QHT “Şəhid ailələri və müharibə iştirakçılarına dəstək” adlı layihənin icrasına start verib


“QÜRUR” Şəhid Ailələri Xeyriyyə İctimai Birliyi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Şəhid ailələri və müharibə iştirakçılarına dəstək” adlı layihənin icrasına start verib.

QHT.az xəbər verir ki, məlum olduğu kimi, ölkəmizdə 2025-ci il “Konstitusiya və Suverenlik ili” elan edilib. Bu da şəhid ailələri üçün böyük əhəmiyyət kəsb edir. Çünki Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda Rəşadətli Ordumuzun döyüşçüləri və şəhidlərimiz misilsiz qəhrəmanlıq və şücaət göstərərək, bu dəyərləri qanları bahasına təmin ediblər.

Şəhid ailələrinin hüquqlarının qorunması və onların cəmiyyətdə layiqli yer tutmaları istiqamətində, Vətəndaş Cəmiyyəti olaraq birliyimiz bu layihəni həyata keçirməyə qərar vermişdir. Layihə çərçivəsində şəhid, qaçqın və köçkün ailələrinə, eləcə də müharibə iştirakçılarına dəstək göstərmək, onların sosial problemlərinin həlli ilə bağlı maarifləndirmə aparmaq və həyat şəraitlərinin yaxşılaşdırılması üçün təşəbbüslər reallaşdırılacaq.

Bu məqsədlə şəhid ailələri ilə görüşlər keçiriləcək, onların problemləri ilə daha yaxından tanış olunacaq. 44 günlük Vətən Müharibəsində əldə edilən Qələbədən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində bu istiqamətdə proses yeni mərhələyə qədəm qoyub. İşğaldan azad edilmiş ərazilərdə sürətli bərpa və quruculuq işləri aparılır. Artıq doğma yurd-yuvalarından didərgin düşmüş vətəndaşlarımızın öz evlərinə qayıdışı başlayıb.

Birliyimiz bu çərçivədə Laçın rayonuna - doğma yurdlarına dönmüş və dönməyə hazırlaşan şəhid ailələrinə dəstək göstərmək məqsədilə “Şəhid ailələri və müharibə iştirakçılarına dəstək” adlı layihəni həyata keçirməyə qərar vermişdir. Layihə çərçivəsində eyni adlı videoçarxın hazırlanması da nəzərdə tutulur.

Layihə 3 ay müddətində - 01.05.2025–31.07.2025 tarixlərini əhatə edəcək. Əsas məqsəd “Böyük Qayıdış” çərçivəsində Laçına qayıtmış və qayıtmağa hazırlaşan şəhid ailələri və müharibə iştirakçılarına dəstək olmaq, onların problemlərini ictimailəşdirmək və cəmiyyətə çatdırmaqdır.

İlk olaraq layihənin həyata keçirilməsi ilə əlaqədar işçi heyətlə müqavilələr bağlanacaq, banner sifariş ediləcək və digər hazırlıq işləri görüləcək. Daha sonra layihə rəhbəri və işçi heyəti ilə birlikdə Laçın və Bərdə rayonlarında yerləşən qaçqın və məcburi köçkün şəhərciklərinə ezam olunaraq şəhid ailələri və müharibə iştirakçıları ilə görüşlər keçiriləcək, onların həyat şəraiti ilə tanış olunacaq və müsahibələr götürüləcək. Bu materiallar əsasında “Şəhid ailələri və müharibə iştirakçılarına dəstək” adlı videoçarx hazırlanacaq.

Videoçarxda Laçın rayonunun qədim tarixi-mədəni abidələri, təbii gözəllikləri — şəfalı otları, bulaqları, meşələri, çayları, dağları — və hal-hazırda aparılan quruculuq-bərpa işləri də əks olunacaq. Eyni zamanda ermənilər tərəfindən məhv edilmiş mədəni-tarixi irsimiz haqqında da məlumat veriləcək.

Hazırlanmış videoçarxın Bakı şəhərində bir günlük təqdimatı keçiriləcək.


MANŞET XƏBƏRLƏRİ