Dünyanın gözü bu gün Alyaskada ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putinin 6 ildən sonra ilk dəfə görüşəcəkləri tarixi zirvədə olacaq.
Turkustan.az xəbər verir ki, görüş Azərbaycan vaxtı ilə saat 21:30 radələrində başlayacaq. Əvvəl iki lider arasında yalnız tərcüməçilərin iştirak edəcəyi görüş olacaq, sonra heyətlərarası görüşə keçiləcək. Rusiya nümayəndə heyətinə xarici işlər naziri Sergey Lavrov, müdafiə naziri Andrey Belousov, maliyyə naziri Anton Siluanov, Rusiya Suveren Sərvət Fondunun sədri Kirill Dmitriev və Putinin xarici siyasət üzrə müşaviri Yuri Uşakov daxildir.
Tramp və Putin 2018-ci ildə Helsinkidə birgə mətbuat konfransında olduqları kimi, bu görüşdən sonra da kameralar qarşısına keçəcəklər.
İki lider arasında əsas müzakirə mövzusu, şübhəsiz ki, Rusiya-Ukrayna müharibəsi olacaq. ABŞ prezidenti Tramp son açıqlamasında Rusiya lideri Putinin Ukraynadakı müharibə ilə bağlı razılığa gəlməyə hazır olduğuna inandığını bildirib. Tramp Alyaska görüşünün müvəffəqiyyət şansının 75% olduğunu və iqtisadi sanksiyalar təhlükəsinin Putini müharibəni bitirməyə daha çox həvəsləndirdiyini irəli sürdü.
Tramp cümə günü keçirilən görüşdə Putinin ondan üstün olmasına icazə verməyəcəyini təkid edib və jurnalistlərə deyib: "Mən prezidentəm və o, mənimlə qarışmayacaq. İlk iki dəqiqə, üç dəqiqə, dörd dəqiqə və ya beş dəqiqə ərzində biləcəyəm... yaxşı və ya pis görüş keçirəcəyik".
Aytən Yaşar/ Turkustan.az