Vəliyəddin İsmayılov - 80 ilin səhifələrində


İSMAYILOV VƏLİYƏDDİN MİSİR OĞLUNUN TƏRCÜMEYİ-HALI

1943-cü ildə Azərbaycan Respublikası Kəlbəcər rayonunun Moz-Qaraçanlı kəndində anadan olmuşdur.

1960-cı ildə Kəlbəcər rayonunun Ağcakənd kənd tam orta ümumtəhsil məktəbini bitirmişdir.

1960-1962-ci illərdə kolxozçu olmuş, 1967-ci ildə S.Ağamalıoğlu adına Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu, 1971-ci ildə Zaqafqaziya Komsomol Məktəbini, 1976-cı ildə Bakı Ali Partiya Məktəbini bitirmişdir.

1967-1968-ci illərdə rayonun "Bakı" və "Qələbə" kolxozlarında mütəxəssis, 1968-1969-cu illərdə Kəlbəcər Rayon Komsomol Komitəsində Təşkilat Şöbəsinin müdiri, 1969-1973-cü illərdə Rayon Komsomol Komitəsinin birinci katibi vəzifələrində işləmişdir.

Ona etimad göstərilərək partiya işinə keçirilmiş, Rayon Partiya Komitəsində 1973-1974-cü illərdə təlimatçı vəzifəsində işləmiş, 1974-1976-cı illərdə Bakı Ali Partiya Məktəbində dinləyici olmuşdur.

1976-1980-ci illərdə Kəlbəcər Rayon Partiya Komitəsində Təşkilat Şöbəsinin müdiri, 1980-1983-cü illərdə Kəlbəcər Rayon Xalq Nəzarəti Komitəsinin sədri, 1983-1989-cu illərdə Rayon İcraiyyə Komitəsinin sədr müavini, Kəlbəcər Rayon Aqrar-Sənaye Birliyi Şurasının sədri, 1989-1996-cı illərdə Azərbaycan Respublikası Dövlət Aqrar Sənaye Komitəsində, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyində, Ət-Süd Sənaye Nazirliyində, "Azəryeyintisənaye" Dövlət Şirkətində baş mütəxəssis, şöbə rəisi, Mərkəz direktoru vəzifələrində işləmişdir.

1996-cı ildən "Azərsu" Səhmdar Cəmiyyətində rəis müavini, şöbə rəisi vəzifələrində çalışmış, ömrünün iyirmi ilə yaxınını "Abşeron Regional Səhmdar Su Cəmiyyəti"nin və "Azərsu" Səhmdar Cəmiyyətinin inkişafına, "Böyük Bakı"nın, ümumiyyətlə respublika əhalisinin içməli su ilə təchizatına böyük əmək sərf etmiş, dəyərli töhfələrini vermişdir. Bu sahədə dünya təcrübəsinin öyrənilməsi üçün Böyük Britaniyanın London, Birmingem şəhərlərində, Türkiyənin İstanbul şəhərində olmuşdur.

Kəlbəcər rayonunda rəhbər vəzifələrdə işləyən dövrlərdə rayonun mədəni-quruculuq sahəsində, sosial-iqtisadi inkişafında yorulmadan çalışmış, kəndlərin abadlaşdırılmasında, əhalinin işlə təmin edilməsi, rifah halının yaxşılaşdırılması üçün bütün qüvvələrini sərf etmiş, vəzifəsi və səlahiyyəti çərçivəsində bütün tədbirləri görmüşdür.

Rayonun kənd təsərrüfatına rəhbərlik etdiyi dövrdə rayon əhalisinin işlə təmin edilməsində, kolxoz-sovxozların maddi bazasının möhkəmləndirilməsində, bütün kəndlərin abadlaşdırılması, sosial obyektlərin tikilməsi, kəndarası yolların, yaylaq yollarının çəkilməsi, bəzi yaylaq və binələrin elektrik enerjisi ilə təmin edilməsində şəxsi fəaliyyət göstərmişdir. O dövr üçün bunlar çox böyük nailiyyət idi.

Tutquçay – Abdullauşağı, Abdullauşağı – Moz, Moz – Qoçdaş avtomobil yollarını, Moz-Qaraçanlı – Mehdixanlı yaylaq yolunu çəkdirmişdir. Qoçdaş – Ağyataq su xəttinin (7 km. məsafə) çəkilişini başlatmış, heyf ki, Ermənistanın hərbi təcavüzü nəticisində yarımçıq qalmışdır.

Rayon ərazisində yeni tipli xəstəxana, inzibati-idarə binası, orta məktəb binası, heyvandarlıq kompleksinin tikilməsinə təşəbbüskar olmuş və rəhbərlik etmişdir.

