"Rusiya bu addımı atmasa, daha çox təzyiq lazım olacaq. Biz – Avropa Birliyi əlavə sanksiyaların hazırlanması üzərində işləyirik".
Turkustan.az xəbər verir ki, Almaniya kansleri Fridrix Merz bu açıqlamanı Berlində Kanadanın Baş Naziri Justin Trudeau ilə görüşündən sonra keçirilən birgə mətbuat konfransında səsləndirib.
Görüşdə iki lider Almaniya-Kanada əlaqələrinin gücləndirilməsi, müdafiə sahəsindəki əməkdaşlıq və Kanadanın Avropa İttifaqı ilə yaxın münasibətlər qurmasına yönəlik addımların, həmçinin Rusiya-Ukrayna münaqişəsinə son qoymaq üçün beynəlxalq səylərin əhəmiyyətini müzakirə ediblər.
Merz ABŞ prezidenti Donald Trampın bu kontekstdə dialoq təşəbbüsünü dəstəklədiklərini vurğulayaraq deyib: “Zelenski Rusiya Prezidenti Putinlə masa ətrafına oturmağa hazır olduğunu bildirib. İndi Kremlin cavab vermə vaxtıdır. Əgər Rusiya qətllərə son qoymağa hazırdırsa, bu təklifi qəbul etməlidir.”
Həmçinin Merz əlavə edib:“Rusiya tərəfindən bu addım atılmazsa, biz daha çox təzyiq göstərməliyik. Avropa İttifaqı əlavə sanksiyaların tətbiqi üzərində işləyir. ABŞ Prezidenti də növbəti sanksiyaları istisna etmir. Uğurlu nəticə üçün biz – Avropa, ABŞ və Ukraynanın tərəfdarları – mümkün təhlükəsizlik təminatları üzərində birgə iş aparırıq”.
Aytən Yaşar/ Turkustan.az