Yaxın Şərqdə böhran böyüyür: İran israilli iş adamına məxsus gəmini ələ keçirdi


İran İnqilab Keşikçiləri Körfəz sularında israilli iş adamı Eyal Oferə məxsus gəmini ələ keçirdiklərini açıqlayıb.

İranla İsrail arasında gərginliyin artdığı bir vaxtda İran helikopteri israilli iş adamına məxsus gəmiyə basqın edib.

Turkustan.az xəbər verir ki, Birləşmiş Krallığın Dəniz Ticarət Əməliyyatları (UKMTO) gəminin Körfəzin girişini təşkil edən Hörmüz boğazına yaxın olan Fuceyrədən 92 km şimal-şərqdə ələ keçirildiyini bildirib.

Reuters xəbərinə görə; Portuqaliya bayraqlı gəmi israilli iş adamı Eyal Oferə məxsus MSC Aries of Zodiac Maritime beynəlxalq gəmiçilik şirkətinə məxsusdur.

ABŞ müdafiə rəsmisi, "UKMTO-nun bildirdiyi vəziyyətdən xəbərdarıq və onu izləyirik" dedi, lakin gəminin MSC Aries olub-olmadığını soruşduqda, gəminin adı ilə bağlı heç bir məlumat paylaşmadı.

Çərşənbə axşamı İran İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələrinin komandanı Əlirza Təngsiri zərurət yaranarsa, Hörmüz boğazının bağlana biləcəyini deyib.

ABŞ prezidenti Co Bayden cümə günü deyib ki, o, İranın gec-tez İsrailə hücum edəcəyini gözləyir və Tehrana xəbərdarlıq edib.

Yəmənin İranın dəstəklədiyi Husi qruplaşması, İsrailin Qəzzada həyata keçirdiyi əməliyyata cavab olaraq İsraillə əlaqəli gəmiləri hədəf aldığını bildirərək, Qırmızı dənizdə gəmilərə hücum edərək, qlobal ticarəti pozub.

Gəmilərə edilən hücumlara cavab olaraq ABŞ və Böyük Britaniya da Husilərin hədəflərinə hücumlar təşkil edib.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