Elşən Mirişli
Gəncə şəhəri, tarixçi
I Yazı
Azərbaycanda İstiqlal Savaşını başladan hadisə
1917-ci il qocaman rus imperatorluğunun son nəfəsi və Rusiya anarxiyasının müjdəçisidir.Bu il dünyanın ən müstəbid hökmdarı-rus çarı II Nikolay (1894-1917) taxtından endirilmiş və əzəməti ilə sağa-sola qılınc endirən Rusiya imperatorluğu (1721-1917) da süquta uğramışdır. Köhnə taxt-tacı təmsil edən və “Vremennoe pravitelstvo” adını daşıyan müvəqqəti rus hökuməti dağılmağa başlayan imperatorluğun min bir çeşidli millətləri üzərində öz hakimiyyətini qurmağa çalışırdı. Lakin ona tabe olan, nə də qulaq asan vardı. Çünki bu yeni hökumət yanında digər bir qeyri-rəsmi hökumət də vardı ki, bu da “ Sovdep” adını alan və rus inqilabındakı anarxizmi dərinləşdirən diqqətəlayiq bir hadisədir. Həmin bu sovdeplər cəbhələri başlı-başına buraxıb mənəviyyatları pozulmuş rus soldatlarını təşkil etməklə yayıldıqları hər yerdə öz əmrlərini yeritməyə çalışırdılar.Buna görə də əhali çox vaxt iki,bir-birinə zidd əmrlər qarşısında nə edəcəyini özü də bilmədən başını itirib qalmışdı. Artıq heç kəs heç kəsin sözünə qulaq asmırdı. Vəziyyətdən istifadə edən bolşeviklər fəaliyyətlərini genişləndirərək Rusiyanın bəzi böyük şəhərlərində yerləşirdilər.Beləcə anarxiya baş alıb getməkdə idi.Rus soldatları günün günorta çağı içki mağazalarını dağıdaraq küçələrdə sərxoş dolaşmaqda idilər və bolşevik agentlərinin təbliğatı nəticəsində günahsız zabitləri gördükləri yerdəcə öldürməklə yerinə yetirirdilər.
Yavaş-yavaş Qafqaz üzərində də qara buludlar görünməyə başladı. Günü- gündən evdən qorxulu məktublar gəlməkdə idi. Osmanlı İmperiyası cəbhəsini buraxıb qaçan rus və erməni soldatları zəngin Azərbaycan torpaqlarına doluşmağa və buraları əllərinə keçirməyə çalışırdılar.Bu vəziyyət qarşısında milli düşüncəli Azərbaycan türklərindən olan tələbələr də darülfünunlarını buraxaraq Rusiyanın hər tərəfindən ana vətənlərinə gəlirdilər.Bir çox hazırlıq işləri görənlər də bunlar idi. Rus və erməni soldatlar Osmanlı İmperatorluq ordusundan yedikləri zərbələrin intiqamını silahsız Azərbaycan türklərindən almağı düşünürdülər. Hər kəs kitabları ilə birlikdə yol çantasına bir-iki tüfəng də qoymuşdu. Çünki onlar artıq bu dəfə millətə elmləri ilə deyil, canları ilə lazım olduqlarını anlamışdılar.Bakıda da dərhal “Qafqaz müsəlmanları tələbələri komitəsi” toplandı və vaxt itirmədən fəaliyyətə başladı.Vəziyyət o qədər qorxulu idi ki, artıq dayanmaq zamanı deyildi. İlk toplanışın qərarı ilə hər tələbə öz şəhərinə gedib orada çalışmalı idi. O zaman qarşıda həllini gözləyən üç məsələ dayanırdı: Qafqaz müsəlmanları qurultayında iştirak, Nargin adasındakı Osmanlı türk əsirlərini qaçırmaq və hərbi təlim görməmiş Azərbaycan türklərindən əsgər toplamaq.Bunların ən asanı qurultaydı. Qafqazın hər tərəfindən gələn nümayəndələr “İsmailiyyə”nin böyük salonunu doldurmuşdular.
Qafqaz müsəlmanlarının qurultayında 1917-ci ilin aprel ayının 15-20-də eyni mövqedən çıxış etmiş Türk Ədəmi-Mərkəziyyət və Müsəlman Demokrat Müsavat Partiyası 1917-ci il 17 iyun tarixində vahid ad Türk Ədəmi–Mərkəziyyət Firqəsi “Müsavat” adı altında birləşdi. Daha sonralar vahid partiya qısaca “Müsavat “ adlandırıldı.
