Aİ-nin yeni genişlənmə konsepsiyası: daxili ziddiyyətlər və geosiyasi risklər


Kamal Adıgözəlov

(III məqalə)

(II məqalə BU LİNKDƏ)

Avropa İttifaqının (Aİ) genişlənməsi məsələsində yeni məqamlar meydana çıxmaqdadır. İndi avropalılar Ukrayna və Moldovanın sürətlə təşkilata üzv olmasından və Qərbi Balkan ölkələrinin də bu prosesə cəlb edilməsindən bəhs edirlər. Eyni zamanda, hansı ölkəni nə zaman təşkilata daxil etmək məsələsində yekdil mövqe nəzərə çarpmır. Aİ bu məsələdə sanki qeyri-müəyyənlik içindədir. Həmin kontekstdə üzvlüyə namizədlərdən haqqında danışılmayan tək ölkənin Türkiyə olması da düşündürücüdür. Eyni zamanda, Gürcüstanın təşkilata namizədliyinin təmin edilməsi haqqında ümidverici informasiyalar yayılır. Bütün bunlar təbii ki, küll halında Avropa İttifaqına qonşu geosiyasi məkanda ciddi proseslərə təkan verə bilər.

Brüsselin iki arqumenti: genişlənmə zəruridirmi?

Avropa İttifaqının genişlənməsi məsələsi nəinki təşkilatın siyasətinin gündəmindən düşmür, əksinə, hətta yeni aktuallıq çalarları alır. Açıq hiss olunur ki, Brüssel tələsir. Bu tələskənliyi də dolayısı ilə mövcud qlobal geosiyasi mənzərə və dünyada müşahidə edilən əsas tendensiyalarla əlaqələndirməyə çalışır.

Aİ öz addımlarını arqumentləşdirməyə çalışdıqca, onun strateji geosiyasi məqsədləri də aydın olur. "Bloomberg"in məlumatına görə, Brüsselin hazırladığı son sənədlərin birində genişlənmənin əsaslandırılması ilə bağlı iki mühüm məqam vardır. Birincisi, "Aİ-nin genişlənməsi bütün kontinentdə çiçəklənmənin, sülhün və uzunmüddətli sabitliyin hərəkətverici qüvvəsidir". İkincisi, genişlənmə "geosiyasi sərmayə"dir.

Lakin aydın deyildir ki, nə üçün Aİ-nin genişlənməsi bütün bəşəriyyət üçün yalnız müsbət hal kimi qəbul edilməlidir və hətta avropalıların inteqrasiyasının genişlənməsi "geosiyasi sərmayə"dir? Bunların izahı yoxdur. Ola da bilməz. Çünki ortada avropalı özündənrazılığı və dəyərlərini universal dəyərlər kimi yeritmə siyasəti vardır. Həm də bu siyasət uzun müddətdir ki, aparılır.

Başqa suallar da mövcuddur. Lakin reallıq ondan ibarətdir ki, Brüssel genişlənmə ilə bağlı mövqeyinə sürətlə korrektələr edir. Ekspertlər hesab edirlər ki, Ukrayna, Moldova və Gürcüstanla bağlı yeni qərarların verilməsi bununla əlaqəlidir. Eyni dərəcədə 5 Balkan dövlətinin (Albaniya, Şimali Makedoniya, Serbiya, Monteneqro, Bosniya və Herseqovina) təşkilata üzvlüyü məsələsi ilə bağlı atılan addımlar bu qəbildəndir. Aİ-yə üzvlüyə 10 namizəddən yalnız Türkiyə ilə əlaqəli informasiya yoxdur. Lakin Türkiyə 10 namizəd içərisində ən güclüsüdür. Aİ güclülərdən qorxurmu?

Bu vəziyyət nəyi ifadə edir? Aİ konkret genişlənmə xətti seçib və orada öz maraqlarını təmin etmək prinsipi başlıca yer tutur. Bu mənada Brüssel üçün fərqi yoxdur ki, "Türkiyə 1999-cu ildən namizəd kimi gözləyir" reallığı ilə Ukrayna və Moldova cəmi bir il öncə - 2022-ci ilin iyununda, üzvlüyə namizəd kimi qəbul olunublar" reallığını ədalət və vicdanla müqayisə etsin! Eyni qayda ilə 5 Balkan dövlətinin qəbulunun niyə sürətləndiyini əlini vicdanına qoyub izah etsin.

