Toylar başlayır: Qızıl BAHALAŞACAQ?


Bir neşə gündən sonra Azərbaycanda Məhərrəmlik başa çatacaq. Bununla da toy mövsümünə start veriləcək.

Toy mövsümünün başlaması isə zinət əşyalarına, qızıla təlabatı artırır.

Maraqlıdır, qızılın qiymətində artım gözlənilirmi?

Rövşən Əmircanov: Azərbaycanda müşahidə olunan dəyişikliklər əsasən süni xarakter daşıyır

Məsələ ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən “Azərbaycan Zərgərlər Assosiasiyası”nın İdarə Heyətinin sədrinin müavini Rövşən Əmircanov bildirib ki, Azərbaycanda bəzi mövsümi hadisələrə görə qiymətlərdə artım və ya azalma müşahidə olunur ki, bu, toy mövsümünə də aiddir.

Onun sözlərinə görə, belə dəyişikliklər əslində süni qiymət artımı hesab olunur. Müsahibimiz izah edib ki, qızılın real dəyəri dünya birjalarında formalaşır və Azərbaycan bazarında da qiymətlər əsasən həmin göstəricilərə uyğun müəyyənləşir.

R.Əmircanov nəzərə çatdırıb ki, qiymətlərin formalaşmasında beynəlxalq amillər daha çox rol oynayır. Dediyinə görə, Avropa ilə Amerika arasında baş verən tarif münasibətləri, iqtisadi münaqişələr, siyasi gərginliklər, eləcə də Yaxın Şərqdə davam edən müharibələr bu sahədə əsas müəyyənedici faktorlar sırasındadır.

“Azərbaycanda isə toy mövsümündə süni qiymət artımına yol verilir. Halbuki eyni vəziyyət Məhərrəmlik dövründə də yaşanır. Toyların olmaması ilə bağlı qiymətlərin düşməsi də süni azalmadır. Əslində isə əsas qiymət yalnız beynəlxalq bazarda baş verən dəyişikliklərdən təsirlənir.

Yəni toy mövsümünün başlaması ilə bağlı qızılın qiymətində real artım yoxdur. Azərbaycanda müşahidə olunan dəyişikliklər əsasən süni xarakter daşıyır”,- deyə Rövşən Əmircanov qeyd edib.

Natiq Cəfərli:Toy mövsümündə qızıla marağın yüksəlməsi bahalaşmaya səbəb ola bilər

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açılama verən iqtisadçı Natiq Cəfərli bildirib ki, Azərbaycanda qızılın qiyməti yerli bazardan deyil, əsasən dünya bazarlarından asılıdır.

Son vaxtlar dünya bazarında qızılın qiymətində müəyyən sabitləşmənin müşahidə olunduğunu deyən ekspert əlavə edib ki, hətta bəzi hallarda azalmalar da qeydə alınıb:

“Bu dəyişikliklər Azərbaycanın daxili bazarına da müəyyən təsir göstərir”.

Natiq Cəfərli qeyd edib ki, bundan əvvəlki aylarda qiymətlərdə ciddi artımlar vardı. Müsahibimiz bunun əsas səbəbinin ticarət müharibələri təhlükəsi olduğunu vurğuıayıb. Onun sözlərinə görə, həmin dövrdə investorlar bütün vəsaitlərini qızılda saxlamağa üstünlük verirdilər:

“İndi isə müəyyən sabitlik mövcuddur. Bununla belə, daxili bazarda tələbin artması, xüsusilə də toy mövsümündə qızıla marağın yüksəlməsi qiymətlərin müəyyən dərəcədə bahalaşmasına səbəb ola bilər”.


MANŞET XƏBƏRLƏRİ