Kreml: “Türkiyə suveren dövlətdir, qərarlarını özü verir”


"Türkiyə Rusiya ilə hansı sahələrdə əməkdaşlıq edəcəyinə özü qərar verir".

Turkustan.az xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Türkiyə suveren dövlət olaraq Rusiya ilə hansı sahələrdə əməkdaşlıq edəcəyinə özü qərar verir.

Moskvada jurnalistlərə açıqlama verən Peskov aktual mövzularla bağlı fikirlərini bölüşüb. ABŞ Prezidenti Donald Trampın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündə Rusiyanın enerji resursları ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirən Peskov qeyd edib ki, “Türk axını” və “Mavi axın” təbii qaz kəmərləri tam gücü ilə fəaliyyət göstərir.

O, əlavə edib ki, Rusiya ilə Türkiyə arasında ticarət və iqtisadi əməkdaşlıq davam edir:

“Türkiyə suveren bir dövlətdir və Rusiya ilə hansı sahələrdə əməkdaşlıq edəcəyinə özü qərar verir. Əgər Türkiyə müəyyən mallarla bağlı ticarəti sərfəli hesab edərsə, bu istiqamətdə əməkdaşlığını davam etdirəcək.”

Bəzi NATO diplomatlarının Rusiya döyüş təyyarələrinin hava məkanını pozduqları halda vurulması ilə bağlı iddialara da münasibət bildirən Peskov bu ittihamların əsassız olduğunu deyib.

“Biz döyüş təyyarələrimizin uçuşlarını beynəlxalq qaydalara tam uyğun şəkildə həyata keçirdiyimizi israrla bildiririk. İndiyə qədər bu iddiaları sübut edən inandırıcı heç bir dəlil təqdim olunmayıb.”

Ukrayna Prezidenti Vladimir Zelenskinin “Rusiya müharibəyə son qoymasa, Kreml rəsmiləri ən yaxın sığınacağın harada olduğunu bilməlidirlər” fikrinə cavab verən Peskov isə belə deyib:

“Zelenski sadəcə sponsorlarına ‘yaxşı əsgər’ kimi görünməyə çalışır. Amma cəbhədəki real vəziyyət bunun əksini göstərir. Ukraynanın həm mövqeyi, həm də ümumi vəziyyəti gündən-günə pisləşir.”

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