Bunların fonunda Avropa İttifaqının hələ də təcavüzkar Ermənistana haqq qazandırmaq və Azərbaycanla hədə dilində danışmaq cəhdi təəccüblü görünmür.

Ancaq yenə də... Aİ güclü və böyük təşkilatdır və onun bu cür addımının təhlili lazımdır. Genişlənmə məsələsində ilk sual namizədlərə qoyulan şərtlər və mərhələlərlə bağlı olur.

Maastrixt müqaviləsinə və Aİ-nin sənədlərinə görə, aşağıdakı 6 prinsipə əməl edən ölkə təşkilata üzv ola bilər: 1) Aİ-nin imzaladığı müqavilələrə, o cümlədən demokratiyaya, azadlığa, insan hüquq və azadlıqlarına, vətəndaşlığa hörmət etmək; 2) sabit dövlət və ictimai institutlara malik olmaq; 3) demokratik dəyərləri gözləmək; 4) qanunun aliliyini təmin etmək, insan haqlarını gözləmək; 5) işlək bazar iqtisadiyyatına və sabit maliyyə vəziyyətinə malik olmaq; 6) milli qanunvericiliyi Avropa hüquqlarının prinsiplərinə uyğunlaşdırmaq.

Bu şərtlər daxilində iddiaçı ölkə üç mərhələni keçməlidir: birincisi, üzv olmaq istəyini rəsmən bildirməli, ikincisi, danışıqlara başlamalı, üçüncüsü, Avropa Komissiyasının yoxlamalarından sonra iddiaçının təşkilata üzv olub-olmama məsələsi barədə qərar verilməlidir.

CDN media

Lakin reallıqda və konkret nümunələrdə bu prinsiplərə əlavə kimi görünən şərtlər də qoyulur. Və ya həmin prinsiplərin ayrı-ayrı çalarlarının fərqli ölkələrə fərqli dərəcədə tətbiq edildiyi görünür. Bəzən bu məsələ Aİ-nin daxili təşkilatlanma ehtiyacı ilə bağlı olmayan faktorlara dayanır. Məsələn, "Bloomberg" yazır ki, Aİ bu prosesi ona görə sürətləndirir ki, qonşu dövlətlərin Avropa dəyərlərini bölüşməyən ölkələrin təsiri altına düşməməsinə çalışır. Yəni, sırf geosiyasi və mədəni xarakterli arqument gətirir. Bu baxımdan Moldova və Ukrayna üçün qoyulan şərtlər maraq doğurur.

"Bloomberg" vurğulayır ki, Brüssel Ukrayna və Moldova qarşısında azlıqlar haqqında qanunlara dəyişiklik etmək, oliqarxlara qarşı kəskin mübarizə aparmaq, lobbizmlə barışmamaq, korrupsiya ilə mübarizəni gücləndirmək kimi şərtlər qoyur. Aİ-də hesab edirlər ki, Kiyev və Kişineu digər şərtlərə əməl ediblər.

Həssas geosiyasi məkan: Aİ nüfuz edə biləcəkmi?

Bu şərtlərə Ukrayna və Moldovanın reaksiyası normaldır. Ukrayna Prezidenti Aİ-nin qərarından məmnunluğunu ifadə edib. Moldova Prezidenti isə daha irəli gedərək Dnestryanı bölgə olmadan da birinci mərhələdə Aİ-yə üzv ola biləcəklərini bəyan edib, sonrakı mərhələdə insanların özlərinin Aİ-ni seçəcəyinə inandığını deyib.

Bunların fonunda Gürcüstan aciz görünür. Rəsmi Tbilisi iddia edir ki, qoyulan şərtlərin hamısına əməl edib. Brüsselin qənaətinə görə isə, Gürcüstan 12 şərtdən 9-una əməl etməyib! Yəni, faktiki olaraq, heç bir iş görməyib. Buna baxmayaraq, Aİ Tbilisidən seçki qanununu təkmilləşdirməyi, siyasi müxalifətə münasibətini dəyişməyi, məhkəmə sistemini daha şəffaf və demokratik etməyi tələb edir.

