ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilər həftəsonuna qədər Venesuela sahillərinə çatacaq.
Turkustan.az Qətərin "Əl-Cəzirə" telekanalına istinadən bildirir ki, əməliyyat narkotik qaçaqmalçılığına qarşı genişmiqyaslı mübarizə çərçivəsində həyata keçirilir.
Ağ Evin mətbuat katibi Karolin Levitt məsələ ilə bağlı açıqlamasında deyib:
“Prezident Tramp dəfələrlə vurğulayıb ki, ölkəmizə narkotik axınını dayandırmaq və məsul şəxsləri ədalət qarşısında cavab verməyə məcbur etmək üçün ABŞ bütün imkanlarından istifadə edəcək.”
Məlumata görə, əməliyyat həm də ABŞ Administrasiyasının Venesuela Prezidenti Nikolas Maduroya qarşı artan təzyiqlərinin fonunda baş tutur. Vaşinqton Maduronu narkotik alveri ilə bağlı cinayətlərdə ittiham edir.
Öz növbəsində Nikolas Maduro ABŞ-dən gələn təhdidlərə cavab olaraq Boliviya Milli Milislərinin səfərbər edildiyini açıqlayıb. Onun sözlərinə görə, milislərin üzvlərinin sayı 4,5 milyondan çoxdur və onlar ölkədə sabitliyi qorumağa hazırdır.
Xatırladaq ki, avqustun 19-da Pentaqondakı mənbələr ABŞ Hərbi Dəniz Qüvvələrinə aid üç esminesin Karib dənizinin cənubuna doğru irəlilədiyini bildirmişdi. Bu gəmilər kəşfiyyat və müşahidə missiyalarında iştirak edəcək, lazım gəldikdə dəqiq zərbələr endirə biləcək. Göyərtədə təxminən 4 500 hərbçi var. /bakupost.az/