Azərbaycanda yeniləşmiş səhiyyə ilə ilk tanışlığım bir telefon zəngiylə başladı.
2 il əvvəl qızından başqa kimsəsi olmayan bir qadın əməliyyat üçün yardım istədi. Jurnalist olduğumdan yeganə imdadına çata biləcək şəxs kimi məndən həyatını xilas etməyi xahiş edirdi. İlk ağlıma gələn səhiyyədəki dostlar oldu, kimdən xahiş edə bilərəm?
Asan məsələ deyildi, məsuliyyəti, üstəlik maddi yükü vardı... Daha doğrusu, ənənəvi olaraq bu əməliyyatın neçəyə başa gələcəyi o ana-qız qədər məni də düşündürürdü. Yeganə ümid səhiyyədəki dostlara “ağız açmaq” idi, yaxşı həkim, yaxşı xəstəxana, nisbətən ucuz əməliyyat və təbii ki, ən əsası insan həyatı...
Azərbaycandakı yeni səhiyyə sistemi, TƏBİB-lə, İcbari Tibbi Sığorta ilə yaxından ilk tanışlığım belə başladı.
17 illik əziyyətə son qoyan bir gün
Cəmi bir gün sonra həmin o xəstə xəstəxana palatasından zəng edərək “Azərbaycanda olduğuma inanmıram, bir gündə analizlərimi etdilər, sabah səhər saat 11-də əməliyyat olunacağam” deyəndə “vətəndaş məmnuniyyəti” deyilən o nəsnəni o qadının səsində hiss etdim. Ardınca özüm şahidi oldum, əməliyyat ərəfəsində, əməliyyat zamanı və sonrasında hamımızın “Semaşko” kimi tanıdığı 1 saylı Şəhər Klinik Xəstəxanasında tibb personaldan bir nəfər belə “xəstənin adamını” axtarmadı.
Cəmi iki dəfə əməliyyatı edən həkimlə öz təşəbbüsümlə telefonla əlaqə saxladım, “hər şey yaxıdır, narahatlığa ehityac yoxdur” deyildi. Cəmi 3 gün sonra qadını xəstəxanadan evə göndərdilər və düz 17 il-adamsızlıqdan, pulsuzluqdan, çarəsizlikdən əziyyət çəkən o qadın kimə duaçı olacağını bilməyərək şaşırmış vəziyyətdə indi də qarşılaşdığı hər yeni adama başına gələn “o hadisədən” danışır...
Xəstəxana qeydiyyatdan başlayır...
Bundan sonra bir neçə dəfə müxtəlif səbəblərdən xəstəxanaya yolum düşdü, icbari tibbi sığortadan yararlanmaq istəyənlərin çoxluğundan növbəmi gözləməyə zamanım çatmadığımdan geri qayıtdığım da oldu, həkim qəbulu, analizə, USM, rentgen, hətta göndərişlə MRT aparatından keçdiyim zamanlar da. Hər dəfəsində xəstəxanada qeydiyaytdan tutmuş həkim otağının qarşısına qədər uzun növbələr də gördüm, eyni sırada növbədə dayana bilməyib acığını qeydiyyatçı xanımlardan çıxanlara da şahid oldum, hətta bir dəfəsində 35 dəqiqə qeydiyyatçı xanımın “həkim qəbulu üçün çek verilməsi” prosesini başa çatdıra bilməyib əlinin əsməsini də izlədim, həkimin “bu gün limitim dolub” deyib çıxıb getdiyinə etiraz etdim.
Amma heç birində bunu problem etmədim, çünki xəstənin yox, “xəstənin adamının” axtarıldığı zamanları bu günümüzdən bütün bunları problem edəcək qədər uzaq keçmiş ayırmır... M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Klinik Xəstəxanasında stasionar müalicə alan bir yaxınım “Sənə nə bişirək gətirək?” sualına “Bu mövsümdə balığı ilk dəfə bu xəstəxanada yemişəm” deyəndə “xəstənin adamı”nın axtarılmadığı sistemi qurmağın əslində nə qədər çətin olduğunu bir daha anladım.
