Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin Kalininqradla bağlı sərt açıqlaması diqqət çəkib. O bildirib ki, NATO-nun bu regionla bağlı planları Rusiyaya məlumdur və hərbi müdaxilə olacağı təqdirdə, Kreml bütün qüvvələrini səfərbər edəcək.
NATO-nun Kalininqradla bağlı mümkün planları nələr ola bilər? Niyə məhz bu şəhər?
Globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev deyib ki, NATO uzun müddətdir Kalininqrad istiqamətində mövqelərini gücləndirir və bu, Rusiyada ciddi narahatlıqlara səbəb olur:
“Kalininqrad Polşa ilə Litva arasında yerləşir. Bu günə qədər Rusiya həmin ölkələr vasitəsilə bölgə ilə əlaqəsini təmin edirdi. 2022-ci ildə Litva Kalininqrad ərazisinə bəzi malların göndərilməsinə məhdudiyyətlər tətbiq etdi. Bu da faktiki olaraq Kalininqradın blokadaya alınmasına səbəb oldu. Hazırda bura NATO üzvü olan Polşa və Baltikyanı ölkələrin blokadası altında olan bir regiondur. Bu vəziyyət Moskva üçün ciddi narahatlıq doğurur. Digər tərəfdən, NATO və Rusiya arasındakı gərginlik kəskinləşəndən sonra Alyans Kalininqraddakı mövqelərini gücləndirməyə başladı”.
Zeynal Əmrəliyev
Politoloq qeyd edib ki, Rusiya Kalininqradda nüvə başlıqları yerləşdirə bilər:
“Çünki uzun müddətdir Moskvada bununla bağlı müzakirələr aparılır. Hazırkı vəziyyətdə gələcəkdə Kalininqradın daha da hərbiləşdirilməsi, elektron müharibə avadanlıqları ilə təmin edilməsi, nüvə başlıqlarının yerləşdirilməsi, hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsi və taktiki silahların, o cümlədən “İskəndər M” raket qurğularının və digər oxşar silahların sayının artırılması gözlənilir. Bu da regionun hərbi baxımdan strateji əhəmiyyət kəsb etməsinə səbəb olacaq. Eyni zamanda, NATO Kalininqrad ətrafında hərbi mövqeyini möhkəmləndirə bilər. Bura Rusiya və Alyans arasında yaranacaq toqquşmaların ən güclü şəkildə baş verə biləcəyi regiondur. Ehtimal edilir ki, məhz Kalininqrad ətrafındakı hadisələr gərginliyin artmasına və mümkün qarşıdurmanın başlanğıcına səbəb ola bilər”.