Qəzza məsələsi Avropa ilə İsrail arasında getdikcə daha ciddi geopolitik gərginliyə səbəb olur. Son hadisələr göstərir ki, Qərb daxilində də bu prosesə münasibətlər fərqlənir. İtaliyanın Baş naziri Corcia Meloni İsrail hökumətinin Qəzza zolağındakı hərəkətlərini sərt tənqid edib. Onun sözlərinə görə, bu addım bölgədə humanitar vəziyyəti daha da ağırlaşdırır və hərbi eskalasiyanın genişlənməsinə səbəb olur.
Həmçinin Fransa və İspaniya da Qəzzada davam edən əməliyyatların dayandırılmasını tələb ediblər. Lakin belə bir yanaşmaya qarşı çıxan dövlətlər də var. Bu fonda Avropa ölkələrinin mövqeləri arasında parçalanma və ziddiyyətlər aydın görünür.
Globalinfo.az-a danışan politoloq Elçin Xalidbəyli deyib ki, İsrailin Qəzzada apardığı müharibənin ilk mərhələsi artıq yekunlaşıb:
“Bu mərhələnin sona çatması ilə İsrailə münasibətdə beynəlxalq mövqelər də dəyişməyə başlayıb.
İsrail, Qəzzada müəyyən hədəflərinə nail olsa da, bu zaman beynəlxalq hüquq normalarını və humanitar prinsipləri kobud şəkildə pozub. Ona görə də ikinci mərhələyə keçid zamanı ciddi etiraz dalğası ilə üzləşib. Hazırda İsraili açıq şəkildə dəstəkləyən yeganə ölkə ABŞ-dır. Lakin son vaxtlar Vaşinqton daxilində də tərəddüdlər müşahidə olunur. ABŞ ictimaiyyətində etirazlar artır və hətta bəzi məlumatlara görə, Prezident Donald Tramp administrasiyası daxilində də İsrailə münasibətdə narazılıqlar formalaşır.
Avropada isə narazılıqlar daha kəskindir. Fransa, Almaniya, Böyük Britaniya və İspaniya kimi dövlətlər Təl-Əvivin hərbi siyasətini sərt tənqid edir və qəbulolunmaz adlandırırlar. Bir vaxtlar bu məsələdə yalnız Türkiyə İsrailə qarşı çıxırmış kimi görünürdü. İndi isə bir çox ölkələr də etiraza qoşulub.
Hazırda proses iki dövlət prinsipinə əsaslanan həll yoluna doğru da irəliləyə bilər. Artıq Fransa, Böyük Britaniya, Almaniya və İspaniya Fələstin dövlətinin müstəqilliyini tanımağa hazır olduqlarını rəsmi şəkildə bəyan ediblər. Halbuki bir müddət əvvələ qədər Avropada İsrail əleyhinə keçirilən etiraz aksiyaları polis tərəfindən sərt şəkildə dağıdılırdı. İndi isə həmin ölkələrin rəsmi qurumları Fələstin dövlətinin tanınmasına dair açıq bəyanatlar verirlər”.
Elçin Xalidbəyli
Politoloqun sözlərinə görə, böyük ehtimalla bu prosesin həlledici mərhələsi sentyabr ayında – BMT Baş Assambleyasının iclasında olacaq:
“Fransa, Böyük Britaniya, Almaniya, İspaniya və digər Avropa ölkələri həmin toplantıda Fələstini müstəqil dövlət kimi tanımaq niyyətlərini xüsusi vurğulayırlar.
Hətta son vaxtlar Fransa Pezidenti Emmanuel Makron və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında məsələ ətrafında müzakirələr də intensivləşib. Bu, Paris və Ankaranın Fələstin məsələsində ortaq mövqedən çıxış etməsi ehtimalını gücləndirir.
Belə görünür ki, yaxın vaxtlarda beynəlxalq arenada yeni bir mərhələ başlanacaq və Fələstin dövlətinin rəsmi şəkildə tanınması prosesi gerçəkləşəcək”.