Bir sistemin iki problemi
İcrası uzun illərdir gözlənilən icbari tibbi sığorta sisteminin tətbiqi təbii ki, vətəndaşı razı saldığı qədər “xəstənin adamını” axtarmağa adət etmiş kəsimi narazı salacaqdı. Eyni zamanda həm vətəndaşa yüksək keyfiyyətli xidmət göstərib, həm də bu xidmətin tərəflərindən biri olan həkimlərin həyat səviyyəsini bu peşəyə, verdikləri əməyə və göstərdikləri xidmətə uyğun olaraq yüksəltmək üçün tədbirlər həyata keçirmək asan deyil. Bu prosesi qaydasına salmaq, həkimlərin ən yüksək həyat standartına malik kateqoriyalardan birinə çevrilməsi üçün illər tələb olunacaq. Həkimin gözünün xəstənin cibindən çəkildiyi proses artıq başlayıb və nəticələri də var.
Məlumdur ki, səhiyyə sektorunun inkişafı və əhaliyə keyfiyyətli tibb xidmətin göstərilməsi iki əsas təməl üstündə dayanır- maddi-texniki baza və ixtisaslı kadr. Məhz bu iki səbəb bölgələrdən pasientlərin Bakıya, Bakıdakı pasientləri isə yaxın xaricə (İran, Türkiyə) üz tutmasına əsas səbəb olub.
20 ilin uğuru
Son 20 ildə ölkəmizdə 750 tibb müəssisəsi tikilib və yaxud yenidən qurulub. Təkcə bölgələrdə 22 yeni xəstəxana, 15 diaqnostika müalicə mərkəzi inşa edilib, 28 mərkəzi rayon xəstəxanası əsaslı təmir olunub. Təkcə bölgələrdə 70 müasir tibb ocağı istifadəyə verilib. Eyni zamanda, bütün ölkə üzrə yaradılan müasir tibb ocaqlarının maddi-texniki bazası da kifayət qədər yüksək səviyyədədir - onların hamısında dünyanın ən qabaqcıl şirkətlərinin istehsalı olan yüksək səviyyəli avadanlıqlar quraşdırılıb ki, bu da müxtəlif xəstəliklərin erkən mərhələdə müəyyənləşdirilməsinə və səmərəli şəkildə müalicəsinə imkan verir.
Azərbaycanın xəstəxana fondu hər hansı xoşagəlməz hadisələrə hazır olub və bu, özünü pandemiya dönəmində göstərib. Həmin dövrdə modul tipli 13 xəstəxana quraşdırılıb. COVID-19 pandemiyasında peyvənd tətbiq edən ilk ölkələr sırasında Azərbaycan da olub. 4 milyon doz vaksin sifariş edilib və Azərbaycana gətirilməsi təmin edilib. Bu, o dövr idi ki, bəzi inkişaf etmiş ölkələr az qala bütün vaksin ehtiyatını toplayır, ölkələr üzrə bərabər paylanmasına imkan vermirdilər.
Məhz həmin dövrdə ölkə Prezidenti İlham Əliyevin qətiyyətli siyasəti Azərbaycan əhalisinin peyvənd təminatını həyata keçirməyə imkan verdi.
Ardınca Ümumdünya Səhiyyə Təşkilatı pandemiyaya qarşı mübarizədə "Azərbaycan modeli” haqqında danşmağa başladı. Nəticədə "Gallup” rəy sorğu şirkətinin apardığı təhlil-rəy sorğusuna əsasən, Azərbaycan vətəndaşlarının 86 faizi dövlətin pandemiyaya qarşı mübarizəsini yüksək qiymətləndirdi. Bu göstəriciyə görə Azərbaycan dünyada 4-cü yerə çıxdı.
