Bu gecə qürur yerimiz “Qarabağ” ciddi sınaq qarşısındadır. Azərbaycan futbolu növbəti imtahanını verəcək. Çempionlar Liqasının Liqa Mərhələsinin sonuncu turunda rəqib ingilis nəhəngi “Liverpul”dur. “Enfild” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 00:00-da başlanacaq.
Qeyd edək ki, ingilis nəhənginin ilk hədəfi 8-liyə düşməkdir.
Hazırda aktivində 15 xalı var. 36 klub arasında 4-cü sıradadır. Qalib gələrsə, hədəfinə çatmış olacaq. “Qarabağ”ın isə 10 xalı var, 18-ci sıradadır. Bir xal “Köhlən atlar”ın 24-lük hədəfini tam reallaşdıracaq. “Liverpul” haqqında danışmağa dəyməz. Hər kəsin yaxından tanıdığı bir komandadır. Bu klub Çempionlar Liqasının canlı simvollarından biridir və altıqat Avropa çempionudur. Oyun öncəsi Ağdam təmsilçisi üçün ümidverici situasiya yaranıb. Belə ki, rəqib bir sıra itkilərlə üz-üzə qalıb. “Standard” nəşri yazıb ki, “Qarabağ”la oyun öncəsi “Liverpul”un heyətində 5 itki var (Qol.az.) Bildirilib ki, “Liverpul” ötən həftəsonu daha bir zədə zərbəsi alıb. “Bornmut”la Premyer Liqa oyununda (2:3) qapıçı Alissonla toqquşmadan sonra Co Qomez zədələnərək meydanı tərk etməyə məcbur olub.

Baş məşqçi Arne Slot mərkəz müdafiəçisinin “Qarabağ”la oyunda iştirakı ilə bağlı dəqiq proqnoz verməyib:
“Conun iki və ya üç günə məşqlərə qayıdıb-qayıtmayacağını bilmirəm, bunu demək mənim üçün çətindir. Amma bu gün davam edə bilməyəcəyi aydın idi”. İbrahima Konate atasının vəfatı səbəbindən hələ də komandadan kənarda qaldığı üçün Slot bu oyun üçün cəmi bir əsas mərkəz müdafiəçisinə sahibdir – komandanın kapitanı Vircil van Deyk. Bu, Slot üçün müəyyən müsbət məqam sayılsa da, çərşənbə günü keçiriləcək oyunda müdafiə xəttində məcburi dəyişikliklər qaçılmaz görünür. Belə ki, Covanni Leoni və Konor Bredli də zədəlidir. Federiko Kyezanın da durumu sual altındadır. Onun “Bornmut”la oyunda iştirakı “50/50” şans kimi dəyərləndirilsə də, matçın iştirak ərizəsinə salınmamışdı. Oyunda iştirak edəcək heyətlər matça bir saat qalmış açıqlanacaq. “Qarabağ” üçün sevindirici hal odur ki, ciddi itkiləri yoxdur. Yalnız Kadi Borgesin yoxluğunu hiss edəcək ki, ona da zatən öyrəşib. Bakıda son “Ayntraxt” zəfərində də o yox idi...
Futbol mütəxəssisi Kənan Məstəliyev Musavat.com-a bildirib ki, “Liverpul"un müdafiəsində ciddi problemlər var:
“Mərkəzdə sağlam bir dənə Van Dayk qalıb. Kerkez və Frimponqun cinahlardakı performansı da əla deyil. Əsas problem müdafiədə cinahlarla ortanın əlaqəsizliyidir. Oyun ərzində dəfələrlə bu iki mövqe arasında geniş məsafələr yaranır, dayaqdakı Qravenberq və Makallister də lazımi dəstəyi vermədiyi üçün rəqiblər yetərincə şans əldə edirlər. Bu, bir dəfəlik yox, artıq sistematik hal alıb. Mütəxəssislər Slotun həll etməyə məcbur olduğu ilkin məsələ kimi bunu qeyd edirlər. "Liverpul"un hücum potensialı kağız üzərində ideala yaxın olsa da, yaşıl meydanda reallıqdan uzaqdır. Salah, Ekitike, İsak, Kyeza, Nqumoa, Qakpo, Virtz kimi ulduzlar oynasalar da məhsuldarlıqları çox aşağıdır. Xüsusilə Məhəmməd Salah ciddi tənqidlərə məruz qalır”.

Onun fikrincə, komandanın bir qədər orta xətti güvənli sayıla bilər:
“Burada daha yaxşı oynayır, nəticəyə təsir edəcək addımları məhz burada atırlar. Həm pressinqin altından çıxır, həm də qolaqədərki prosesi sürətlə həyata keçirirlər. "Liverpul"un problemləri var, amma bu, daxili yarışda daha çox özünü büruzə verir. Sanki Avropaya başqa, daha motivasiyalı və istəkli "Liverpul" çıxır. Fransada fırtına kimi əsən “Marsel”i səfərdə təkqapı keçən mersisaydlılar hər matça ayrı köklənmə ilə çıxdıqlarını göstərirlər. Bəlkə də bu ənənədəndir. Bizə qarşı da motivasiyalı olacaq, qalib gəlib ilk 8-likdəki yerlərini möhkəmləndirmək istəyəcəklər. "Qarabağ" isə rəqibdən qorxmur, üstəlik də müdafiə futbolunu oynaya bilmir, bunu istəmir. Daha çox hücumda olan, pressinqlə şans qazanmağa çalışan təmsilçimiz birdəfəlik geriyə çəkilə bilməz. Ona görə də biz qarşılıqlı hücumlar şəraitində keçən, müdafiədə səhvlərin çox olacağı, ancaq çox maraqlı bir qarşılaşma izləyəcəyik. Kim daha az boşluq versə, o da üstün olacaq. "Qarabağ" öz oyununu oynamalı, nə hücuma, nə də müdafiəyə aludə olmamalı, maksimum təmkin göstərməlidir. İnanıram ki, mübarizəni sona qədər apara bilsək, istədiyimiz nəticəni əldə edə biləcəyik. "Qarabağ" möcüzəyə qadir komandadır, bunu dəfələrlə sübut edib”.