İran İslam Respublikasının prezidenti Məsud Pezeşkian “Tehran Tayms”a eksklüziv müsahibəsində prezidentliyə qədərki həyat tərzindən və üzərinə düşən gərgin vəzifələrdən danışıb.
Turkustan.az-ın Modern.az-a istinadən məlumatına görə, Məsud Pezeşkian “Tehran Tayms”ın müxbiri ilə Azərbaycan səfərindən qayıdarkən təyyarədə söhbətləşib.
Pezeşkian idman vərdişlərindən tutmuş İranın xarici siyasətdəki mövqeyinə qədər bir çox mövzuda açıqlamalar verib.
Məlim olub ki, aprelin 28-də İran nümayəndə heyətilə Bakıya rəsmi səfər edən Pezeşkian əslində Azərbaycanda 2 gün qalmağı planlaşdırıb. Pprezidentin səfər proqramına birinci gün Bakıda, ikinci gün isə dahi şair Nizami Gəncəvinin məzarının yerləşdiyi Gəncə şəhərində olmaq daxil imiş. Lakin həmin ərəfədə İranın cənubundakı Bəndər Abbas limanında güclü yanğının baş verməsi və çoxsaylı insan tələfatı Məsud Pezeşkianın Gəncəyə getmək planını pozub və o, səfərini bir gün tez başa vurmağa məcbur olub.
İran prezidentinin “Tehran Tayms”la müsahibəsini təqdim edirik:
- Cənab prezident, siz adətən səhər saat neçədə işə başlayırsınız?
- Adətən saat 7-də.
- Bəs adətən saat neçəyə qədər işləyirsiniz?
- Vəziyyətdən asılıdır. Bəzən axşam saat 7-də, bəzən 6-da, bəzən 11-də evə dönürük. Zaman nə etdiyimizdən və məqsədimizdən asılı olaraq dəyişir. Məsələn, indi saat neçədir?
- Təxminən 11...
- Artıq 11-i keçdi belə. Saat 12-yə çatmayacağıq. Deməli, işimizin xarakterindən asılı olaraq evə dönüş saatları dəyişir. Amma bildiyimə görə biz 24 saatlıq sistem üzrə işləyirik.
- Eşitdiyimizə görə, prezident postuna gəlməzdən əvvəl idmanla, xüsusilə dağ gəzintiləri ilə maraqlanırmışsınız. İndi idman edə bilərsinizmi?
- Çox az. Həftədə bir dəfə futbol oynamağa və ya dağa çıxmağa çalışırıq, amma istədiyimiz kimi dağa çıxa bilmirik. Mənim üçün təhlükəsiz və tənha əraziləri seçirlər. Yəni bizim insanlarla rahat ünsiyyət qura bilmək imkanlarımız məhdudlaşır, “olmaz” deyirlər. Əlimizdən də bir şey gəlmir.
- Prezidentlik öncəsi ilə post-prezidentlik dövrü arasında fərq nədir?
- Hansı baxımdan? Mən hələ də eyni adamam. Heç bir fərq yoxdur.
- Amma məsuliyyətin ağırlığı baxımından...
- Təbii ki, iş yükü daha ağırdır. Hərdən deyirəm ki, əvvəl azad idik, indi əsir. Amma bu elə bir əsarətdir ki, xalqın problemlərinin həlli naminə dözürük. Xalqın dərdinə çarə olmaq istəyirik. Bu, bizə dözmək üçün ümid və güc verir. Əgər biz gənclərin, ictimaiyyətin üzünü güldürə bilsək, bu yol daha asan və dözümlü olar.
- İranın ali rəhbəri Ayətullah Xamenei ilə şəxsi münasibətiniz necədir?
- Biz həmişə səmimi olmuşuq. Və hər zaman dediklərimizə sadiq qalmışıq. İndi biz onun müəyyən etdiyi siyasət və istiqamət üzrə irəliləyirik. Onun cızdığı yolun tərsinə hərəkət etmirik.
- Bəzi Qərb mediası İranın ABŞ-la danışıqlara acizlik və qorxudan girdiyini iddia edir.
- Biz heç vaxt deməmişik ki, “danışıqlar aparmasaq, başımıza bəla gələcək”. Keçmişdə bəziləri belə deyirdi, amma biz ölkənin gələcəyini danışıqlara qoymadıq. Biz öz işimizlə məşğul oluruq. Təbii ki, danışıqlar aparsaq, mühiti sakitləşdirsək, münasibətləri yaxşılaşdırsaq, bu, əla olar. Amma danışıqlar nəticə verməsə, biz çıxılmaz vəziyyətə düşməyəcəyik. Yetər ki ki, biz ağıllı insanlarımızla birgə olaq.