Məlim olduğu kimi iyulun 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Bakıda səfərdə olan xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanı qəbul edib.
Görüşdə Prezident İlham Əliyev Azərbaycanın İrandakı səfirliyinə qarşı həyata keçirilmiş terror aktına diqqət çəkərək, bu hadisədə müqəssir olan şəxslərin layiqli cəzasını alacaqlarına ümidvar olduğunu bildirib.
Milli Məclisin deputatı Aqil Məmmədov məsələ ilə bağlı Turkustan.az-a açıqlamasında qeyd edib ki, iki qonşu ölkə arasında yaranmış diplomatik böhrana səbəb olan məlum terror aktı uzun müddət davam edən anti-Azərbaycan siyasətinin pik nöqtəsi idi: “44 günlük müharibədən sonra işğaldan azad edilmiş bölgəyə səfər edərkən Prezident İlham Əliyev Xudafərin körpüsünü İranla dostluq körpüsü adlandırmışdı. Təəssüf ki, İran bu mesajı düzgün qiymətləndirə bilmədi, 30 ildə gizli və məkrli şəkildə həyata keçirdiyi siyasətini açıq-aşkar yürütməyə, işğalçı Ermənistanın tərəfini tutmağa, Azərbaycanın bütün təşəbbüslərinə qarşı çıxış etməyə başladı. Azərbaycan səfirliyinə qarşı məlum terror aktı da bu siyasətin tərkib hissəsidir”.
Millət vəkilinin sözlərinə görə, Azərbaycan tərəfinin bu mövzuda İrandan tələbi və gözləntisi yerindədir: “Əgər İran iki ölkə arasında münasibətlərin normallaşmasını istəyirsə, cənab Prezidentin səsləndirdiyi məsələyə həssaslıq göstərməli, qısa zamanda, istintaqda nəticəyə nail olmalıdır. Bundan başqa, regionda yeni reallıqları qəbul etməli, kommunikasiyaların açılmasına və şaxələnməsinə maneə törətməməlidir. Eyni zamanda, Azərbaycan daxilində təxribat əməllərinə birdəfəlik son qoymalıdır”.