Vergi güzəştləri bitir: Necə edək ki, nə işçi, nə də sahibkar uduzmasın?


2026-cı ilin yanvarından etibarən ölkəmizdə minlərlə işçini və yüzlərlə sahibkarı əhatə edən mühüm bir vergi güzəşti başa çatır. Bu güzəşt 2019-cu ildən bəri qeyri-neft sektorunda çalışan və aylıq maaşı 8 000 manatdan az olan şəxslər üçün gəlir vergisinin ləğvini nəzərdə tuturdu. Nəticə isə göz qabağındadır. Bu qərar həm əmək münasibətlərinin leqallaşmasına, həm də özəl sektorun nəfəs almasına səbəb oldu. İndi isə biz vacib bir dönüş nöqtəsinə gəlib çatmışıq. Güzəşt bitir, amma sual qalır: növbəti mərhələdə necə addım atmalıyıq ki, nə sahibkar, nə də işçi uduzmasın?

İşçilərin gözləntisi təbii ki, aldığı maaşın real dəyərinin azalmamasıdır. Əgər gəlir vergisi birdən-birə əvvəlki kimi tətbiq olunarsa, bu, əməkhaqqının xalis məbləğinin azalması ilə nəticələnəcək. Bu isə həm işçilərin sosial rifahı, həm də işçi ilə işəgötürən arasında qeyri-rəsmi əmək münasibətlərinə dönüş riski yaradır.

Belə olan halda, sahibkarlar işçilərin xalis maaşını qorumaq üçün ya əlavə vergi ödəməli, ya da əməkhaqqını artırmalıdırlar. Amma bu gün artan xərclər, inflyasiya kontekstində bu, kiçik və orta sahibkarlar üçün böyük maliyyə yüküdür. Bu baxımdan sahibkarlar əməkhaqqı fondunun artmasından narahatdır.

Güzəşt dövrünün bitməsi qaçılmazdırsa, bu zaman ədalətli, mərhələli və yüklənməni balanslaşdıran bir vergi mexanizmi tətbiq oluna bilər. Belə ki, 2000 manata qədər maaşlara 0%, 2001-5000 manata qədər maaşlara 5%, 5001-10000 manat arası əmək haqlarına 10%, 10001-20000 manat əmək haqlarına 15%, 20 000 və yuxarı maaşlara 20% gəlir vergisi tətbiq oluna bilər.

Bu yanaşma aşağı və orta gəlirli işçilərin gəlirini qoruyar, sahibkarlara isə maaş fondunu kəskin şəkildə artırmadan işçi saxlamağa şərait yaradar. Ən önəmlisi isə leqal əmək münasibətlərinin qorunması təmin olunar.

Beynəlxalq təcrübəyə əsasən, məsələn Estoniya, Gürcüstan və Litva kimi ölkələrdə tətbiq olunan sadə və aşağı dərəcəli vergi modelləri leqal məşğulluğu artırmaqla yanaşı, həm də büdcə gəlirlərini sabit saxlayır. Almaniya və Fransa kimi ölkələr isə yüksək gəlirli vətəndaşlardan daha çox vergi alaraq sosial bərabərliyi qoruyur.

Azərbaycan üçün isə hər iki modelin qarışığı, yəni aşağı gəlirli işçiləri qoruyan və sahibkarlarıa şərait yaradan vergi siyasəti ən uyğun variantdır. İşçi və sahibkar əslində bir-birinə rəqib deyil, onlar eyni məqsəd üçün çalışan iki tərəfdir. Əgər biri uduzursa, digəri də uzunmüddətli perspektivdə itirəcək. Ona görə də vergi siyasəti bu tarazlığı qorumalı, əməkdaşlıq mühitini qoruyub saxlamalıdır. Vergi güzəştləri dövrünün bitməsi yeni çətinliklərin yox, yeni imkanların başlanğıcı ola bilər.

Çinarə Ağayeva
Biznes məsləhətçi


MANŞET XƏBƏRLƏRİ