Vahid partiyanın Bakı və Gəncə bürolarını əhatə edən 8 nəfərdən ibarət Mərkəzi Komitəsi yaradıldı.Bakı bürosuna Məmməd Əmin Rəsulzadə, Məmmədhəsən Hacinski, Musa Rəfiyev, Mustafa Vəkilov, Gəncə bürosuna isə Nəsib bəy Yusifbəyli, Həsən Ağayev, Şəfi bəy Rüstəmbəyli və Mirzə Məhəmməd Axundov seçildilər.
Bu qurultayda ən sevincli və unudulmaz bir hərəkət Şeyxülislam Axund Məhəmməd Əli oğlu Pişnamazzadə və Müfti Mirzə Hüseyn Qayıbzadənin çıxışı idi.Onlar birlikdə kürsüyə çıxaraq birlikdə nitq söylədilər və ikisi də əskidən bəri türk millətinə minlərlə bəla gətirən məzhəbçiliyin sona çatdığını anlatdılar və qucaqlaşıb öpüşdülər.
Qurultay ikinci məsələnin də həllinə mane olmadı. Osmanlı əsirlərinə yardım edən gizli cəmiyyət sırf tələbələrin deyildi. Cəmiyyətdə yalnız bir neçə nəfər tələbə var idi.Yüksək təbəqədən olan ailələrin xanımların da bu işə böyük mənfəətləri toxunurdu. Onlar yeməklə bərabər türk əsirlərə bəzi silah və elektrik cib lampaları da daşımaqda idilər.
Gecə yarısı Nargin adası sahillərində pusquda duran gizli təşkilatın qayıqları lampa işarələri ilə adaya yaxınlaşaraq heç kəsi duyuq salmadan bir neçə əsiri qaçıra bildi.Bir gün 16 zabit qaçırıldı. Zığ burnunda bağlanan qayığı gecə dalğalar qoparıb dənizə aparmışdı. Gündüz rus dənizçiləri bu qayığı qəzaya uğramış hesab etmiş və bu səbəbdən də rus qəzetləri sevinclə belə bir xəbər çap etmişdilər:”Bu gecə Nargin adasından 16 Osmanlı İmperatorluq ordusu zabiti qaçmaq istəmiş, lakin fırtınanın şiddətindən qayıqları çevrilmiş və onların hamısı həlak olmuşlar. Qayıq Nargin adası sahillərində aşkara çıxarılmışdır”.Halbuki həmin vaxtlarda qaçırılmış zabitlər “Cəmiyyəti-xeyriyyə” (İsmailiyyə) binasında istirahətdə idilər. Deməli qaçanların izini Xəzər dənizi yumuşdur. Azərbaycan türklərinin ən böyük dərdi isə silahsızlıq və əsgərliklə bağlı idi. Halbuki gündən-günə yurdumuzu təhlükə sarmaqda idi.
Cəbhədən çəkilən və türklük əleyhinə təhrik edilən ağılsız, sərxoş rus soldatları keçdikləri dəmiryol boyunca Azərbaycan türk kəndlərinə atəş açaraq əhalini öldürməkdə və soymaqda idilər. Hər tərəfdə bu məsələ ilə bağlı böyük hazırlıqlar başladı. Hər kəs varını-yoxunu slaha verməyə başladı və el birliyi ilə bu işə girişildi. Hacı Zeynalabdin kimi zənginlərdən para toplandı və İsmailiyyənin bir guşəsində gurultusuz könüllü əsgərlərin qeydiyyatına başlandı. İlk həftədə 50-60 könüllü yazıldı.
Təşkilatın başında süvari mayoru İsgəndərbəyli dayanırdı. Könüllülülərin içərisində dağıstanlı qardaşlarımızdan da kifayət qədər var idi.Bakının Çəmbərəkənd məhəlləsində bir məktəb binasından təcili olaraq qışla düzəldildi və dərhal əsgəri təlimlər başladı. Ancaq könüllülər silahsız idi. Qışla tapıldıqdan sonra 20-30 yeni əsgər də cəlb edildi. Onların arasında milyonçu Hacı Zeynalabdinin oğlu Məhəmməd də var idi.Bu gənc tələbə millət və istiqlal yolunda özünü qurban etməyə könüllülərin önündə and içdi. Əsgər toplamaq çətin iş deyildi. Könüllü yazılaraq öz millətinə xidmət etmək arzusunda olanlar çox idi. Ancaq silah,eyni zamanda zabit yoxluğu böyük nöqsanlardan biri idi.Zabit məsələsini həll etmək üçün polkovnik Tabasaranskinin rəhbərlyi altında Çəmbərəkənddə bir hərbi məktəb quruldu və Rusiyadan gələn tələbələrin bir çoxu oraya yazıldı: Girişilən bu ciddi hazırlıq işləri Bakıda olan Sovdepin heç də xoşuna gəlmirdi. Eyni zamanda ermənilərin də rus soldatları arasında bizə qarşı apardıqları şiddətli təbliğat aramızdakı gərginliyi bir qat daha artırırdı. Nəhayət, göz önündən çəkilməyə qərar verildi. Ən uyğun yer kimi Lənkəran şəhəri seçildi. Və günlərin bir günü axşama yaxın Lənkəran 80 nəfərə qədər nizamlı əsgər kütləsinə sahib oldu. İlk dəfə olaraq Lənkəran əhalisi sevinclə, göz yaşları içərisində öz milli əsgərlərini salamlayırdı.
