İran Prezidenti Məsud Pezeşkianın İrəvanda ölkəsinin bayrağı ilə yanaşı Ermənistan bayrağının nişanını da sinəsinə taxması müzakirələrə səbəb olub. Onun Bakı və İrəvana səfərində çəkilmiş şəkillər sosial şəbəkənin Azərbaycan seqmentində müqayisə edilir: Bakıda yalnız İran bayrağı taxan Pezeşkian, İrəvanda həm İran, həm də Ermənistan bayraqlarından istifadə edib.
Bu jestin arxasında nə dayanır? Azərbaycanla münasibətlərdə yaxınlaşma və yumşalma xətti seçən İran Prezidenti Məsud Pezeşkian niyə belə bir addım atıb?
Globalinfo.az-a danışan politoloq Elxan Şahinoğlu vurğulayıb ki, indiki mərhələdə ən önəmli məqam İran Prezidentinin Azərbaycanla münasibətlərə verdiyi dəyərdir:
“Pezeşkian keçmiş prezidentlərdən fərqli olaraq qonşu dövlətlər, xüsusilə Azərbaycanla əlaqələrin inkişafında maraqlıdır. Ermənistan səfərindən əvvəl o, iki dəfə Azərbaycanda olub və Prezident İlham Əliyevlə mehriban, konstruktiv müzakirələr aparıb.
Əlbəttə, İrəvanda İran və Ermənistan bayraqlarını birlikdə göstərmək narahatlıq yarada bilər, lakin bu, İrəvan üçün edilən kiçik jestdir. Müqayisə üçün deyə bilərik ki, Pezeşkianın Azərbaycana səfəri zamanı göstərdiyi jestlər daha mühüm və diqqətçəkən idi. Üstəlik, həmin səfər hazırda Azərbaycanda narazılıq yaratmır, çünki sülh sazişi paraflanandan sonra sülh quruculuğu prosesləri vacibdir”.
Politoloq qeyd edib ki, İranın mühafizəkar dairələrinin Zəngəzur dəhlizinin açılmasına qarşı çıxması fonunda Paşinyan-Pezeşkian görüşü xüsusilə əhəmiyyətlidir:
“Bu görüşdə tərəflər layihənin İranın maraqlarına zidd olmadığını müzakirə edə bilərlər.
Səfərin bu və digər mühüm məqamlarına diqqət yetirmək lazımdır. Kiçik bir jest regionda əldə olunan mühüm nəticələri kölgələməməlidir”.