“Son zəng” qadağaları: Uşaqlardan bu fərəhi niyə alırsınız?


“Son zəng” tədbirləri ilə bağlı bir-birinin ardınca gələn qərarlar cəmiyyətdə müzakirə mövzusuna çevrilib. Bizim evdə də 11-ci sinif şagirdi olduğuna görə bu prosesi istər-istəməz daha yaxından izləyirəm.

Əvvəlcə bildirildi ki, xarici musiqilərlə rəqslər olmasın.

Bunu müəyyən mənada anlamaq və qəbul etmək olar. Milli dəyərlərə sadiqlik, ənənələrin qorunması lazımdır.

Sonra geyim məsələsi müzakirə predmeti oldu. Müəllimlər “yuxarıdan” gələn tapşırığa istinad edərək qeyd etdilər ki, şagirdlər yalnız ağ və qara rənglərdən istifadə etməlidirlər.

Niyə? “Son zəng” bir bayramdır, bir dövrün, məktəb həyatının başa çatması, yeni həyata keçiddir. Niyə bu qədər rəngli, əlvan bir günü şagirdlər üçün “ağ-qara” edib, çərçivəyə salırıq? Gənclərin özünüifadəsinə, sevincini göstərməsinə niyə məhdudiyyət qoyulur?

Bu suallar ətrafında düşünərkən daha bir xəbər yayıldı: şagirdlər son zəngə məktəb formasında gəlsinlər.

“Məktəb forması” - hələ qəti və rəsmi qərar deyil. Ancaq müzakirəsi gedir. Səbəb kimi isə klassik arqument irəli sürülür - sosial bərabərlik, ayrı-seçkiliyin qarşısının alınması.

İlk baxışdan bu yanaşma həqiqətən də müsbət və həssas görünür. Ancaq məsələyə bir qədər dərindən baxanda ziddiyyətlər ortaya çıxır. Əgər həqiqətən də məqsəd imkanları nəzərə almaqdırsa, o zaman təhsil sistemində digər maliyyə yükü yaradan məqamlar niyə diqqətdən kənarda qalır? Məsələn, sınaq imtahanları. Bu imtahanlar orta hesabla 20 manat civarındadır və demək olar ki, hər həftə keçirilir. Bir çox şagird ay ərzində ən azı iki dəfə bu imtahanlardan yararlanmağa çalışır.

Qəbul imtahanlarının da ödənişləri var. Cari ilin məzunları üçün ilk iki imtahan pulsuz olsa da, növbəti cəhd artıq 40 manat təşkil edir. Əvvəlki illərin məzunları üçün isə bu məbləğ hər imtahana şamil olunur. Bununla yanaşı, test vəsaitləri də ciddi xərc tələb edir. Şagirdlər adətən ən azı 5 fənn üzrə hazırlaşır və hər fənn üçün iki hissədən ibarət test toplusu almaq məcburiyyətindədir. Bunun da qiyməti təxminən 6 manatdır. Dərsliklərin qiyməti isə 15-20 manat arasında dəyişir.

Bu xərclər formalaşarkən “imkan”, “bərabərlik”, “ayrı-seçkilik” anlayışları niyə eyni həssaslıqla gündəmə gətirilmir? Axı bu məbləği ödəyə bilməyən valideynlərin övladları üçün “ayrı-seçkilik” yaranır!

Repetitor xərclərini isə hələ ayrıca qeyd etmək lazımdır. Artıq hazırlığa getmədən universitetə qəbul olan şagirdlər cəmiyyət tərəfindən “istisna”, hətta “möcüzə” kimi təqdim olunur. Halbuki məktəbin verdiyi bilik kifayət etməlidir. Bizdə isə əksinə, faktiki olaraq orta məktəblərlə paralel pullu təhsil formalaşıb və bu pullu təhsili formalaşdıran da imtahan sistemidir.

Bu “alternativlər”, “ayrı-seçkiliklər” olduğu halda 11-ciləri orta məktəbə bağlayan bəlkə də yeganə tədbiri - ömürlərində cəmi bir dəfə yaşadıqları “Son zəng”i onların əlindən almağa dəyərmi? Onsuz da həyatın qayğıları kifayət qədərdir.

Bəlkə bircə gün - o da məktəb həyatının son günü - onlara sərbəst seçim imkanı vermək, sevinclərini istədikləri kimi yaşamaq haqqını tanımaq daha doğru olardı?! /axar.az/


MANŞET XƏBƏRLƏRİ