Dünyanın diqqəti Fələstində - İki dövlətli həll


Avropa ölkələrinin mövqeyi - ümid, diplomatiya və iki dövlətli həll yoluna sadiqlik

Fransadan sonra bir sıra Avropa ölkələri BMT Baş Assambleyası çərçivəsində keçirilən “iki dövlət həllinə” dair yüksək səviyyəli beynəlxalq konfrans zamanı Fələstin dövlətini tanıdıqlarını bəyan ediblər. CNN xəbər verir ki, Belçika, Monako, Lüksemburq və Malta indi Fələstini tanıyanlar sırasındadır. Böyük Britaniya, Kanada, Avstraliya və Portuqaliya bir gün əvvəl Fələstini rəsmən tanıyıb.

Telekanalın məlumatına görə, hazırda Fələstin dövlətini tanıyan ölkələrin sayı 145-i keçib.

Konfransda çıxış edən Monako şahzadəsi II Albert qeyd edib ki, ölkəsi “İsrailin varlığına sarsılmaz dəstəyini” bir daha təsdiqləyir və Fələstini “beynəlxalq hüquqa uyğun bir dövlət” kimi tanıyır. O İsrail və Fələstinin HƏMAS hərəkatı arasındakı münaqişənin "tarazlı və uzunmüddətli" həll yolunun tapılmasının vacibliyini vurğulayıb.

Lüksemburqun Baş naziri Luc Frieden öz növbəsində, Fələstin dövlətinin tanınmasını “ümid, diplomatiya və iki dövlətli həll yoluna sadiqlik” adlandırıb.

Belçikanın Baş naziri Bart De Vever ölkəsinin Fələstin dövlətini tanıyacağını, "güclü siyasi və diplomatik siqnal" göndərdiyini, lakin bu tanınmanın yalnız bütün girovların azad edilməsindən və HƏMAS-ın Fələstinin idarəçiliyindən uzaqlaşdırılmasından sonra qüvvəyə minəcəyini açıqlayıb.

“Yeni Fələstin dövləti ilə diplomatik əlaqələrin effektiv qurulması, o cümlədən Belçika səfirliyinin açılması və beynəlxalq müqavilələrin bağlanması Nyu-York bəyannaməsinin məqsədlərinə nail olduqdan sonra baş tutacaq”, - De Vever əlavə edib.

Andorranın xarici işlər naziri İmma Tor Faus ölkəsinin müəyyən şərtlər daxilində Fələstini tanımaq niyyətində olduğunu bəyan edib. Onun sözlərinə görə, gələcək Fələstin dövləti “demilitarizasiya edilməli və HƏMAS-dan asılı olmayan islah edilmiş hökumət altında mövcud olmalıdır”.

"Bütün şərtlər yerinə yetirildikdə və biz İsrailin tam regional inteqrasiyasına zəmanət verə bilsək, bu tanınma qüvvəyə minəcək", - XİN rəhbəri bildirib.

Öz növbəsində Misirin Baş naziri Mustafa Madbouli bəyan edib ki, Qahirə atəşkəs əldə edildikdən sonra anklavın yenidən qurulmasına həsr olunmuş Qəzza zolağı ilə bağlı beynəlxalq konfransa ev sahibliyi etmək niyyətindədir.

O qeyd edib ki, konfrans yenidənqurma üçün “lazımi maliyyə vəsaitinin səfərbər edilməsinə” kömək edəcək və beynəlxalq ictimaiyyəti “iki dövlət həllinin reallığa çevrilməsi istiqamətində hər hansı ciddi addımın tərkib hissəsi kimi” bu səylərə töhfə verməyə çağırıb.

İndoneziya Prezidenti Prabovo Subianto ölkəsinin münaqişə bitdikdən sonra Qəzza zolağında vəziyyəti sabitləşdirmək üçün sülhməramlı qüvvələr təqdim etmək təklifini təsdiqləyib.

Konfransın əvvəlində Fələstin Muxtariyyətinin Prezidenti Mahmud Abbas videomüraciət vasitəsilə konfransda çıxış edərək, HƏMAS-ın gələcəkdə Qəzza zolağının idarə olunmasında heç bir rolunun olmaması lazım olduğunu bəyan edib və hərəkatı silahlarını yerə qoymağa çağırıb.

“HƏMAS və digər qruplar silahlarını Fələstin Muxtariyyətinə təhvil verməlidir. Biz silahsız vahid dövlət, vahid qanuna malik dövlət və vahid, qanuni təhlükəsizlik qüvvəsi istəyirik”, - Abbas vurğulayıb.

O münaqişə başa çatdıqdan sonra prezident və parlament seçkilərinin keçirilməsinə sadiq olduğunu bəyan edib, həmçinin hakimiyyətin ötürülməsini təmin etmək üçün üç ay ərzində müvəqqəti konstitusiya layihəsi hazırlamaq niyyətində olduğunu bəyan edib.

"Biz Fələstin dövlətini tanıyan ölkələrin mövqeyini təqdir edirik və hələ bunu etməyənləri onlardan nümunə götürməyə çağırırıq", - Abbas deyib. /ayna.az/


MANŞET XƏBƏRLƏRİ