Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-nin 80-ci Baş Assambleyasına qatıldıqdan və ABŞ prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtonda apardığı təmaslardan sonra vətənə qayıdıb.
Turkustan.az xəbər verir ki, təyyarədə jurnalistlərin suallarını cavablandıran Prezident Ərdoğan baş tutan səfər və görüşlərlə bağlı mühüm açıqlamalar verib. Altı ildən sonra Ağ Evdə Tramp ilə keçirdiyi görüşə münasibət bildirən Ərdoğan deyib:
“Cənab Tramp və onun nümayəndə heyəti tərəfindən çox səmimi şəkildə qarşılandıq. Vaşinqtondan məmnun ayrıldıq. Bu, çox uğurlu bir səfər idi və heç bir şəkildə kölgələnə bilməz. Cənab Prezidentlə görüşlərimiz səmimi, konstruktiv və məhsuldar bir atmosferdə keçdi. Bildiyiniz kimi, Tramp ilə əvvəldən bəri münasibətlərimiz fərqli səviyyədə olub. Onun ilk prezidentlik dövründən bəri dialoqumuz davam edir və bu münasibətlərin Türkiyə-Amerika əlaqələrinə müsbət təsir göstərəcəyinə inanıram".
Aytən Yaşar/ Turkustan.az