Özünü qüvvətli, daha doğrusu silahlı göstərə bilmək üçün 12-13 nəfər silahlını ön sırada qoymuşdular. Minlərcə əhalinin istiqlalçıları sarması, gurultulu türk əsgəri şərqiləri, nizami yürüş, zabitlərin parlaq qılıncları və əhalinin ardı-arası kəsilməyən alqışları həqiqi rəsmi keçidi andırmaqda idi.
Göndərilən 80 nəfərin çoxunun silahsız olduğunu kimsə başa düşmədi. Lakin vaxt itirmədən silahlanmağımız lazım idi.Bu isə Lənkəranın iki qışlasında oturan və hər qışlada yüzdən artıq olan rus soldatlarının silahlarını almaq, qışlaları ələ keçirmək hesabına mümkün idi.
Aparılan kəşfiyyat nəticəsində bu qışlalarda çoxlu tüfəng və pulemyot olduğu öyrənilmişdi.Bu isə çox mühüm idi, çünki Bakıdan silah əldə etmək ümidini artıq itirmişdik. Ermənilər bizdən daha əvvəl dəmir yol stansiyanı ələ keçirərək buradan keçən rus əsgərlərini qarşılayır və onların silahlarını satın alırdılar. Çox təəssüf ki, o zaman ermənilərdə olan qüvvətli milli təşkilatlar bizdə yox idi.
Çox az bir zamanda bu işdə də müvəffəq olduq, Lənkəranın qaranlıq, yağmurlu, palçıqlı gecələrindən birində əvvəlcə bələdlənmiş yollarla gizli hucuma keçildi.Bir damla qan axıdılmadan Lənkərana göndərilən dəstənin əlinə qışlalar keçdilər.Təslim olan rus soldatlarına heç bir şey edilmədi.Yalnız silahları alınıb buraxıldı. Qışlalarla birlikdə Bakıdan göndərilən 80 nəfərn əlinə 200-dən çox tüfəng, saysız güllə, 11 pulemyot, yük arabaları,bir neçə əsgəri mətbəx, 40-a qədər minik atı keçdi. Artıq vaxt itirilmədən bu silahlarla müvafiq əsgər toplanmağa başladı. Süvari və pulemyot bölükləri yaradıldı. Topçu zabiti milli əsgəri qüvvələrimizdə vardısa da, yalnız top yox idi. Onu da gözləmədiyimiz yerdən yeni yaranan milli ordu hissələrimizə yetirdi.Bir gün yeni yaranan hərbi birliyimizə Lənkəranlılardan sevincli xəbər gəldi. Astara dəniz limanında ruslar sərhəddən çıxardıqları topları gəmilərə yükləyərək Bakı Sovdepinə (Sovetinə) göndərmək niyyətində idilər. Dərhal Hərbi Şuramız toplandı və topların ələ keçirilməsi qərara alındı.Bu qərarın icrasını topçu yüzbaşısı mənşəcə polyak olan mərhum Kaçmaryevski öz üzərinə götürdü və dərhal on iki nəfər seçmə əsgərlə Astaraya yollandı. Dan yeri işıqlananda Astaraya çatmışdı.Gəmi yola düşməyə hazırlaşırdı.Vəziyyəti yerindəcə qiymətləndirən Kaçmaryevski dərhal gəmini ələ keçirmiş və onun Lənkərana istiqamət almasını əmr etmişdi. Əsgərlərinin bir hissəsi ilə Lənkərana xəbər göndərmiş, özü isə bir neçə əsgərlə gəmidə qalmışdı. Əlində bomba tutaraq ruslara “Gəminin yolunun dəyişdiyini bilsəm, son bombanı top mərmilərinin üstünə atacağam, canına qıyan varsa, ortaya çıxsın”- demişdi.Beləliklə, Kaçmaryevskinin top bölüyü də quruldu. Hərbi Şura sədri İsgəndərbəylinin Təşkilatı ad qazandıqdan sonra təəssüf ki, sıralarına bir qisim şıq geyimli,faqət fitnə-fəsadlı gənclər də yol tapmağa başladılar.Bakı milyonçularının oğulları quru yerdə, atlarının yəhərini başlarının altına qoyub, paltarlarına bürünüb yatdıqları halda bu yeni gəlmə gənclər özləri ilə ipək