2018-ci il 11 oktyabrında Quba Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak edən Prezidenti İlham Əliyev “Azərbaycanda bir dənə də şəhər qalmayacaq ki, orada ən müasir xəstəxana olmasın. Nəhayət, biz ölkəmizin səhiyyə sahəsinin maddi-texniki bazasının yaradılmasının tamamlanmasını görəcəyik. Bu, doğrudan da böyük hadisədir. Çünki bu gün ölkəmizdə göstərilən tibbi xidmətin səviyyəsi yüksəlir, imkanlar artır. Biz bu imkanlardan istifadə edib bu gün vətəndaşlara çox gözəl xidmət göstərə bilirik” deyəndə məhz bu günə hesablanmış addımlardan danışırdı.
Gündəmə bomba kimi düşən xəbər
Ancaq yeni xəstəxana binası, yeni avadanlıqlar, bahalı cihazlar, laboratoriyalar-bütün bunlar hamısı həkimsiz heç bir dərdə əlac olmayacaq. Yaxşı həkimə isə Azərbaycanda hələ qədimlərdən müqəddəs varlıq kimi baxırdılar. Ölkəmiz ixtisaslı kadrların azlığı problemi təkcə səhiyyə sahəsində özünü göstərmir, əksər sahələrdə bu problem var. Ancaq bəlkə başqa sahədə bu insan həyatına birbaşa təsir edəcək sviyyədə deyil, səhiyyədə isə həkimin kiçik bir diqqətsizliyi insan həyatı bahasına başa gələ bilər. Məhz bu amil həkimlərə, səhiyyə sahəsinə ictimai diqqəti daha da artırır. Başqa sözlə, həkimlər hər kəsin gözü önündədir və onların kiçik bir səhvi də böyük icitmai qalmaqal yarada bilir.
“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) tabeliyindəki tibb müəssisələrində kadr çatışmazlığının aradan qaldırılması məqsədi ilə Avropa İttifaqı ölkələri, ABŞ və Türkiyə Cümhuriyyətində təhsil almış həkim-mütəxəssislərin tibb müəssisələrində işə cəlb olunur. Proqram çərçivəsində hər il üzrə prioritet ərazilərdəki tibb müəssisələrinin hər birinə 10 nəfərdən çox olmamaqla, ümumilikdə 100 nəfər həkim-mütəxəssisin (cərrahi və radioloji profilli ixtisaslar üzrə 60 nəfər, terapevtik və pediatrik profilli ixtisaslar üzrə isə 40 nəfər olmaqla) cəlb edilməsi nəzərdə tutulurdu.
Bütün bu proseslər həyata keçirilərkən bir xəbər gündəmə bomba kimi düşdü.
Məlum oldu ki, 12 il Almaniyada yaşayıb, orda fəaliyyət göstərən həkim Nicat İbrahimov 20 min avro maaşdan imtina edərək Vətənə qayıdıb və fəaliyytini TƏBİB-in tabeliyindəki Şirvan Şəhər Mərkəzi Xəstəxanasında davam etdirməyə başlayıb. Xəbəri ilk eşidən bir çoxları üçün cümlədəki 20 min avro hissəsi daha maraqlı və təəccüblü görünürdü. Təbii ki, bu qədər maaşdan imtinanın təkcə Hippokrat andına sadıqlik nümunəsi hesab etməyənlər az deyildi. Həkim özü isə Almaniyadakı işini, yüksək maaşını və komfort şəraitini ataraq Azərbaycana, üstəlik də bölgəyə gəlməsinə belə haqq qazandırdı:
“Hər kəsin öz düşüncəsi var. Bu ele bir şeydir ki, bir insanın qərarı hamı tərəfindən müsbət qarşılana bilməz. İnsan hər hansı qərarı verərkən xoşbəxt olduğu halda, bu qərar digərlər insanlar tərəfindən doğru qəbul olunmur. Hər bir insanın doğruları var ki, buna görə də onu ittiham etmək düzgün deyil. Belə olan halda yaxşı olar ki, empati duyğusundan istifadə edək.
