Azərbaycanda xəstəxanalar doludur? - RƏSMİ CAVAB


Son günlər ölkə üzrə qrip və digər kəskin respirator virus infeksiyalarının geniş yayılması cəmiyyətdə narahatlığa səbəb olub.

Bir çox hallarda vətəndaşlar əvvəlcə ev şəraitində, adi üsullarla müalicə olunmağa çalışsalar da, vəziyyət ağırlaşdıqdan sonra tibb müəssisələrinə müraciət etməli olurlar.

Qrip və digər respirator infeksiyaların artımı fonunda ölkə üzrə xəstəxanalarda stasionar müalicəyə cəlb olunan pasiyentlərin sayında hansı dəyişikliklərin baş verdiyi, həmçinin hazırda tibb müəssisələrində doluluq səviyyəsi cəmiyyət üçün xüsusi maraq doğurur.

Məsələ ilə bağlı “Cebheinfo.az”-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, inkişaf etmiş ölkələrdə xəstəlikləri müalicə etməkdən çox profilaktikasına diqqət ayrılır və əhalinin yüksək faiz göstəriciləri ilə vaksinasiyası təmin olunur:

“Bu səbəbdəndir ki, respirator infeksiyaların və qripin geniş yayılmasına baxmayaraq, onların gedişinə və proqnozuna əhəmiyyətli dərəcədə təsir edə bilən müalicə metodları mövcud deyil. Dünya praktikasında KRİ və qripin müalicəsində üstünlük əsasən simptomatik terapiyaya verilir.

Qeyd etmək istərdik ki, qrip və digər respirator xəstəliklər, əsasən, ambulator şəraitdə müalicə olunur. Xəstəliyə yoluxan şəxslər ilkin səhiyyə xidməti həkimləri tərəfindən müşahidə olunur və müalicələrini evdə davam etdirirlər.

Buna baxmayaraq, ağırlaşma halları olan zaman pasiyentlərin hospitalizasiyası üçün TƏBİB tabeliyində olan tibb müəssisələrinin Yoluxucu xəstəliklər şöbələri fəaliyyət göstərir və yetərli sayda çarpayı ehtiyatı mövcuddur”.


MANŞET XƏBƏRLƏRİ