Trampdan dünyanı qorxuya salan BƏYANAT – III Dünya Müharibəsinin ANONSU VERİLDİ


Son günlər ABŞ prezidenti Donald Tramp Rusiyaya qarşı sərt açıqlamaları ilə diqqət çəkir. Belə ki, Tramp Rusiya təyyarələrinin NATO-nun hava məkanına daxil olması ilə bağlı nəhayət, qəti mövqe sərgiləyib.

ABŞ Prezidenti Nyu-Yorkda Ukrayna prezidenti Volodimir Zelenski ilə birgə keçirdiyi mətbuat konfransında bildirib ki, əgər Rusiya təyyarələri NATO ölkələrinin hava məkanına daxil olarsa, onlar vurulmalıdır.

Tramp əlavə edib ki, bu məsələdə konkret addımların atılması şəraitdən asılı olacaq.

Xatırladaq ki, sentyabrın əvvəlindən üzü bəri Rusiya bir neçə NATO ölkəsinə qarşı təxribatlara yol verib. Əvvəlcə Rusiya PUA-larla Polşa və Rumıniya ərazisinə hücum edib. Kremlin sonrakı addımı isə hərbi təyyarələrlə Estoniya sərhədinin pozulması olub. Daha sonra Rusiyadan atılan dronların Danimarka və Norvec səmasında göründüyü də bildirilir.

Yaşanan bu hadisələr fonunda bir müddət NATO-da çaşqınlıq hökm sürdü. Hətta ilk dövrdə Trampın özü də prosesə ciddi reaksiya vermədi. Lakin artıq iki gündür ki, Tramp Rusiyaya qarşı kəskin mövqe sərgiləyir. İlk olaraq o, Ukraynanın Avropa ölkələrinin dəstəyilə ərazilərini azad etmək, hətta kənar yerlərə nəzarət etmək gücündə olduğunu bəyan etdi. İndi isə bildirir ki, NATO səmasına daxil olan rus təyyarələri vurulacaq.

Aydındır ki, Rusiya təyyarələrinin NATO tərəfindən vurulması tərəflər arasında savaşın başlaması ilə nəticələnə bilər.

Görəsən, Rusiya belə vəziyyətdə geri addım ataraq, təxribatlara son verəcək, yoxsa proses III Dünya Müharibəsinə doğru gedəcək?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə düşünür ki, Trampın sərt açıqlaması fonunda Putin geri addım atmalı olacaq:

“Trampın bu açıqlamasından sonra Rusiya NATO ölkələrinə qarşı son zamanlar həyata keçirdiyi təxribatları birmənalı olaraq dayandırmalı olacaq”.

Rusiya bu təxribatla ABŞ-ın reaksiyasını yoxlamaq istəyib.

Politoloq qeyd edir ki, Vaşinqtonun icazəsi olmadan NATO-nun digər üzvləri Moskva ilə qarşıdurmadan çəkinirlər:

“Rusiya əslində bu təxribatlara getməklə NATO-nun əsas hərbi güc mərkəzi olan ABŞ-ın prosesə münasibətinin necə olacağını yoxlamaq istəyib. Məlum məsələdir ki, Amerikanın fitvası olmadan NATO-nun digər üzvləri Rusiya ilə hər hansı bir qarşıdurmaya gedə bilməzlər. Kreml bu hərəkətilə yoxlayırdı ki, görsün görək Tramp Rusiya təyyarələrini vurmaq əmri verəcək, ya yox. Trampdan belə bir göstərişin gəlməsi fonunda isə Rusiya təxribatları dayandıracaq”.

Amma ekspertin fikrincə, bu heç də Rusiyanın qorxaraq geri çəkilməsi anlamına gəlməməlidir:

“Bu bir siyasətdir. Belə təxribatlara getməklə əslində bir-birinin dözüm, cəsarət, qətiyyət həddini yoxlayırlar”.


MANŞET XƏBƏRLƏRİ