1987-ci ildə Kəlbəcər – Laçın (Bəylik – Lolabağır) Kəlbəcər – Toğana (Murov yolu) yolunun çəkilişi üçün sərf olunan vəsaiti Aqrar-Sənaye Birliyində əldə olunan gəlir hesabına təmin etmişdir. Bu gəlirin əldə edilməsi, abadlıq, quruculuq işlərinin əsaslı inkişafı, tarixdə izi qalan bu yolların çəkilişi o dövrdə rayona rəhbərlik edən şəxslərin və Kəlbəcər əhalisinin çox böyük tarixi qələbəsidir. Çünki bu yollar vasitəsilə Laçın, Kəlbəcər və Göyçə camaatının çox hissəsi erməni təcavüzü zamanı ölüm və işgəncələrdən xilas oldular. Bu həqiqətdir, heç kəs bu tarixi həqiqəti silə bilməz.

Vəliyəddin İsmayılov respublikanın və Kəlbəcər rayonunun ictimai-siyasi həyatında fəal iştirak etmişdir. 1969-1975-ci illərdə Respublika Komsomol Mərkəzi Komitəsinin üzvü, 1978-1989-cu illərdə Kəlbəcər Rayon Partiya Komitəsinin büro üzvü, 1969-1989-cu illərdə Rayon Sovetinin deputatı olmuşdur.

"Əmək igidliyi", "Əməkdə fərqlənmə" və V.İ.Leninin 100 illik "Yubiley medalı" ilə təltif olunmuş, "Əmək veteranı", "Ümumittifaq Komsomolu Mərkəzi Komitəsinin "Fəal Komsomol işinə görə", SSRİ İttifaqının "Şərəfli əməyə görə", "Əməkdə fərqlənmə" döş nişanları ilə təltif edilmiş və bir neçə fəxri fərmanlar almışdır.

Vəliyəddin İsmayılov 1998-ci il prezident seçkilərində Azərbaycan respublikasının prezidentliyə namizəd Ulu öndər Heydər Əliyevin Mərkəzi Seçki Qərərgahının üzvü, Qarabağın və digər işğal olunmuş – Kəlbəcər, Laçın, Şuşa, Ağdam, Xocalı, Qubadlı, Cəbrayıl, Zəngilan, Xocavənd, Ağdərə rayonlarının seçicilərinin təşəbbüs qrupunun rəhbəri olmuşdur. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının səlahiyyətli nümayəndəsinin və İlk Təşəbbüs Qrupunun qeydə alınması haqqında 1 №-li şəhadətnaməsi məhz ona verilmişdir. 1998-ci il prezident seçkilərində Ulu öndər Heydər Əliyevin prezidentliyə namizədliyini ilk olaraq təşəbbüs qrupunun adından o irəli sürmüş və Respublika Prezidentliyinə namizəd Heydər Əliyevin Mərkəzi Seçki qərargahının üzvü olmuşdur.

Vəliyəddin İsmayılov 1966-cı ildən dövrü mətbuatda çıxış edir. Yazıçı-publisistdir. Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. "Qızıl qələm" mükafatı laureatıdır. "Hacı Zeynalabidin Tağıyev adına" və "Qarabağ Xeyriyyə Cəmiyyəti"nin mükafatlarına layiq görülüb. 250-dən çox məqalə və publisist yazıların müəllifidir. Otuzdan çox kitabda xatirə yazıları, hekayələri, xalqımızın qədim adət-ənənələri, faktlar və ədəbi mühit haqqında yazıları dərc olunmuşdur. Bir sıra qoşmaları və nəsihətamiz, yumoristik şeirləri vardır.

Xalq-hakimiyyət birliyini şərh edən "Xalqın səsi – Haqqın səsi" kitabının tərtibçisidir.

"Aydın səma" və "Yeni bəşər" qəzetlərinin, şair Bəhmən Vətənoğlunun həyat və yaradıcılığına həsr olunmuş "Bəlkə bir də bitdim, ək məni, dünya" və müqəddəs ocaqlardan olan Seyid Yusif Ağa ocağına həsr edilmiş "Nurdan yaranıb, nura dönən..." adlı xüsusi buraxılış jurnallarının təsisçisidir.

Üç ovladı, yeddi oğul nəvəsi var. Həyat yoldaşı İsmayılova Sona müəllimə, oğlu Vüqar müəllim, oğlu İlqar hüquqşünas, qızı Sevinc həkimdir.

Vəliyəddin İsmayılov otuz ildən çox rəhbər vəzifələrdə çalışmış və hazırda "Dövlət qulluqçusu" təqaüdçüsüdür. Kəlbəcər Ağsaqqallar Şurasının sədridir. Vətəninə, xalqına, qədim soy-kökünə bağlı adamdır. Çox mehriban, səmimi və təvazökardır.

10 fevral 2023-cü il tarixdə Vəliyəddin İsmayılovun 80 yaşı tamam olur. Zəngin həyat və idarəetmə təcrübəsinə malik, müdrik el ağsaqqalı Vəliyəddin İsmayılova möhkəm cansağlığı, bundan sonrakı fəaliyyətində uğurlar və 30 ildən çox həsrətində olduğu, doğulduğu Kəlbəcər rayonunda öz ailə üzvləri, əzizləri və el-obası ilə xoş günlər keçirməyi arzulayırıq.


MANŞET XƏBƏRLƏRİ