Ermənistanda 2026-cı ilin iyun ayında keçiriləcək parlament seçkiləri yaxınlaşdıqca, siyasi vəziyyətin gərginləşməsi müşahidə olunur.
Ona görə də seçkilərin Nikol Paşinyan hakimiyyəti üçün asan keçməyəcəyi görünür. Artıq Ermənistanda siyasi proseslərə hər zaman müdaxilə edən terrorçu qruplar da fəallaşıb.
Sentyabrın 23-ü gecə saatlarında İrəvan şosesinin Armavir rayonunun Merdzavan kəndi ərazisindən keçən hissəsində Şirabad (Parakar) icmasının meri Volodya Qriqoryan və Ararat şəhər polis idarəsinin cinayət axtarış şöbəsinin əməkdaşı Karen Abramyan qətlə yetirilib. Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarkisyan maskalı və əlcəkli şəxsin üç nəfərə yaxınlaşaraq atəş açdığını, nəticədə iki nəfərin öldüyü, bir nəfərin yaralandığını deyib.
Bu hadisədə diqqəti çəkən məqam VolodyaQriqoryanın özü ilə bağlıdır. Qeyd edək ki, bu il martın 30-da Ermənistanda yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilərdə Nikol Paşinyanın liderlik etdiyi "Vətəndaş Müqaviləsi" Partiyası Şirabadda və Gümrüdə məğlub olmuşdu.
Müxalif “Vəhdət” blokunun namizədi VolodyaQriqoryanın qələbəsini yerli sakinlər atəşfəşanlıqla qeyd etmişdilər. Hətta hakim partiyanın Şirabadda məğlubiyyəti VolodyaQriqoryanın tamamilə yeni siyasi fiqur kimi parlament seçkilərində Paşinyana alternativ olacağına dair rəylərin yaranmasına səbəb olmuşdu. Yəni Qriqoryan Paşinyanı məğlub edə biləcək yeni lider hesab edilirdi.
Ona görə də VolodyaQriqoryanın qətlə yetirilməsi çox güman ki, siyasi təxribat məqsədi daşıyır və Ermənistanda qarşıdurma yaratmağa hesablanıb. Sözügedən qətlin törədilməsində Paşinyanın hakimiyyətdən getməsində maraqlı olan xarici qüvvələrin əlinin olması ehtimalı daha çoxdur.
Bu baxımdan, diqqətlər əsasən Rusiyanın üzərinə yönəlir. Kreml Paşinyanı hakimiyyətdən salmaq üçün kilsəyə və rusiyalı milyarder SamvelKarapetyana açıq dəstək verir. Hətta seçkilər öncəsi Ermənistanda belə silahlı terror aktlarının sayının artacağı istisna edilmir. Görünür, Paşinyanın hakimiyyətinə son qoymaq istəyən xarici mərkəzlər Ermənistanda vətəndaş müharibəsi və siyasi xaos yaratmağı əsas taktiki vasitələrdən biri kimi nəzərdən keçirir.
İyul ayında Rusiyadan dəstək alan kilsənin və revanşist müxalifətin Paşinyanı silahlı yolla devirmək cəhdinin qarşısı alınsa da, indi bu plan yenidən işə düşüb. VolodyaQriqoryandan sonra əhali arasında tərəfdarları olan başqa bir müxalifət fəalına qarşı da sui-qəsdin həyata keçirilməsi mümkündür. Nəticə etibarı ilə bütün bunlar hakimiyyətə qarşı silahlı mübarizəyə şərait yaratmaq niyyəti güdür.
Təbii ki, Nikol Paşinyan bunları bilir və mer vəzifəsi tutan müxalifət nümayəndəsinin öldürülməsi onun marağında deyil. Əksinə, Şirabad bölgəsində 60 faizə yaxın elektorata malik Qriqoryanın qətli Paşinyan üçün ciddi problemlər yarada bilər. Artıq daxili işlər naziri ArpineSarkisyanın istefa vermək istədiyi barədə məlumatlar var.