yorğan-döşəklərini də gətirirdilər.Bunların şıq geyinmələri, inqilab içərisində olan Bakıya tez-tez gedib-gəlmələri,düşmən gözünə görünmələri hər iki tərəfdə də çox pis təsirlər buraxırdı. Hərbi Şuranın üzvü Hacı Zeynalabdin Tağıyevin oğlu Məhəmmədin vaxtsız ölümü fəlakətlərimizin başlanğıcı oldu. Hərbi Şuranın üzvü Mirəziz Seyidli Bakıdakı dəfn mərasimində iştirak etməklə görəvləndirildi.Cənazə Lənkərandan Bakıya gətirildi. Cənazə mərasimində zabitlərimizdən leytenant Əsədullazadə ilə 18 əsgərimiz vardı.Bu azlıq belə ruslar arasında çox böyük həyacan doğurdu. Onlar kinlərindən başlarını itirmişdilər və “tez bir zamanda bu vəhşilərdən belə nizami əsgərlər?”-deyə heyrətlərini gizlədə bilmirdilər.Bu hal dişlərinə qədər silahlanmış rusları, bolşevik rus soldatlarını bərk düşüncəyə saldı. Qara buludlar zavallı vətənimizin üzərini aldı. Hamımıza bəlli olan və təsfilatını bildiyimiz qara mart günləri gəldi. Silahsız Azərbaycan türklərinə bu kütləyə,bir neçə zabit və 18 əsgərə qarşı hərbi təlim görmüş ən müasir bolşevik alayları savaşa və soyqırıma başladılar.
Səngərləri birinci gecədən buraxıb gedənlər yenə də o şıq geyimli gənclər oldular.Nizam görməmiş əhalidə daha çox cəsarət və dözüm olduğu bu qanlı günlərdə anlaşıldı. Eyni zamanda Azərbaycanın Muğan çölündə qara yara olan rus kəndləri də rus ordusu ilə birləşərək Lənkərandakı əsgərlərimizə hücum etdilər. Gəncə tərəfdən yardıma gələnlər savaşa gəlib çata bilmədilər. Aramız kəsilmişdi. Axşama qədər çəkən qeyri-bərabər savaşdan sonra qalan qəhrəman əsgərlərimiz Qacar Dövləti sərhəddini keçmək məcburiyyətində qaldılar və min bir bəladan sonra dağınıq bir halda Qacar Dövlətinin Gilan vilayətinə getdilər. Gilandakı Rəşt-Ənzəli yolu ilə Bakıya, rus bolşevik ordularına yardıma gedən rus qüvvələrinin yolunu kəsməyə çalışdılar.
Beləcə, Azərbaycanın istiqlalı uğrunda çalışmanın qanlı səhnəsinin birinci pərdəsi Lənkəran hadisələri ilə bitdi.Bundan sonra fəaliyyət Gəncə tərəfinə keçmişdi və bir neçə ay sonra Azərbaycanın istiqlal ulduzu burada-Gəncədə doğdu.
1918-ci il Mart soyqırımı
Çar ordusuna mənsub olan Osmanlı cəbhəsində savaşan rus və erməni əsgərlərindən ibarət otuz-qırx min qədər əsgər öz evlərinə qayıtmaq üçün Bakıya gəlmişdilər.Təyyarəçilər çaxnaşma törətdiklərinə görə bu ordudan qaçan əsgərlər məmləkətlərinə gedə bilmədilər və Bakıda toplanıb qaldılar.Onlar da bunun acısını Bakı əhalisindən çıxarmağa qalxışdılar. Bu sürətlə Şaumyanın başçılıq etdiyi Bakı Kommunası ordusu soyqırım törədərək Bakıda Azərbaycan türklərini və müsəlmanları qırdı.Bu qırğına “bolşevik-müsavat firqə mübarizəsi” adı verildi və qətl edilənlərin malları yağmalanıb yandırıldı. Martın 31-də başlayan bu qırğın üç gün davam elədi. “İsmailiyyə” deyilən böyük və gözəl milli saray yandırıldı. “Təzə pir” və sair camelər də bombardman edildi. Şəhidlərin miqdarı 20 minə qədər təxmin ediməkdədir. Qətllərdən qurtulanlar ətraf kəndlərə və dağlara çəkildilər. Azərbaycanın istiqlalı yolunda ilk qurbanlar burada verildi.
Ardı var