Ermənistan “3+3” formatda (Türkiyə, Rusiya, İran, Azərbaycan, Gürcüstan və Ermənistan) növbəti görüşə ev sahibliyi etməyə hazır olduğunu açıqlayıb. Rəsmi İrəvan növbəti iclasa ev sahibliyi edə biləcəyi məsələsi ötən ilin dekabrında İstanbul görüşündə gündəmə gəlmişdi. Məsələnin yenidən aktuallaşması isə Rusiya xarici işlər naziri Sergey Lavrovun İrəvan səfərində verdiyi açıqlamalardan qaynaqlanır.
Lavrov İrəvanda Ermənistan rəhbərliyinə regional ölkələrin maraqlarına zidd addımların müsbət perspektiv vəd etmədiyinə dair xəbərdarlıq etdi. Hesab etmək olar ki, İrəvan “3+3” formatının növbəti görüşünə ev sahibliyi etməklə regional əməkdaşlıqda maraqlı olduğunu sərgiləmək istəyir. Bu, Rusiyanın regiona yenidən qayıtması və ilk olaraq Ermənistanda itirdiyi mövqelərini bərpa etmək istəkləri, o cümlədən, Trampın gəlişindən sonra Qərbdə İrəvana verilən dəstəyin azalması fonunda Paşinyan hakimiyyətinin qərbyönümlü siyasi kursuna korrektlər etmək planlarına da uyğun görünür.
Lakin “3+3” formatındakı növbəti görüşün gündəmə gəlməsinə daha çox situativ kontekstdə baxa bilərik. Format çərçivəsində iclaslar rotasiya əsasında həyata keçirilir: ilk görüş 2022-ci ildə təsis iclası çərçivəsində Moskvada keçirildi, birinci nazirlər görüşü 2023-cü ildə Tehranda, ikincisi 2024-cü ildə İstanbulda baş tutub. Üçüncü görüş ya Bakıda, ya İrəvanda keçirilməlidir (Gürcüstan Rusiya amilinə görə hələ də məsafə saxlayır). Lavrov da İrəvanda “3+3” formatında üçüncü nazirlər görüşünün Ermənistan və Azərbaycan ərazisində keçirilməsini təklif edib.
İrəvanın növbəti görüşə ev sahibliyi etmək istəyini iki kontekstdə dəyərləndirmək olar.
- Bununla “regional əməkdaşlıqda maraqlı olduğunu” nümayiş etdirəcək və Qərbyönümlü siyasətinə balans yaradacaq;
- Azərbaycan xarici işlər nazirinin Ermənistana getməsi ilə “qarşılıqlı səfərlərdə” bir addım önə çıxacaq və bundan “sülh gündəliyi”nin öz maraqlarına uyğun təbliğində istifadə edəcək;
“3+3” formatının əsas təşəbbüskarlarından olan rəsmi Bakı üçün görüşün harada keçirilməsindən daha çox, regional əməkdaşlığa verdiyi töhfə önəmlidir. Bu baxımdan, İrəvanın ev sahibliyi etməsi prinsipial olaraq problem təşkil etməyə bilər. Hətta xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanın Ermənistana qarşı tələblərini birbaşa İrəvanda səsləndirmək imkanı qazana da bilər. Lakin burada Bakı üçün iki tərəddüdlü amil var.
Birincisi, Paşinyan hakimiyyətinin sülh sazişini öz maraqlarına uyğun təbliğ etmək imkanı qazanmasıdır: Ermənistanın Azərbaycan XİN rəhbərinin səfərini “Bakı İrəvanın günədliyini qəbul edir” kontekstində şərh edəcəyi istisna deyil;
İkincisi, Ermənistan rəhbərliyi COP29 tədbiri zamanı Azərbaycanın dəvətindən imtina etməsidir: Paşinyan hakimiyyəti “Azərbaycanın gündəliyini qəbul edir” görüntüsü yaratmamaq üçün Bakıya gəlməkdən imtina etmişdi;
Bu kontekstdə Azərbaycanın “3+3” formatının Ermənistanda keçiriləcək iclasında yer alması sual altına düşə bilər. Lakin iştirakdan imtinanın Bakının öz təşəbbüskarı olduğu formata qarşı addımı kimi qəbul edilməsi riskini də daşıyır.
Bakının bu vəziyyətdən çıxmaq üçün üçüncü variantı qalır: “3+3” formatının növbəti iclasının Bakıda, yoxsa İrəvanda keçirilməsi qərarı hələ verilməyib. Azərbaycan formatın ideya müəlliflərindən biri kimi üstünlüyündən istifadə edərək, növbəti görüşün İrəvandan öncə Bakıda keçirilməsi təşəbbüsündən çıxış edə bilər. Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Bakıya gələcəyi təqdirdə, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov da İrəvanda keçiriləcək görüşə qatıla bilər.
Asif Nərimanlı
publika.az