“Solovyov tezisləri bu mənbədən alır” – Deputatdan SENSASİON AÇIQLAMA


Rusiyanın qalmaqallı jurnalisti və teleaparıcısı Vladimir Solovyovun efirlərdən Belqorod sakinlərini təhqir etməsindən sonra onun efirdən uzaqlaşdırılması tələb olunur.

Solovyov aparıcısı olduğu “Rossiya 1” telekanalında yayımlanan “Vladimir Solovyovla axşam” verilişində Belqorod şəhərinin atəşə tutulması ilə bağlı şikayətləri “iyrənc isteriya”, şəhərin müdafiəsiz qalması ilə bağlı danışan blogerleri isə “susun, ey məxluqlar” ifadəsi ilə təhqir edib.

Bundan əlavə, Vladimir Solovyov “Krokus Siti Holl”da baş verən terror hadisəsindən sonra “səhvən” terrorçulardan birinin Azərbaycan soyadını daşıdığını bildirib. O, hətta Azərbaycanın teraktda əli olması ehtimalını da irəli sürəcək qədər “ağ edib”.

Rusiyalı aparıcını efirdən uzaqlaşdırmaq üçün petisiyaya 1600 şəxs imza atıb.

Maraqlıdır, jurnalistika prinsiplərini çeynəyən Solovyova bu rahatlığı kim verib? Millət vəkili Fazil Mustafa mövzu ilə bağlı Bizim.Media-ya danışıb.

O bildirib ki, Solovyov müəyyən dərəcədə dövlətin hansısa funksiyasını yerinə yetirən şəxsdir:

“Televiziyada bu işi görür. Görünən odur ki, Rusiyanın xüsusi xidmət orqanları ilə əlaqəsi var. Bəzi hallarda özbaşınalıq da edə bilir. Rusiya və Azərbaycan münasibətləri normal olduğu üçün pozmağa cəhdlər göstərir. Bütövlükdə nəzarətdən kənar biri deyil. Bütün çıxışları da onu göstərir ki, hansısa mərkəzləşmiş bir mənbədən tezislər alır. Amma onun Azərbaycana olan nifrəti, ermənipərəst mövqeyi açıq-aşkar özünü büruzə verir. Elədiyi xidmətlərə görə buna çox da əhəmiyyət vermirlər.

Efirdən uzaqlaşdırmaq məsələsi qaldırılıbsa, bu, Rusiya mühitində insanların kirli mediadan xilas olmaq istəyindən qaynaqlanır. İnsan haqlarını, ayrı-ayrı dövlətləri təhqir edən bir şəxsin efirdən uzaqlaşdırılması daha faydalı olar”.


MANŞET XƏBƏRLƏRİ