ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşüb.
Turkustan.az xəbər verir ki, Donald Tramp son həftələrdə Rusiya döyüş təyyarələri və pilotsuz uçuş aparatlarının bəzi NATO ölkələrinin hava məkanına soxulması ilə bağlı açıqlama verib.
“Sizcə, əgər Rusiya təyyarələri NATO hava məkanına daxil olarsa, NATO ölkələri onları vurmalıdırmı?” sualına Donald Tramp “Bəli” cavabını verib.
ABŞ-ın belə bir vəziyyətdə təyyarələrin vurulmasına dəstək verib-verməyəcəyi ilə bağlı suala isə Tramp “Bu, şəraitdən asılıdır” cavabını verib.
Prezident əlavə edib ki, Danimarka hava məkanında görünən pilotsuz təyyarələrlə bağlı vəziyyət barədə məlumatı yoxdur.
Daha sonra verdiyi açıqlamada Tramp Rusiya iqtisadiyyatının və prezident Vladimir Putinin ciddi problemlərlə üzləşdiyini bildirib və "Ukrayna üçün hərəkətə keçməyin vaxtıdır" deyə vurğulayıb.
Tramp qeyd edib ki, Kiyev Avropa İttifaqının dəstəyi ilə Ukraynanı əvvəlki vəziyyətinə qaytarmaq, ərazilərini geri almaq mövqeyindədir.
O, həmçinin bildirib ki, Rusiya ordusu artıq 3,5 ildir döyüşür, halbuki əsl hərbi güc bu müharibəni bir həftədən az müddətdə sona çatdıra bilərdi. Trampın sözlərinə görə: "Bu, onları fərqli etmir. Əksinə, onları 'kağız pələng' kimi göstərir".
Aytən Yaşar/ Turkustan.az