Putin Zelenskiyə görə məşhur sözünü pozdu: Ukraynanı sevindirən təklif – 31 sonra qaytarılır


Rusiya Prezidenti Vladimir Putin, ABŞ Prezidenti Donald Tramp və Ukrayna lideri Volodimir Zelenski arasında üçtərəfli görüşün Macarıstanda keçirilməsi ehtimalı müzakirə olunur. Lakin rəsmi Kiyevin bu variantdan imtina edəcəyi bildirilir.

Məlumata görə, buna səbəb 1994-cü ildə imzalanmış Budapeşt Memorandumudur. Həmin sənədə əsasən, ABŞ, Böyük Britaniya və Rusiya Ukraynanın ərazi bütövlüyünə və təhlükəsizliyinə zəmanət verdi, bunun müqabilində Kiyev nüvə arsenalından imtina etdi.

Globalinfo.az-a danışan politoloq Elşən Mustafayev deyib ki, Putin və Zelenski arasında görüşün nə vaxt və harada olacağı ilə bağlı bu günə qədər heç bir konkret detal məlum deyil:

“Ümumiyyətlə, belə bir görüşün mütləq şəkildə baş tutacağını demək də olmur. Zelenski müzakirəyə razılıq versə də, hələlik Putin elə bir şey söyləməyib. Rəsmi Kreml belə bir hadisənin ola biləcəyi ilə bağlı ehtimallar səsləndirir.

Rusiya liderinin son 2-3 ildə Zelenskini prezident kimi tanımadığını və onunla hər hansı görüşün mümkün olmayacağını dəfələrlə bəyan etməsi görüşə razılıq verməsini çətinləşdirir. Amma bunu birbaşa ifadə edə bilmir. Odur ki, əgər Putin bu kompleksdən qurtula bilsə və görüşdən özü üçün müəyyən faydalar əldə ediləcəyini görsə, razılıq verəcək. Əks halda, müxtəlif bəhanələrlə, günahı Ukraynanın və ya üçüncü tərəflərin üzərinə atmaqla, ən azı yaxın dövr üçün bu təmaslardan yayınacaq və bir qədər də vaxt udmağa çalışacaq.

Gedişatın nəticəsi isə ABŞ və Avropa İttifaqı (Aİ) ölkələri liderlərinin, o cümlədən Böyük Britaniyanın atacağı növbəti addımlardan asılı olacaq. Hesab edirəm ki, görüşün keçiriləcəyi yerin müəyyən olunmasından daha vacibi onun ümumiyyətlə baş tutub-tutmayacağını dəqiqləşdirməkdir.

Konkret yer məsələsinə gəldikdə isə Rusiya tərəfi bu mövzuda müəyyən təkliflər irəli sürməyə cəhd göstərəcək. Zelenski üçün hər hansı kompleks və ya problem yoxdur. Əsasən Kreml məsələyə yanaşmada söz sahibi olmağa çalışacaq”.

elsen mustafayev politoloq
Elşən Mustafayev

Politoloqun sözlərinə görə, bu günə qədər görüşlə bağlı dəqiq qərar olacağı təqdirdə bir neçə ölkənin ev sahibliyi ehtimalı müzakirə edilib:

“Onların arasında Budapeştin də adı hallanır. Macarıstanın Baş naziri Viktor Orbanın Putinlə münasibətləri normaldır və müharibə dövründə Moskvaya səfərləri olub, Rusiya ilə bağlı Aİ-nin bir sıra qərarlarını ölkəsi adına bloklayıb. Lakin o, yenə də Avropa İttifaqına üzv ölkənin rəhbəridir.

Macarıstan müxalifəti isə bu məsələdə Orbandan fərqli düşünür. Həmçinin, Aİ ölkələri arasında sərhədlərin olmaması səbəbindən görüşün təhlükəsizliyi mövzusu də rəsmi Kreml üçün suallar doğura bilər.

Digər mühüm məsələ isə 1994-cü ildə ABŞ, Böyük Britaniya, Rusiya və Ukrayna arasında Kiyev üçün təhlükəsizlik zəmanətinin məhz Budapeştdə imzalanmasıdır. Həmin vaxt bu zəmanətə güvənən müstəqil Ukrayna dövləti əlində olan minlərlə nüvə başlığını Rusiyaya verdi, nüvə silahının yayılmaması haqqında sənədə imza atdı. Lakin 2014-cü ildə Krımın ilhaqı ilə bu sənəd faktiki olaraq kağız parçasına çevrildi”.

Politoloq bildirib ki, Rusiya Budapeştdə görüşə razılıq versə, Zelenski də “hə” deyəcək:

“Budapeştdə keçiriləcək görüş bütün dünyaya Ukraynanın 1994-cü ilə qədər nüvə dövləti olduğunu və məhz orada verilən təhlükəsizlik zəmanəti müqabilində bu statusdan imtina etdiyini xatırladacaq.

Onsuz da hazırda Rusiyanın işğalı səbəbindən Budapeşt Memorandumunun şərtləri pozulub və Ukraynanın nüvə silahının yayılmaması ilə bağlı imzaladığı sənədin hüquqi qüvvəsi sual altındadır. ABŞ və Qərbdə bu ideyanı dəstəkləyənlər də var. Ukraynaya nüvə başlıqları verməklə onun keçmiş statusunu ABŞ və Böyük Britaniya bərpa edə bilər. Bunun üçün həm onların, həm də Kiyevin hüquqi əsasları mövcuddur”.


MANŞET XƏBƏRLƏRİ