Azərbaycanın istehsal etdiyi bu məhsul kəskin bahalaşacaq - Ölkəyə milyonlar gəlir


Amerikanın qlobal investisiya bankı və maliyyə xidmətləri şirkəti Morgan Stanley, OPEC+ ölkələrinin hasilatlarını azaltmaları və neft emalı zavodlarına edilən son dron hücumlarından sonra Rusiyanın neft hasilatının azalacağını əsas gətirərək, 2024-cü ilin üçüncü rübü üçün Brent markalı neftin qiyməti ilə bağlı proqnozunu bir barel üçün 10 dollar artıraraq 90 dollar/barelə qaldırıb.

Morgan Stanley ikinci və üçüncü rüblər üçün OPEC və Rusiya üçün tədarük proqnozunu gündəlik 0,2-0,3 milyon barel azaldıb.Bank 2024-cü ilin birinci rübü üçün Brent neftinin qiyməti üzrə proqnozunu 82,5 dollardan 85 dollara, ikinci rüb üçün proqnozunu 82,5 dollardan 87,5 dollara, dördüncü rüb üçün qiymətləri isə əvvəlki 80 dollardan 85 dollara qaldırıb. Bazar ertəsi Brent markalı neftin bir barelinin qiyməti 87 dolları görüb. Ukraynanın ilin əvvəlindən Rusiyanın neft infrastrukturuna hücumlarını artırması, Rusiyanın bir neçə iri neft emalı zavodunu vurması ilə qiymətlər dəstəklənib. Bəs görəsən proqnozlaşdırıldığı kimi yay aylarında neftin qiymətinin artımı gözlənilirmi?

Mövzu ilə bağlı Yenisabah.az-a danışan neft sahəsi üzrə ekspert İlham Şaban bildirib ki, sözügedən proqnozun baş verməsi real görünür:

“Bu proqnoz özünü doğrulda bilər. Çünki artıq ötən həftədən neftin 1 barreli dünya bazarında 85 dollardan yuxarı diapazona keçdi və bunu heç kim gözləmirdi. İndi baxsaq, ABŞ-ın investisiya bankları və o cümlədən, Beynəlxalq Enerji Agentliyi cari il üçün neftin proqnoz qiymətini artırıb. Orta qiymət 86 dollar ətrafında proqnozlaşdırılır. Ancaq ötən ilin sonundakı proqnoz 82-83 dollar idi. Qiymətin artmasında iki faktor əsas götürülür. Birinci faktor bu ilin yay mövsümünün şimal yarımkürəsində daha isti keçəcəyi ilə bağlıdır. Deməli enerjiyə olan tələbat artacaq. İkincisi birbaşa Rusiya faktoru ilə əlaqədardır. Artıq göründüyü kimi, Rusiyaya qarşı sanksiyaları daha da sərtləşdirirlər. Bu baxımdan Rusiyanın qlobal bazarlarda neft və neft məhsulu satmaq imkanları məhdudlaşır. İkinci bir tərəfdən mart ayının 12-dən başlayaraq Rusiyanın neftayrıma zavodlarına hücumlar olub. Onlardan 1-də tam, 2-də qismən neft emalı dayanıb. Bu o deməkdir ki, Rusiya emala göndərə bilmədiyi xam nefti qlobal bazara çıxarmalıdır. Qlobal bazarda isə Rusiyaya bariyerlər qoyulursa, demək bu imkanlar qalmır. Rusiyada neftin 90 faizi Sibirdə və Arktik bölgədə yerləşir. Bu ərazilərdə faktiki olaraq iyun ayına qədər qış davam edir. Belə olan şəraitdə bəzi quyular konservasiya olunur. Ancaq həmin quyuların yenidən həyata qaytarılması 3-4 ay çəkir. Bu isə bazarda real olaraq bazarda iftsit yaradacaq. Nəticə etibarı ilə qiymətlərin müəyyən bir period üçün 90 dollar həddini aşması da mümkündür”.

İqtisadçı-ekspert Asif İbrahimov qeyd edib ki, proqnozlaşdırılan bahalaşma o qədər də yüksək olmayacaq.

“Dünyada baş verən siyasi proseslərin fonunda neftin qiymətinin artımı gözləniləndir. Məlum olduğu kimi, bir çox ölkələr bir-birlərini təhdid edir və belə dünyada karbohidrat ehtiyatlarının qiymətlərinin bahalaşmasına gətirib çıxarır. Dünyada 2021-ci ildən bəri hərbi vəziyyət bəllidir və eyni formatda davam edir. Bununla bağlı mövcud faktlar əsasında neftlə bağlı bahalaşma ola bilər. Lakin çox bahalaşacağını düşünmürəm. Təbii ki, bu Azərbaycan neftinin qiymətinə də təsir edəcək”.


MANŞET XƏBƏRLƏRİ