Bütün bunlar Aİ-nin özündə iki məsələ üzrə aparılan müzakirələrin fonunda baş verir. Məlumdur ki, Brüsseldə genişlənməni təşkilatda daxili idarəetmənin yeniləşməsi ilə geosiyasi çağırışların uyğunlaşdırılması kontekstində qoymuşdular. Yəni, "öncə Aİ-nin özündə müxtəlif istiqamətlərdə islahatlar aparılmalı, genişlənməyə isə sonra baxılmalıdır" kimi bir tələb meydana gəlmişdi. İndi isə bundan çəkilirlər. Lakin məsələ hələlik tam həllini tapmayıb.

Çünki bir qrup Aİ rəsmisi üzvlərin 2030-dan tez qəbulunu doğru saymır. Digərləri isə məsələyə konkret namizədin hazırlıq səviyyəsinə görə baxmağa üstünlük verirlər. Bu baxımdan Ukraynanın təşkilata qəbulunun tələsik addım olduğu vurğulanır. Məsələn, Jozep Borrel bu mövqedədir. Xanım Ursula Fon der Lyayen isə məsələnin mütləq surətdə 2030-cu illə bağlanmasını doğru saymır.

Hər bir halda burada Avropa ittifaqının bir məsələdə tərəddüd etdiyi, digərinə görə isə narahat olduğu aydınlaşır.

Brüsseli tərəddüdə təhrik edən müasir dünyada geosiyasi turbulentliyin getdikcə artmasıdır. Bunun fonunda Aİ həm təşkilat kimi güclənmək, həm də daxili qanunvericiliyini elə səviyyəyə yüksəltmək istəyir ki, geosiyasi çağırışlar qarşısında təşkilat büdrəməsin. Onun həlli yolu isə hələ məlum deyil.

Aİ-də narahatlıq doğuran məsələ isə bir sıra böyük dövlətlərin öz geosiyasi nüfuzlarını artırması fonunda Avropa dəyərlərinin universallığı iddiasının iflasa uğraması ilə bağlıdır. Bunu Brüssel iki tezislə bildirir: "yeni geosiyasi sərmayə qoyulmalıdır" və "bir sıra qonşu ölkələrin Avropa dəyərlərini bölüşməyən güclü dövlətlərin təsiri altına düşə bilməsi"! Brüssel hesab edir ki, əgər bu iki şərti nəzarətə götürsə, dünya "çiçəklənəcək"!

Deməli, daha dərinlərdə söhbət Aİ-nin qonşuluq siyasətinə müəyyən düzəlişlər etməsindən gedir. Və bu prosesdə Ukrayna və Moldovanın tez-tələsik təşkilata üzvlüyü məsələsinin həlli də vardır.

Ancaq bütün bunlar realdırmı? Biz yalnız bir neçə ziddiyyəti qeyd etdik. Təbii ki, daha dərinlərdə olan və həm də Aİ-yə təşkilat kimi daxilən xas olan suallar da mövcuddur. Bundan başqa, ABŞ və Böyük Britaniya faktorlarını da nəzərə almaq lazımdır. Məsələn, Aİ-dən çıxmış Böyük Britaniya bu təşkilatın daha da güclənib yenidən cazibə mərkəzinə çevrilməsini necə qiymətləndirəcək? Və yaxud dünya liderliyini davam etdirmək üçün Çinlə ölüm-dirim savaşına girişmiş Amerika daha güclü və nüfuzlu Aİ arzulayırmı?

Nəhayət, dünyada söz sahibi olmaq istiqamətində çalışan Rusiya, Braziliya, Türkiyə, Hindistan kimi güclü dövlətlər Brüsselin iddialarına necə qarşılıq verəcəklər?

Bunlar cavabını gözləyən suallardır. Onların fonunda bizim üçün Aİ-nin genişlənməsinin Cənubi Qafqazın geosiyasi mənzərəsinə necə təsir edə biləcəyi məsələsi də aktualdır. Bunun üçün ayrıca təhlil gərəkdir.


MANŞET XƏBƏRLƏRİ