Rusiya 80 ilik ssenarini işə salacaq – Böyük müharibənin bir addımlığında


Rusiya hakimiyyəti 2030-cu ilə qədər NATO ilə ehtimal olunan münaqişəyə hazırlaşmaq məqsədilə rekord həcmdə – 1,1 trilyon dollar dəyərində yenidən hərbi silahlanma proqramı planlaşdırır. Bu addım Qərblə gərginliyin artdığı bir vaxtda Moskvanın uzunmüddətli strateji niyyətlərini ortaya qoyur. Ekspertlərin fikrincə, Ukrayna kəşfiyyatının yaydığı məlumat beynəlxalq təhlükəsizlik gündəmini ciddi şəkildə dəyişə bilər.

Rusiya rəhbərliyinin belə bir hərbi planı reallaşdırması mümkün görünürmü? Bu, NATO ilə münasibətlərdə gərginliyin daha da dərinləşməsinə səbəb ola bilərmi?

Globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev deyib ki, Rusiyanın addımları onun aqressiyasının artdığını göstərir və uzunmüddətli bir planın qurulduğunu işarə edir:

“Kreml NATO-nun gələcəkdə ona təhlükə yarada biləcəyini düşünür. Bu məsələnin iki əsas tərəfi var. Birincisi, Moskva mümkün risklərlə bağlı narahatdır, yəni xüsusilə Baltikyanı ölkələrdə və Polşada Alyansın mövqelərinin gücləndiyini görür. ABŞ-ın bu ölkələrdəki texniki bazaları inkişaf etdirməyi Rusiyanı silahlanmağa təhrik edir. Bununla belə, Qərb kəşfiyyatları Kremlin Şərqi Avropa və Baltikyanı ölkələrinə hücum hazırlığı barədə məlumat yayıb. Əgər Rusiya Ukraynanın işğalını tamamlasa, növbəti hədəfi bu ölkələr ola bilər”.

zeynal serh

Zeynal Əmrəliyev

Politoloq qeyd edib ki, Rusiya öz təhlükəsizliyini təmin etmək üçün Ukrayna ilə sərhəd olan Şərqi Avropa ölkələrinə, xüsusilə Polşaya müdaxilə etməyə çalışacaq:

“Çünki NATO-nun bu bölgədə güclənməsi Rusiyanın gələcəkdəki mövcudluğuna təhlükə yarada bilər. Bu yanaşma Sovet İttifaqı dövründə həyata keçirilən siyasətlə oxşarlıq təşkil edir. İkinci Dünya müharibəsindən, SSRİ Almaniyanı məğlub etdikdən sonra Şərqi Avropa ölkələrini tabe etdi. Həmin dövrün təcrübələrinə əsaslanaraq, Rusiya da Şərqi Avropanı nəzarət altına almağa çalışacaq. Şərqi Avropa ölkələri də bu təhdidi hiss edərək öz təhlükəsizliklərini qorumağa çalışır”.


MANŞET XƏBƏRLƏRİ