaşıb. Cəbrayılın daşlarına addım basanda sanki öz kəndinin yolunu xatırladı, Qubadlının meşələrində uşaqlıq xəyallarının səsini eşitdi, Şuşanın qayalarına dırmaşanda isə ömrünün zirvəsinə çatdı.

Onun qəhrəmanlığına görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə “Azərbaycan Bayrağı” ordeni, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edildi.

Ailənin sevinci, xalqın dərdi

Açıklama yok.

Müharibədən sonra ailə həyatı quran Yunis, şəhid dostunun xatirəsini yaşadaraq oğluna Əli adını verdi. Oğlunun gülüşündə öz gəncliyini görürdü. Əlinin ilk addımlarını izləyəndə, hərbçi çətinliklərinin unudulduğunu söyləyirdi. Amma ata ömrü uzun sürmədi – 2022-ci il sentyabrın 13-də Ermənistan ordusunun törətdiyi genişmiqyaslı təxribat zamanı, dövlət sərhədində qəhrəmancasına şəhid oldu. Azərbaycanın ərazi bütövlüyü uğrunda göstərdiyi igidliyə görə Yunis Kazımov III dərəcəli “Rəşadət” ordeni və “Vətən uğrunda” medalı ilə də təltif edildi. Beləliklə, onun adı bir əsgərin yox, bir millətin övladı kimi tarixə yazıldı.

Nakam ömrə dönən gənclik

Açıklama yok.

Yunis bir çox arzularını gerçəkləşdirə bilmədi. Gəncliyin xəyalları – dostlarla uzun yollar, övladının böyüməsini izləmək, ata-anasının yanında qocalmaq arzusu... hamısı yarımçıq qaldı. Amma onun yarımçıq arzuları bir millətin bütöv arzularına qovuşdu. Çünki Yunisin həyatı bir insan ömründən böyük, bir millətin qüruruna çevrildi. Bu gün Yunisin ruhu doğma kəndin üstündə dolaşır, bulaqlarının səsinə qarışır, Şuşanın qayalarında əks-səda verir. Onun ömrü bir daha sübut etdi ki, şəhidlik həyatın bitməsi deyil, ömrün ucalmasıdır.

Balaca Əli atasını şəkillərdə görür, amma bütün Azərbaycan bilir ki, Yunis Kazımov təkcə bir övladın deyil, bütöv bir xalqın qürurudur. Onun hər doğum günü torpağın üstündə yoxluğunu xatırlatsa da, göylərdə dalğalanan üçrəngli bayrağımız Yunisin varlığını yaşadır.

Bu gün bir övlad atasız böyüyür, amma “Şəhid” adı ilə böyüyür. Şəhidlər ölmür – onlar torpağın canına hopur, Vətənin ruhuna qarışır. Və biz hər dəfə şəhidlərin adını çəkərkən bir həqiqəti pıçıldayırıq. Onlar getməyib, onlar bizimlədirlər.

Qalib Rəhimli

Qalib Rəhimli – Azərbaycan Dövlət Aqrar Universiteti bu gün - Mektebgushesi


MANŞET XƏBƏRLƏRİ