2024-cü il dekabrın 25-də Azərbaycan Hava Yollarına (AZAL) məxsus Embraer 190 təyyarəsinin Rusiya tərəfindən vurulması ilə bağlı “Minval Politika” resursunun apardığı araşdırma sensasion faktları üzə çıxarıb.
Turkustan.az xəbər verir ki, araşdırmada Rusiya hərbi komandanlığına məxsus konkret adlar və təfərrüatlar təqdim olunub.
Təyyarəyə zərbənin endirilməsində adı hallanan şəxslər bunlardır:
• Kapitan Dmitri Yevgenyeviç Pudovkin – 51-ci Hava Hücumundan Müdafiə (PVO) diviziyasının döyüş idarəetmə qrupunun baş naviqatoru;
• Podpolkovnik Vladimir Viktoroviç Yanovski – Cənub Hərbi Dairəsinin əməliyyat növbətçisi;
• Polkovnik Gennadi Nikolayeviç Yeremenko – 4-cü Qvardiya Hərbi Hava Qüvvələri və PVO ordusunun döyüş komandanlığı növbətçisi.
Raketin buraxılmasına əmr verən şəxs:
Əsas qərarın general-polkovnik Aleksandr Tolopilo tərəfindən verildiyi bildirilir. O, 51-ci PVO diviziyasının komandiri olub və məhz onun əmri ilə raket atılıb. Hadisədən sonra isə Tolopilo məsuliyyəti öz üzərindən atmağa cəhd göstərərək, “raketlərin avtomatik öz-özünə məhv olduğunu” iddia edib. Daxili istintaq bu versiyanı təkzib etsə də, Tolopilo heç bir cəza almayıb, əksinə, vəzifədə irəlilədiyi deyilir.
“Minval Politika” redaksiyası vurğulayıb ki, hadisə ilə bağlı bütün şəxsi məlumatlar və əlaqə vasitələri Azərbaycan hüquq-mühafizə orqanlarına təqdim edilib. Araşdırma nəticəsində əldə edilən faktlara Rusiya tərəfi hələ də rəsmi münasibət bildirməyib, heç bir təkzib və cavab verilməyib.
Redaksiyadan sərt açıqlama:
Minval Politika-nın redaktoru Emil Mustafayev bildirib:
“Rəsmi Moskva təqdim etdiyimiz sənədlərə reaksiya verməyib. Bu səssizlik göstərir ki, məlumatlarımız doğrudur və onların deyəcək sözü yoxdur.”
Redaksiya, həmçinin qeyd edib ki, Tolopilo və digər hərbçilərlə birbaşa əlaqə qurmağa çalışıblar, lakin zənglər “+994” nömrələrindən gəldiyi üçün cavabsız qalıb.
Jurnalistlər Rusiya ictimaiyyətini və media nümayəndələrini bu məsələni diqqətlə izləməyə, Prezident Aparatı, Müdafiə Nazirliyi və Baş İstintaq Komitəsi qarşısında məsələ qaldırmağa çağırırlar.
Qeyd edək ki, dekabrın 25-də Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsi Rusiya hava məkanına daxil olduqdan sonra raketlə vurulmuş, hadisə nəticəsində təyyarədə olan bütün şəxslər həlak olmuşdu. Bu insident Azərbaycan ictimaiyyətində və beynəlxalq səviyyədə ciddi rezonansa səbəb olmuşdu.
Məsələ ilə bağlı araşdırmalar davam edir.
Musavat.com