İnsan xoşbəxt olduğu yerdə olmalıdır. Hansı ki, mənim də xoşbəxt olacağım yer vətənimdir. Biz əlimizdən gəldiyi qədər öz vətəndaşlarımıza dəstək olmağa çalışmalıyıq. Bunun da dövlət tərəfindən həkimlərə olan dəstəyi İcbari Tibbi Sığortanın olmasıdır. Bunun vasitəsilə biz vətəndaşlarımıza pulsuz şəkildə xidmət göstərə bilərik”.
Hippokrat andı Azərbaycan həkiminə nə qazandırır?
Amma bu fakt həm də onu müzakirəyə çıxartdı ki, Azərbaycanda da peşəkar həkimin əksəriyyət üçün fantastik görünən məbləği qazanması mümkündür. Üstəlik xəstənin cibinə göz dikmədən...
Rəsmi məlumata görə, TƏBİB-in tabeliyindəki tibb müəssisələrində icbari tibbi sığortanın tətbiqindən əvvəlki dövrlə müqayisədə minimum vəzifə maaşı alan ixtisaslı həkimlərin aylıq vəzifə maaşına 800 manat məbləğində sabit həvəsləndirici əlavələr tətbiq olunmaqla əməkhaqqı 2019-cu illə müqayisədə orta hesabla 3 dəfə artıb.
TƏBİB-in Strateji təhlil və inkişaf departamentinin Strategiya və layihələr şöbəsinin müdiri Fəqan Həsənzadənin mətbuat üçün açıqlamasından aydın olur ki, bu artım ölkə üzrə əhalinin orta aylıq maaşından 1,5 dəfə yüksəkdir:
“Avropada bu rəqəm orta aylıq əməkhaqqına nisbətlə 2-3 dəfədir. TƏBİB-in hədəfi bu rəqəmi 2 dəfəyə qədər çatdırmaqdır”.
Kliniki Tibbi Mərkəzin direktoru Könül Ələkbərovun 2023-cü ilin oktyabrında yerli mətbuata müsahibəsindən isə aydın oldu ki, mərkəzdə 3 mindən başlayaraq 12, 15, 18 min manat maaş alan həkimlər var:
“Keçən ay qəbul edilmiş baza zərfində xidmət göstərilən tariflər də dəyişdi, təxminən, 30-35% artım var. Bu da həkimlərin bonuslarının artmasına eyni həcmdə təsir göstərəcək.Həkimlər bəzən əməkhaqqının aşağı olmasından narazılıqlarını bildirirlər. Lakin yenə də bildirmək istəyirəm ki, burada sağlam rəqabət var. Daha çox işləyən həkimlər daha yaxşı maaş alırlar”.
O da vurğulanır ki, ölkəmizdə icbari tibbi sığortanın tətbiqindən əvvəl həkim-ümumi cərrahın aldığı ən aşağı vəzifə maaşı 394 manat, ən yuxarı vəzifə maaşı 440 manat olub. Son dövrlərdə isə minimum vəzifə maaşı alan həkimin əməkhaqqı orta hesabla 36 faiz, maksimum vəzifə maaşı alan həkimin əməkhaqqı orta hesabla 50 dəfə artıb.
Hazırda dövlət tibb müəssisələrində aylıq maksimum 28 000 manat bonus alan həkim-ürək-damar cərrahı, 12 000 manat bonus alan həkim-mama-ginekoloq, 8000 manat bonus alan həkim-travmatoloq, 7500 manat bonus alan həkim-ümumi cərrah və 2000 manat bonus alan həkim-kardioloq var. Bu məbləğ ay ərzində icra edilən əməliyyatın sayı və xüsusiyyətinə görə dəyişir.
Yəni Azərbaycan həkimi də işinə layiq qazana və adına layiq yaşaya bilər. Yetər ki, içdiyi Hippokrat andına sadiq olub, Azərbaycan dövlətinin yaratdığı şəraitdə Azərbaycan vətəndaşının sağlamlığı üçün məsuliyyət yükünü bölüşsün...
Yazı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB), Medianın İnkişafı Agentliyi və Azərbaycan Mətbuat Şurasının “Bir ömür xidmətinizdə...” mövzusundakı birgə müsabiqəsinə təqdim edilir. /Cebhe.info/