Rusiya ordusunda dəhşət: hərbçilər kannibalizmə əl atıblar


Ukraynanın işğalında iştirak edən bir neçə rus hərbçisi qida çatışmazlığı səbəbindən kannibalizmə əl atıb.

Turkustan.az xəbər verir ki, bu barədə “The Sunday Times” qəzeti Ukrayna hərbi kəşfiyyatının materiallarına, o cümlədən təxminən on iki rus zabitinin fotoşəkillərinə və ələ keçirilmiş audio mesajlara istinadən məlumat yayıb. Nəşrin məlumatına görə, ən azı beş hadisədə Rusiya hərbçiləri öz yoldaşlarını yeyiblər.

Hadisələrdən biri 2025-ci ilin noyabrında Donetsk vilayətindəki Mirnoqrad yaxınlığında baş verib. Təqdim olunan dəlillərə görə, Rusiya ordusunda xidmət edən "Topal" çağırış nişanı olan piyada iki əsgər yoldaşını öldürüb və onlardan birinin ayağını yeməyə cəhd edib. Telegram yazışmalarında adı açıqlanmayan zabit bu barədə kəşfiyyat batalyonu komandirinin müavini Vladislav Razikova məlumat verib və kəsilmiş ayağın fotosunu göndərib. Nəşr yazır ki, şəkillər xüsusi proqram təminatı ilə yoxlanılıb və onların saxta və ya redaktə olunmuş olmasına dair əlamət tapılmayıb.

Şəkli araşdıran müstəqil hərbi cərrah bildirib ki, zədələr döyüş yarasına bənzəmir və ehtimal ki, iti alətlə yetirilib. Audio mesajlarda zabit hadisəni “insident” adlandıraraq deyib ki, həmin hərbçi zirzəmidə insan ətini doğramağa çalışarkən tapılıb, saxlanılmaq istənərkən atəş açıb və öldürülüb. Zabit həmçinin əsgərlərinin “aclıq payı” ilə yaşadığını və qidanın ciddi şəkildə tükəndiyini qeyd edib.

Digər ələ keçirilmiş danışıqlarda da oxşar hallar qeyd olunur. Belə ki, ötən ilin aprelində “Most” çağırış nişanlı hərbçi komandirinə şikayət edərək bir silahdaşının “insan əti yediyini” deyib. 2025-ci ilin oktyabrında isə 1437-ci motoatıcı alayın komandiri tabeliyində olan hərbçinini eyni əməldə ittiham edərək “insan yeməyi” dayandırmağı tələb edib. Başqa bir mesajda 55-ci motoatıcı briqadanın qərargah rəisi alkoqol və narkotiklərlə yanaşı, kannibalizmi də açıq şəkildə qadağan edən əmr verib.

Ukrayna tərəfi həmçinin bildirir ki, əsir götürülən Rusiya hərbçiləri arasında ərzaq çatışmazlığından şikayət edənlərin sayı artır. ABŞ Hərbi Dəniz Qüvvələrinin keçmiş kapitanı və RAND Corporation əməkdaşı Bradley Martin qeyd edib ki, Rusiya ordusunda təminat problemləri ilə bağlı məlumatlar inandırıcı görünür və qoşunların təminatı komandanlıq üçün prioritet deyil. /Modern.az/


MANŞET XƏBƏRLƏRİ