Belə hadisələrin təkrarlanması Paşinyanın hakimiyyətinin siyasi dayaqlarının laxlamasına gətirib çıxara bilər. Bu arada, Moskvaya səfər edən Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə görüşdə ikitərəfli münasibətlərdəki fikir ayrılıqlarına son qoyacağına ümid edir.
Paşinyana seçkilərdə Rusiyanın təzyiqlərini neytrallaşdırmaq üçün ortaq nöqtələr tapmaq və Kremlin Ermənistanda hakimiyyət dəyişikliyi planından əl çəkməsi lazımdır. Lakin Paşinyanın Rusiya səfəri öncəsi VolodyaQriqoryanınöldürülməsi onun siyasi vəziyyətini ağırlaşdırır. Nikol Paşinyan Vladimir Putinlə apardığı danışıqlarda Ermənistanı Rusiyanın siyasi vassalı kimi deyil, bərabərhüquqlu strateji müttəfiqi kimi təqdim etməyə çalışır.
Hətta bir çox hallarda Ermənistan rəhbərliyi “müttəfiq” ifadəsini leksikondan çıxararaq, Rusiyaya “strateji tərəfdaş” deməklə kifayətlənir. Rusiya isə Ermənistanı Qərbyönlü kursdan özünün siyasi orbitinə qaytarmaqda israrlıdır. Ona görə də Moskvadakı danışıqlarda Putinin Paşinyan qarşısında konkret tələblər irəli sürəcəyi gözlənilir.
Rusiya-Ermənistan münasibətlərinin seçkilər öncəsi hansı istiqamətdə inkişaf etməsi Paşinyanın bu şərtləri qəbul edib-etməməsindən asılı olacaq. Rusiyanı narazı salan əsas məsələlərdən biri Zəngəzurdan “Tramp marşrutu”nunaçılmasına dair razılaşmanın imzalanması və ABŞ-nin iştirakı ilə Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanmasıdır. Rusiyanın hər iki prosesdən kənarda saxlanılması Moskvanın Cənubi Qafqazdakı geosiyasi təsirini azalda bilər.
Bu baxımdan, Rusiya Azərbaycanla sülh müqaviləsindən və kommunikasiyaların açılmasından imtina edəcək müxalifətin hakimiyyətə gəlməsində maraqlıdır. Paşinyanın isə Putinin şərtlərinə əməl edəcəyi inandırıcı görünmür. Bu səbəbdən Rusiya Ermənistan hakimiyyətinə qarşı bütün siyasi təsir vasitələrini işə salıb.
Sabiq prezident Serj Sarkisyanın liderlik etdiyi Ermənistan Respublika Partiyası parlamentdə Nikol Paşinyana qarşı etimadsızlıq səsverməsinin keçirilməsi məsələsini qaldırıb. “Şərəfim var” fraksiyasının təklifi əsasında parlamentə təqdim olunan impiçment layihəsində Uluxanlı (Masis) icmasının meri DavidAmbarsumyanın Baş nazirliyə namizədliyi irəli sürülüb. Ambarsumyan Nikol Paşinyanın Ermənistanın lideri postundan uzaqlaşdırılmalı olduğunu deyib.
Lakin impiçment təşəbbüsünün həyata keçəcəyi real görünmür. Çünki “Şərəfim var” fraksiyası DavidAmbarsumyanın namizədliyini iyun ayında da irəli sürmüşdü. Amma eks-prezident Robert Köçəryana bağlı “Ermənistan” fraksiyası ona dəstək vermədi.
“Şərəfim var” fraksiyasının isə cəmi 6 deputat yeri var. Ona görə də bu təklifin də reallaşması mümkün deyil. Sadəcə olaraq, Rusiya bütün vasitələrdən istifadə edərək Paşinyana təzyiq göstərməyə, hətta onu Ermənistanda siyasi xaos yaradacağı ilə təhdid etməyə çalışır. /Cebheinfo.az/